Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Şah İsmayıl” dastanında qəhrəman prototipi

20.10.17, 9:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı

Azərbaycan, Türkiyə və İran ərazisində sevilərək yayılan “Şah İsmayıl və Gülzar xanım” dastanı əfsanə, nağıl, dastan kimi Avropada da böyük marağa səbəb olub. Bu dastan Avropada yaşayan türklər arasında xüsusi maraqla sevilib. Dastanı Avropada ilk dəfə Radlov 1899-cu ildə bilimsəl olaraq nəşr edib. Türk xalqlarının folklor örnəklərinin toplanmasında və öyrənilməsində müstəsna xidmətləri olan V.V.Radlovun apardığı işlərin mühüm bir hissəsi məhz dastanlarla bağlıdır. Görkəmli türkoloqun topladığı “Şah İsmayıl və Gülzar xanım” dastanının mətni Saim Sakaoğlu və M.Ergün tərəfindən latın türkcəsində yazıya alınıb. Daha sonra dastan Odessada, Konstantinopolda dəfələrlə nəşr edilib. “Şah İsmail ilə Gülüzar hanım”, Athenes, 1911-ci il, “Şah İsmail”, Odessa, 1911-ci il, “Şah İsmail”, Constantinopole 1911-ci il, “Şah İsmail”, Odessa, 1912-ci il, “Hikaye-i Şah İsmail”, Constantinopole, 1912-ci il.
“Şah İsmayıl” dastanı 1924-cü ildə Yunanıstana köçürülən türklər tərəfindən nəşr edilib. 1963-cü ildə Bolqarıstanda – Sofiyada nəşr edilmiş “Rodop Türk masalları” adlı kitabda da “Şah İsmayıl və Gülzar” dastanına rast gəlinir. Moldovada yaşayan Qaqauz türkləri tərəfindən sevilən “Şah İsmail” hekayəsi isə Vladimir Zayaçovski tərəfindən 1966-cı ildə nəşr edilən “Yazık i folklor Qaqauzov Bolqari” adlı kitabda yer alıb. “Şah İsmayıl” dastanını N.Hafizin “Kosova Türk Halk edebiyyatı mətnləri” kitabında (Yuqoslaviya) geniş oxucu kütləsinə təqdim edilib. 1985-ci ildə Mehmet Eli Ekrem Hilmiye tərəfindən “Təpəgöz-Dogruca masalları” adlı kitabda da “Şah İsmayil” dastanı verilib.
Dastanın nəşri və tədqiqi Almaniyadan da yan keçməyib. İ.Kunoş 1892-ci ildə “Şah İsmayıl və Gülzar” dastanını alman dilinə tərcümə edərək çap edib. 1929-cu ildə Hans Fişer Kunoşun tərcüməsini bəyənməyərək 60 səhifəlik elmi təhlillə birlikdə “Şah İsmayıl” və doqquz xalq dastanını yenidən tərcümə edərək geniş ictimaiyyətə təqdim edib. Göründüyü kimi, öz başlanğıcını Azərbaycandan götürən bu dastan geniş bir ərazini – Qafqazı, Yaxın Şərqi, Kiçik Asiyanı və Avropanı dolaşıb, elmi ictimaiyyətin xüsusi marağına səbəb olub. Belə bir genişliklə yayılmanın səbəbi isə dastanın ifadə etdiyi məzmunun mükəmməlliyi, ciddi poetik sisteminin olması ilə bağlanır. Bütün bunlar “Şah İsmayıl” dastanının müxtəlif müstəvilərdə təhlilini, ayrı-ayrı nəşrlərdə özünü göstərən fərqləri, yayılma arealının spesifikasını, auditoriya marağını təhlil etməyə lazımı qədər zəngin material verir.
