Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sosial təminat haqqında Azərbaycan-Bolqarıstan müzakirələri

16.10.17, 12:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizə səfərə gəlmiş Bolqarıstanın əmək və sosial siyasət nazirinin müavini Lazar Lazarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Səfərdə məqsəd “Azərbaycan hökuməti ilə Bolqarıstan hökuməti arasında sosial təminat haqqında Saziş” layihəsinin müzakirə olunmasıdır.
Görüşdə nazir Səlim Müslümov Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli əlaqələrin getdikcə genişləndiyini vurğulayıb: “Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizə səfərə gəlmiş Bolqarıstan prezidenti cənab Rumen Radevlə birgə mətbuata bəyanatlarla çıxış edərkən qeyd etdiyi kimi, “Bolqarıstan və Azərbaycan dost, tərəfdaş ölkələrdir və bizim tərəfdaşlığımızın çox böyük əhəmiyyəti var. İki il bundan əvvəl biz strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzaladıq və əslində, bu bəyannamənin adı özlüyündə bir göstəricidir. Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar”.
Nazir Azərbaycan prezidentinin uğurlu sosial-iqtisadi islahatlar proqramının ölkədə iqtisadi şaxələndirməyə əsaslanan makroiqtisadi inkişafla bərabər, beynəlxalq standartlara uyğun müasir sosial müdafiə modelinin formalaşmasına imkan yaratdığını bildirib: “Əhalinin sabit artım tempinin müşahidə edildiyi Azərbaycanda mövcud sosial müdafiə sistemi əhatəliliyi ilə səciyyəvidir. Sosial cəhətdən həssas qruplarla bağlı yeni sosial təminat növləri formalaşmaqla yanaşı, əhalinin bu təbəqələrinə yönələn aktiv əmək bazarı proqramları da getdikcə genişlənir. Azərbaycanda səmərəli struktura və yeni çağırışlara cavab vermək potensialına, geniş əhatəliliyə malik olan, yoxsul sayıla biləcək əhalinin 90,1%-ni əhatə edən sosial müdafiə sistemi fəaliyyət göstərir. Hazırda sosial müdafiə siyasətində əsas istiqamət - həmin ailələrin aktiv formada dəstəklənməsinə, onların yoxsulluqdan kiçik ailə biznesinə çıxışa nail olmalarına, bunun üçün özünüməşğulluq proqramı ilə əhatə edilmələrinə yönəlib”.
Səlim Müslümov son illərdə yaradılmış əmək müqavilələrinin elektron qeydiyyatı sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi barədə ətraflı məlumat verib: “Eyni zamanda, 2006-cı ilin əvvəlindən ölkədə beynəlxalq standartlara cavab verən, tam elektron texnologiyalar üzərində qurulmuş, hər kəsin pensiyasının ödəmiş olduğu sığorta haqlarına, sistemə verdiyi paya uyğun müəyyənləşdirilməsi prinsipinə əsaslanan müasir sığorta-pensiya sistemi fəaliyyət göstərir. Cari ildə həyata keçirilən növbəti islahat tədbiri işləyən əhalinin sosial sığorta sistemində daha fəal iştirakını və bununla onların layiqli pensiyaya malik olmalarını, tam sığorta əsaslı pensiya təminatının formalaşmasını şərtləndirib. Ümumən sosial təminat sahəsində apardığımız islahatların nəticələri beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilib və mükafatlara layiq görülüb”.
Azərbaycanda əmək bazarının tənzimlənməsinə yönələn tədbirlərdən, yeni “İşsizlikdən sığorta haqqında” qanunun qəbulundan bəhs edən nazir bu tədbirlərin də əmək bazarı iştirakçılarının sosial hüquqlarının təminatı səviyyəsinin yüksəlməsinə şərait yaratdığını vurğulayıb: “Təbii ki, müvafiq sahələrdə aparılan islahatlarda beynəlxalq qurumlarla, ayrı-ayrı ölkələrlə, o cümlədən Bolqarıstanla əməkdaşlığa xüsusi önəm veririk. Ötən dövrdə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum”, eləcə də onun müddəalarının icrası məqsədi ilə iki nazirlik arasında 2012-2013-cü illər üçün Əməkdaşlıq Proqramı imzalanıb və həmin sənədlərə uyğun olaraq hər iki tərəfdən müvafiq işlər aparılıb. Son illərdə əlilliyi olan şəxslərin Bolqarıstanda müasir müalicə metodları əsasında ixtisaslaşmış bərpa müalicəsinin təşkil edilməsi sahəsində də əməkdaşlıq həyata keçirilib. Bununla belə, əmək və sosial müdafiə sistemlərinin yeni çağırışlar əsasında daim təkmilləşdirilməsi, bu sahələrdə yeni yanaşmalar, digər tərəfdən, hər iki tərəfin əlaqələri daha da genişləndirmək, bunun üçün daha əlverişli hüquqi müstəvi formalaşdırmaq səyləri yeni bir əməkdaşlıq sənədinin - “Azərbaycan hökuməti ilə Bolqarıstan hökuməti arasında sosial təminat haqqında Saziş”in layihəsinin hazırlanmasını şərtləndirib. Hesab edirəm ki, imzalanacaq Saziş əməkdaşlığımızın genişlənməsinə öz töhfəsini verəcək”.
Lazarov Azərbaycanla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirmək məramında olduqlarını vurğulayıb. Nazir müavini ölkəmizə səfər etmələrinin də həmin mərama xidmət etdiyini, bu səfərdən məmnun olduqlarını və Azərbaycanı daim inkişaf edən müasir bir ölkə kimi gördüklərini fikirlərinə əlavə edib. O, respublikamızda əmək və sosial müdafiə sisteminin mütərəqqi beynəlxalq təcrübələr əsasında inkişaf etdirilməsi üçün aparılan islahatları maraqla izlədiklərini və bu sahədə Azərbaycanla əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə gələcək əməkdaşlıq imkanları və “Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında sosial təminat haqqında Saziş” layihəsinə dair fikir mübadiləsi aparılıb. Görüş nümayəndə heyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından ibarət işçi qrup səviyyəsində layihədəki əməkdaşlıq istiqamətlərinin ətraflı müzakirəsi ilə davam edib.

Bu xəbər oxundu
- - -