Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiya Ermənistanı silahlandırır

17.10.17, 8:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İrəvana verilən rus silahları Bakıya yönəlib

Rusiyanın İrəvana 100 milyon dollar həcmində müdafiə krediti ayırmaqla bağlı qərar verməsi rəsmi Moskvanın ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində birtərəfli mövqe nümayiş etdirməsinin bir göstəricisidir. Qeyd edək ki, kredit 15 il müddətinə illik 3%-lə verilir. Onun istifadə müddəti 2018-2022-ci illər arasında olacaq.
Rusiya bundan öncə Ermənistana eyni qaydada 200 milyon dollarlıq hərbi kredit vermişdi.
Rusiyanın İrəvana 100 milyon dollar həcmində hərbi kredit verməsini şərh edən politoloq Rufiz Qonaqov deyib ki, Rusiya Ermənistana növbəti hərbi yardımı ayırmaqla beynəlxalq öhdəliklərini pozur.
Ekspert bildirib ki, Rusiya təcavüzkar Ermənistana birtərəfli qaydada həmişə belə yardımlar edib:“Bakı-Moskva münasibətlərinin çox yüksək səviyyədə inkişaf etdiyi bir vaxtda Rusiyanın Ermənistana 100 milyonluq hərbi yardım ayırması yolverilməz bir haldır. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir və Ermənistana növbəti hərbi yardımı ayırmaqla beynəlxalq öhdəliklərini pozur. Moskva münaqişə tərəfinin birinə hərtərəfli yardım göstərməklə birtərəflilik tələbinə əməl etmədiyini açıq-aydın göstərir. Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə zidddir. Rusiya bu addımla əslində Dağlıq Qarabağ münaqişəsinin həllində heç də bitərəf olmadığını, daha çox ermənilərin maraqlarına uyğun hərəkət etdiyini göstərmiş oldu. Düzdür, Azərbaycan da Rusiya və başqa ölkələrdən silah alır. Lakin Azərbaycan hansısa dövlətin ərazisini işğal etməyib və bu silahları özünü müdafiə məqsədilə alır. Ancaq Ermənistan işğalçı ölkədir və Rusiyadan sözügedən silahları almaq üçün heç bir iqtisadi imkana sahib deyil. Aydındır ki, İrəvanın aldığı bu silahlar ilk növbədə Azərbaycana yönəlib. Bu isə Cənubi Qafqaz və bütövlükdə təhlükəsizliyimiz üçün çox böyük təhdiddir. Faktiki olaraq Ermənistanın terrorçu bir ölkə olduğu dünyada sübut olunub. Bu baxımdan Rusiyanın terrorçu bir ölkəyə dayaq durması, hərbi dəstək verməsi onun bitərəf mövqeyinə birbaşa zərbədir”.
Millət vəkili Asim Mollazadənin fikrincə isə, Rusiya Ermənistana müdafiə krediti ayırmaqla əslində İrəvanı daha ağır borca sürükləmək və bu borcun müqabilində forpostunun iqtisadiyyatının hansısa bir parçasını özəlləşdirmək məqsədi güdür.
O vurğulayıb ki, Rusiya sözügedən silahları öz hərbi qüvvələrinə məhz Ermənistanın hesabına verir:
“Çünki Ermənistan ordusu artıq Rusiya Silahlı Qüvvələrinin tərkib hissəsidir. Rusiya dəfələrlə Ermənistana borc verib və bunun müqabilində də bu ölkənin iqtisadiyyatının ən böyük hissələrini - energetika, nəqliyyat sahələrini ələ keçirib. İndi də Rusiya Ermənistana 100 milyon dollar əlavə borc verir ki, buradakı silahlı qüvvələrini silahlandırsın və sonda da özəlləşdirmə planını həyata keçirsin. Ermənistan artıq Rusiyanın hərbi bazasıdır. Rusiya son addımı ilə dünyaya nümayiş etdirir ki, bu bölgədə hökmranlığı məhz ruslar etməlidir. Zənnimcə, bu məqama beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin nədən ibarət olduğu və problemin həll edilməməsində kimlərin maraqlı olduğu üzə çıxsın”.

Bu xəbər oxundu
- - -