Zəngin faktura, ciddi mündəricə ilə səciyyələnən “Şah İsmayıl” dastanında araşdırılmalı problemlərdən biri qəhrəman prototipinin müəyyənləşməsidir. Düzdür, das¬tanda bir-birindən aktual olan lazımı qədər problemlər var. Ayrı-ayrı variantların tipoloji təhlili, türk dastan ənənəsində “Şah İsmayıl” dastanının yeri, poetik sistemi və s. məsələlər bu gün də aktual olaraq qalmaqdadır. Çünki bu möhtəşəm abidə lazımı qədər ciddi mündəricə və əhatəli faktura ilə xarakterizə olunur. Lakin bu dastanda ciddi mübahisələrə, fikir ayrılıqlarına yol açan və bir problem kimi həllini gözləyən məsələlərdən biri dediyimiz kimi, qəhrəman prototipidir. Bu isə ilk öncə onu deyək ki, dastanın ümumi məzmunundan, ayrı-ayrı epizod¬ların verdiyi informasiyanın doğurduğu qənaətdən qaynaqlanır.
“Şah İsmayıl” folklor məkanında kifayət qədər geniş yayılmış dastanlardandır. Burada ən maraqlı istiqamətlərdən biri qəhrəmanlıq və məhəbbət motivlərinin paralelizmi ilə bağlıdır. Ənənəvi şəkildə dastan yaradıcılığında bədii mətnin ya məhəbbət, ya da qəhrəmanlığa yükləndiyinin şahidi olmuşuq. Məhz bu baxımdan da dastanları məhəbbət və qəhrəmanlıq adı ilə böyük masştabda qruplaşdırmışıq. Ancaq “Şah İsmayıl” dastanının hər iki müstəvidə özünü eyni səviyyədə göstərməsi tipikdir. Bu isə heç şübhəsiz, ciddi qaynağa, qəhrəmanın bir şəxsiyyət olaraq geniş ictimaiyyətdə yaratdığı bütöv təsəvvürdən irəli gəlir. Düzdür, başqa dastanlarımızda da bu motiv (məhəbbət və qəhrəmanlıq) bu və ya digər şəkildə özünü göstərir. Ancaq “Şah İsmayıl” dastanı belə bir düşüncənin klassik nümunəsidir.
Başqa xalq romanlarının qəhrəmanlarından (“Novruz və Qəndab”, “Tahir və Zöhrə”, “Məhəmməd və Güləndam”) fərqli olaraq Şah İsmayıl təkcə dərin sevgi ilə sevən aşiq yox, həm də sevdiyi qadın üçün qılınc gücü ilə mübarizə aparan bir qəhrəman kimi təsvir olunur. Bütün bununla yanaşı, Şah İsmayılın ədalətli bir hökmdar olması, dastanı ən sevimli dastanlarımız səviyyəsinə qaldırır. Burada şair, sufi şeyx kimi böyük nüfuza malik olması da güclü tərəf kimi özünü göstərir.
Təəssüf ki, dastanın tədqiqi istiqamətində elə də ciddi və sistemli iş aparılmayıb. Ayrı-ayrı tədqiqatlarda, dastan yaradıcılığı ilə bağlı problemlərin təhlilində “Şah İsmayıl” dastanına da müraciət olunub və müxtəlif xarakterli fikirlər söylənib. Azərbaycanın ictimai, siyasi, mədəni həyatında çox mühüm rol oynamış Şah İsmayıl Xətai dövrünü Azərbaycan intibahı kimi də şərh edirlər. Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması, Səfəvilər kimi qüdrətli dövlətin yaradılması, anadilli poeziyanın, xalq şeiri üslubunun inkişaf baxımından yeni sferaya daxil olması, bədii mühitdə M.Füzuli, Ş.İ.Xətai, Qurbani xəttinin möhtəşəmliyi intibah mərhələsi olmanı şərtləndirir. Dastanın da məhz belə bir zənginlikdən öz başlanğıcını götürməsi təbii xarakterli proses təsiri bağışlayır. Mənbələrdə dastanı XVII əsrin hadisəsi olaraq daha çox qeyd edirlər. “Şah İsmayıl” dastanının formalaşma və inkişaf mərhələsi, heç şübhəsiz, bütöv bir zamanı işarələyir. Burada isə müxtəlif xarakterli əlavələrin, epizodların, xanədanın ayrı-ayrı nümayəndələrinə rəğbətin təsiri və artırmaları təbii idi. Dastanın bir forma olaraq xarakterindən, auditoriya marağından qaynaqlanırdı. Məhz bütün bunların nəticəsidir ki, “Şah İsmayıl” dastanında qəhrəman prototipi həllini tapmamış məsələ kimi açıq qalır. Belə ki, dastan qəhrəmanının prototipi haqqında müxtəlif mülahizələr irəli sürülsə də, tam fikir söylənilməyib.
