Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Uorlik Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli çıxışlar edib“

20.10.17, 10:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Ceyms Uorlik həmsədr olduğu dövrlərdə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli çıxışlar edib və düzgün bəyanatlar verib.
Bunu millət vəkili Elman Məmmədov oktyabrın 18-də ABŞ Senatının "Rassel" binasında "Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu" mövzusunda keçirilən brifinqdə ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, səfir Ceyms Uorlikin çıxışına münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, C.Uorlik daim obyektiv fikirləri ilə fərqlənib: "Ceyms Uorlik həmişə mütərəqqi fikirlər söyləyib. Hətta o, həmsədrlikdən getmək məqamında da ədalətli bəyanat vermişdi. Bu bəyanatı da onun növbəti fikridir. Amma təəssüf edirəm ki, onun təmsil etdiyi ölkə fərqli mövqe tutur. ABŞ hegemon dövlətdir və əgər Vaşiqtonla Moskva Dağlıq Qarabağ məsələsində bir fikrə gəlsə, Ermənistan kimi cırtdan bir dövlət onların tələbini yerinə yetirməyə bilməz. Amma onlar bu məsələyə birmənalı yanaşmırlar".
Qeyd edək ki, okyabrın 18-də ABŞ Senatının "Rassel" binasında "Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu" mövzusunda keçirilən brifinqdə 2013-2016-cı illərdə Minsk qrupunun amerikalı həmsədri olmuş səfir Ceyms Uorlik çıxış edib. O bildirib ki, Madrid prinsiplərinə əsaslanan altı elementın sülh sazişinin tərkib hissəsi olmalı və vahid paket kimi qəbul edilməlidir. Birinci element Dağlıq Qarabağa müvəqqəti status verilməsindən ibarətdir. Onun qəti hüquqi statusu gələcəkdə tərəflərin qarşılıqlı razılığı ilə öz iradələrini ifadə etmələri vasitəsilə müəyyən olunacaq. İkinci element nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədləri daxilindəki əraziyə müvəqqəti status verilməsini, bu müddətdə təhlükəsizliyin minimal qarantiyasını və özünüidarəni nəzərdə tutur. Üçüncü element ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır. Çünki Azərbaycanın suverenliyinə hörmət edilmədən tənzimləmə mümkün ola bilməz. Dördüncü element Dağlıq Qarabağı Ermənistanla birləşdirən "Laçın dəhlizi"nin mövcud olmasını nəzərdə tutur. Bu dəhliz hərəkət etmək üçün kifayət qədər olmalı, lakin bütün Laçın rayonunu əhatə etməməlidir. Beşinci element məcburi köçkünlərə öz əvvəlki daimi yaşayış yerlərinə qayıtmaq hüququ verilməsindən ibarətdir. Nəhayət, altıncı element təhlükəsizliyə beynəlxalq qarantiyaları, o cümlədən sülhyaratma əməliyyatını nəzərdə tutur.

Bu xəbər oxundu
- - -