Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Sarkisyan hər vəchlə Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonu saxlamaqda maraqlıdır”

19.10.17, 12:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tahir Kərimli: “Çünki, onlar Azərbaycan ordusunun hərbi əməliyyata başladığı zaman bundan istifadə edərək səs-küy yaratmaq istəyirlər”

Rövşən Rzayev: “Ermənistan prezidenti hər zaman olduğu kimi yalançı siyasətini davam etdirir”

Bəxtiyar Əliyev: “Rusiya işğalçını sülh danışıqlarını pozmağa həvəsləndirir”

Prezidentlərin Cenevrə görüşündən sonra Sərkisyanın məlum açıqlaması ekspertlər tərəfindən birmənalı olaraq danışıqların pozulmasına yönəlik addım kimi dəyərləndirildi. Daha bir maraqlı məqam isə Rusiyanın Ermənistana 100 milyonluq silah-sursat vrməsi fakrı idi. Ekspertlər düşünürlər ki, Rusiya həmsədr kimi öz üzərinə öhdəlik götürüb və bu addım prinspilərə ziddir, açıq-aşkar tərəf tutmaqdır və işğalçını dəstəkləməkdir.
Millət vəkili Tahir Kərimli deyib ki, Prezidentlərin Cenevrə görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatı oldu və orada görüşlərlə bağlı ümumi tendensiya- yəni tərəflərin danışıqları intensivləşdirməsi, iki tərəfli görüşlərin davam etdirilməsi məsələləri əks olunmuşdu: “Digər məsələlər isə açıqlanmadı. Çünki, diplomatik ənənəyə görə, danışıqlar konfidensial olur və eyni zamanda da görüşlərdə də müəyyən edilmiş məsələlərdən başqa heç bir məsələ açıqlanmır. Amma Ermənistan prezidenti hər zamankı kimi, danışıqların qaydasını pozaraq açıq şəkildə sayıqlamağa başladı”. Onun sözlərinə görə, Sarkisyanın yalan, razılaşdırılmayan, deyilməyən məsələlərlə bağlı sərsəm bəyanatlar verməsinin əsas məqsədi auditoriyasını sakitləşdirməkdir: “Halbuki birtərəfli qaydada belə bəyanat vermək diplomatik etikanın, davranışın pozulması deməkdir. Sarkisyan Ermənistan cəmiyyətini çaşdırmaq üçün guya danışıqlarda Dağlıq Qarabağın gələcək müstəqilliyi, onun Ermənistana birləşdirilməsi istiqamətində taktiki addımlar atdığını təlqin etmək istəyir”. T. Kərimli qeyd edib ki, Sarkisyan hər vəchlə Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonu saxlamaqda maraqlıdır: “Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də digər dövlət başçıları da dəfələrlə bildiriblər ki, münaqişənin həllində status-kvo saxlanıla bilməz. O, mütləq şəkildə dəyişdirilməlidir. Lakin Sarkisyan hər vəchlə bunu saxlamaqda maraqlıdır. Çünki, onlar Azərbaycan ordusunun hərbi əməliyyata başladığı zaman bundan istifadə edərək səs küy yaratmaq, böyük dövlətləri ölkəmizin üzərinə salaraq guya bizim sülhsevər olmadığımızı, məsələnin hərbi yolla həllinə üstünlük verdiyimizə inandırmaq istəyirlər. Sarkisyan yaxşı bilir ki, diplomatik əl, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bütün təşkilatlar, dövlətlər Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Belə olan halda, Azərbaycan istənilən vaxt öz torpaqlarında olan separatçıları uzaqlaşdıra, cəzalandıra və suverenliyini bərpa edə bilər”. Deputat həmçinin bildirib ki, düşmən ölkə prezidenti münaqişənin diplomatik yolla həllinin ona zərər vuracağını anlayır: “Sarkisyan danışıqlara təzyiqlər əsasında gəlmişdi və hər bir danışığın Azərbaycanın ərazi bütövlüyünün təmini ilə bitəcəyini bilən düşmən ölkə başçısı yenidən bu danışıqları pozmaq üçün yalan bəyanatlar verməyə başlayıb. Amma onu da qeyd edək ki, Sarkisyan bu cür yalanları tək başına deyil, ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlərə arxayın olduğu üçün səsləndirə bilir”.