Professor Həmid Araslı müəllifi olduğu “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı”nda yazır: “Biz bu dastanın yeni Səfəvi dövründə hakimiyyətdə baş verən tarixi hadisələrlə əlaqədar olaraq I Şah İsmayılın adına olduğunu ehtimal edə bilərik. Dastanda irəli sürülən nəcib məhəbbət onun geniş xalq kütlələri arasında geniş yayılmasına səbəb olub. Müəllif “Aşıq yaradıcılığı” kitabında da bu məsələyə belə izah verib: “Şah İsmayılın qəhrəmanlığı, onun hakimiyyəti öz zülmkar dayısı oğlanlarından alması sonrakı aşıq yaradıcılığında bu hökmdarın adı ilə əlaqədar yeni bir dastanın yaranmasına səbəb olub”.
Professor M.H.Təhmasib Azərbaycan dastanlarına aid tədqiqat əsərində dastanın qəhrəmanı haqqında ziddiyyətli fikirlər söyləyib. Əvvəlcə o, H.Araslının fikirləri ilə razılaşaraq xüsusi olaraq “Belə bir ehtimalı irəli sürmək üçün doğrudan da müəyyən əsaslar var. Bu əsasları əmələ gətirən əlamətlərin sayını hətta artırmaq da olar” vurğulayaraq obrazı I Şah İsmayıla yaxınlaşdıran ortaq cəhətləri sadalayıb.
a) həm surətin, həm də prototipin adı Şah İsmayıldır;
b) Xətai uşaqlıq illərini qaranlıq zindanlarda, gənclik illərini isə sığınacaqlarda keçirdiyi kimi, dastanın qəhrəmanı da təqribən həmin yaşlara qədər hətta gün işığı belə düşməyən qaranlıq zirzəmidə yaşamalı olub;
c) ...gizli təlim-tərbiyə illərində isə Hüseyn bəy Şamlı kimi lələləri, mürəbbiləri, nəzarətçiləri olub. Dastanda Şah İsmayılın da buna çox bənzəyən xüsusi lələsi, müəllimi var;
d) Gülzarın məhz türkmən qızı olması ilə Səfəvi xanədanının Ağqoyunlularla qohumluğu arasında da müəyyən oxşarlıqlar görmək mümkündür;
e) öz doğma babası və onun oğlanlarının, yəni doğmaca dayılarının Xətaiyə münasibətləri də, öz doğma atasının da Şah İsmayıla münasibətinə az bənzəmir.
Nəhayət, H.Araslı burada da haqlıdır ki, Xətai çox böyük hörmət və nüfuz sahibi olub, bu da aşıqların onun haqqında xüsusi dastan yaratmalarına səbəb ola bilərdi. M.H.Təhmasib məlum fundamental tədqiqatında bu problemi çox ciddiliklə və sistemli şəkildə təhlil etmək, qənaətlərini aydın şəkildə ortaya qoymaq yolunu tutur. Ancaq dastanın verdiyi informasiyadan və tarixi mənbələrin dediklərinə istinad etməklə məsələni axıra qədər təhlil edib hansısa hökmü vermək istəyində olmur. Belə ki, folklorşünas alim faktları sadalamaqla kifayətlənir və məsələni açıq qoyur. O, Şah İsmayılı mürşid, hökmdar, siyasi xadim, şair kimi təhlillərində yüksək qiymətləndirib.
O, daha sonra Şah İsmayılı dastan qəhrəmanından uzaqlaşdıracaq cəhətləri sadalayıb. Amma bu cəhətlərin bəziləri ilə razılaşmaq qeyri-mümkündür. Belə ki, M.H.Təhmasib I Şah İsmayılın atasının şah deyil, çox yüksək hörmət sahibi olan şeyx olduğunu, dastanda isə vəhşi bir şah kimi verilməsini Şeyx Heydər üçün təhqir sayaraq prototipin I İsmayıl olduğu fikrini rədd edir. Əvvəla, bu dastandır – xalq təfəkkürünün məhsuludur. İkincisi, əgər dastan Şah İsmayılın şərəfinə qoşulubsa, burada onun atası heç bir rol oynamır. Üçüncüsü, əgər dastanda hökmdarın adı Şeyx Heydər olsaydı, Təhmasib müəllimlə razılaşmaq olardı. Onu da qeyd edək ki, dastanın yalnız bir variantında – tarixi hadisələrlə demək olar ki, üst-üstə düşən Təbriz variantında hökmdarın adı Şeyx Heydər kimi verilib. Lakin bu variantda Şeyx Heydər sevilən bir hökmdar kimi təsvir edilib. Dördüncüsü isə dastanın Quba variantında hökmdar ədalətli, oğlunu sevən bir hökmdar kimi təsvir olunaraq hadisələrin sonunda hakimiyyəti oğluna verərək onu yaxşı bir hökmdar olmağa səsləyir.
Tarixi mənbələr göstərir ki, Çaldıranda Şah İsmayılla çiyin-çiyinə vuruşan Taclı bəyim əsir düşür, lakin qiymətli sırğalarını verərək əsirlikdən xilas olub vətənə qayıdır. Dastanda isə Taclı bəyimin tarixi mənbələrdə göstərildiyi kimi əsirlikdən deyil, Çaldıranda bir qəhrəman kimi yaralanıb Qaradaşa qayıtması təsvir olunur. Əgər yuxarıda göstərdiyimiz bu iki faktı nəzərə alsaq, o zaman demək olar ki, bu dastan da Şah İsmayıla aid deyil. Halbuki dastan yaradıcıları belə sərbəstliyə, şəxsi fantaziyalarına çox üstünlük veriblər. P.Əfəndiyev Şah İsmayıl Xətai haqqında hələ XVI-XVII əsrlərdə bir dastanın olmasını vurğulayaraq yazır: “Tarixdən məlumdur ki, Şah İsmayıl Xətai haqqında hələ XVI-XVII əsrlərdə bir dastan yaranmışdı. Burada Şah İsmayıl bir tarixi şəxsiyyət kimi qələmə verilir. Xüsusilə onun Çaldıran müharibəsində göstərdiyi qəhrəmanlıq, sevgilisi Taclı xanımın cəsurluğu, əsir düşməsi və qızılbaş əsgərlərinin igidliyi həmin dastanın məzmununu təşkil edir”. Göründüyü kimi, Şah İsmayılla bağlı dastan yaratma ənənəsi hələ XVI əsrdən öz başlanğıcını götürür. Yuxarıda dediyimiz kimi, bunun köklü səbəbləri var. Ən birincisi, Şah İsmayılın şəxsiyyəti, gördüyü fundamental işlərin xalq ruhuna, aşıqlara yaxınlığı idi. M.H.Təhmasib özü bu dastanı tarixi hadisələrə istinadən yaranmış “tarixi qəhrəmanlıq dastanı” adlandırıb.

Kəmalə İsmayılova
araşdırmaçı

Bu xəbər oxundu
- - -