Millət vəkili Elman Nəsirov deyib ki, Serj Sarkisyan hələ də öz ampluasından əl çəkmir. Onun sözlərinə görə, Sarkisyan görüşdə səsləndirdiyi fikirlərin tam əksinə addım atan və sözünün üstündə dayanmayan bir prezident kimi tanınır: "O, bir tərəfdən Azərbaycan Prezidenti ilə danışıqlarda sülh prosesində, gərginliyin aradan qaldırılmasında maraqlı olduğunu deyir, konstruktiv danışıqlardan söz açır, digər tərəfdən isə öz sözlərinin əksinə hərəkət edir. O, hələ də 1988-ci illərin ab-havasındadır. Sarkisyan bilir ki, Dağlıq Qarabağ Azərbaycanın əbədi və tarixi ərazisidir, ayrılmaz hissəsidir. Amma o, qeyri-konstruktiv mövqeyini qoruyub saxlamaq istəyir. Ermənistanda qarşıdan prezident seçkiləri gəlir. Sarkisyan bilir ki, Dağlıq Qarabağ problemi onun gələcək karyerasında mühüm rol oynayır. Ona görə də o, bu cür sərsəm bəyanatlar verməkdə davam edir".
Deputat Rövşən Rzayev diqqətə çatdırıb ki, sülh danışıqları prosesi çox vacibdir: “Bu, Azərbaycanın marağındadır. Çünki, Azərbaycan münaqişənin həllini yalnız sülh yolu ilə görür”. R.Rzayev bildirib ki, Ermənistan prezidenti hər zaman olduğu kimi yalançı siyasətini davam etdirir: “Daha doğrusu, özü qərar verə bilmir və nə tövsiyyə olunursa, onu həyata keçirməklə mükəlləfdir. Bu, təəssüf doğurucu haldır. Amma, vacib məsələ ondan ibarətdir ki, Azərbaycan problemin üzərində durub və məsələsinin həlli üçün bütün imkanlarından istifadə edir. Bu baxımdan Sarkisyanın düzgün siyasət yürütməyi çox vacibdir. Amma, biz bunu görə bilmirik”. Deputat vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri daha qətiyyətli mövqedən çıxış etməyi bacarmalıdırlar: “Çünki, onlar bu qədər saxtakar düşüncəyə malik olan Sarkisyana belə şərait yaratmamlıdırlar. Eyni zamanda böyük dövlətlər beynəlxalq hüquq prinsiplərinə söykənərək mövqelərini səsləndirməlidirlər. Bu baş vermədiyi təqdirdə Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün antiterror əməliyyatı keçirə bilər. Aprel hadisələri göstərdi ki, bunun üçün Azərbaycanın hərbi qüdrəti nə qədərdir”.
Minsk qrupunun həmsədrlərindən olan Rusiyanın işğalçı Ermənistanı silahlandırmasından danışan deputat Bəxtiyar Əliyev bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistanın həddən artıq silahlanmasına yol verməməli və neytrallığını saxlamalıdır. Onun sözlərinə görə, bu məsələyə iki nöqteyi-nəzərdən yanaşmaq lazımdır: “Rusiya istənilən ölkəyə silah sata və istənilən ölkədən silah ala bilər. Ancaq söhbət ondan gedir ki, Azərbaycan öz vəsaiti hesabına Rusiyadan və ya digər ölkədən silah alır. Rusiya Azərbaycana əvəzsiz olaraq və yaxud da ki, Rusiyanın hesabına silah vermir. Rusiya Minsk qrupunun həmsədri kimi Ermənistana əvəzsiz və yaxud da kredit hesabına silah verməli deyil. Bu, əlbəttə onun neytral olmasına şübhə doğurur və Azərbaycan ictimayyətində ciddi narazılıq yaranır". B.Əliyev qeyd edib ki, Azərbaycanı narahat edən odur ki, Rusiya öz hesabına işğalçı dövləti müasir silahlarla silahlandırır: “Bu da işğalçını işğalı davam etdirməyə, sülh danışıqlarını pozmağa həvəsləndirir. Bu baxımdan hesab edirik ki, Rusiya bu addımlardan çəkinməlidir”.
Siyasi şərhçi Azər Həsrət vurğulayıb ki, Rusiya dünyada silah satmaqda ad çıxarmış və bunda ciddi maraqları olan ölkələrdən birincisidir: “Təbii ki, onun forpostu Ermənistan da birmənalı və bir qayda olaraq Rusiyadan silah almalıdır. Yəni Ermənistanın başqa ölkələrdən silah alması Rusiyanın heç vaxt xoşuna gəlməz. Eləcə də Rusiyanın icazəsi olmadan Ermənistan silahı heç kimdən almamalıdır. Bununla belə biz bilirik ki, Ermənistanın silah almağa pulu yoxdur”.
"Rusiya bilir ki, Ermənistana silah satmaq istəsə belə, bu ölkənin silah almaq üçün pulu yoxdur. Ona görə də Rusiya zaman-zaman bu ölkəyə kredit ayırır və həmin kreditə də məcburən Ermənistana silah satır. Yəni faktiki olaraq Rusiya Ermənistanı öz silah bazarının oyunçusuna çevirib. Təbii ki, Ermənistanın da silaha ehtiyacı var. Çünki rəsmi İrəvan Azərbaycan torpaqlarını işğal altında saxlayır. Azərbaycan öz gücünə silah alır və ordusunu gücləndirir. Yəni bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Ümumiyyətlə bizim bölgəmizdə ən nizami ordu Azərbaycandadır. Ermənistan məcburdur ki, silahlansın və ordusunu gücləndirsin. Amma imkanlar olmadığına görə həmişə üz tutduğu yer Rusiya olub"- deyə, Azər Həsrət fikrini tamamlayıb.

Əli

Bu xəbər oxundu
- - -