Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Orenburqda azərbaycanlı fotoqrafın sərgisi açılıb

20.10.17, 11:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Orenburqda küçə fotoqrafı Vüqar Məmmədzadənin “Rusiya mənim gözlərimlə: Orenburq şəhəri” adlı ilk fərdi sərgisi açılıb.
“AiF Orenburq” nəşrində həmvətənimiz və onun sərgisi barədə məqalə dərc edilib.
Küçə fotoqrafiyası janrı gündən-günə geniş yayılır, çünki onu ən demokratik hesab etmək olar. Küçə fotoqrafı üçün bütün şəhər böyük bir studiya, yoldan keçənlər isə onun fotoçəkilişinin potensial qəhrəmanlarıdır. Quraşdırma kadrlar və strit-fotoqrafiya bir araya sığmayan istiqamətlərdir. Əlində fotoaparat olan adamın başlıca məqsədi eyni vəziyyətdə bir daha təkrarlanmayacaq məqamı tutmaqdır. İnsanlar küçə fotoqrafiyasının baş qəhrəmanları, eyni zamanda, fotoqraflar üçün başlıca problemdirlər: heç kəs heç vaxt bilmir ki, bu və ya digər adam fotoşəklinin çəkilməsinə həvəslə razılıq verəcək və ya bundan kobud şəkildə imtina edəcək.
“Əgər kimsə fotoşəkil çəkdirməkdən imtina edirsə, eyni zamanda, mən onu əldən buraxmaq istəmirəmsə, o zaman onunla söhbətə başlayıram və maraqlıdır ki, biz ümumi dil tapırıq. Fotoqrafiyanın qəhrəmanı ilə münasibətin qurulmasında xeyirxah niyyət və xoş sözlər mühüm rol oynayır. Mən heç vaxt fotoşəklini çəkdiyim adama bu və ya digər pozada dayanmasını məsləhət görmürəm. O dayanır və mən də fotoşəkil deyil, sanki film çəkirəm. Mən obyektivdən bütün səhnəni görürəm, onun ovqatını, hətta qəlbini duyuram. Hamı insanın fotoşəklini çəkə bilər, lakin onu olduğu kimi çəkmək hər kəsə nəsib olmur. Mən insanları axmaq vəziyyətində göstərmirəm, əksinə, çəkdiyim hər fotoşəkil özündə onlara olan məhəbbətimi ehtiva edir”.
Azərbaycanda dünyaya gəlmiş Vüqar altı yaşı olanda ailəsi ilə birlikdə Orenburqa köçüb və iyirmi ildir orada yaşayır. İki il əvvəl o, əlinə fotoaparat götürəcəyini xəyalına belə gətirə bilməzdi. Lakin bir dəfə amerikalı Stiv Makkarrinin çəkmiş olduğu əfqan qızın fotoşəklini gördü. Vüqarı heyrətləndirən o idi ki, fotoqraf qızın təkcə zahiri deyil, mənəvi gözəlliyini də göstərə bilmişdi. Bundan sonra Vüqar Məmmədzadə fotoaparat aldı və sadə şəhər əhalisini çəkməyə başladı.
Orenburq şəhərinin Tarix Muzeyində sərgi üçün ayrılmış kiçik məkan tamaşaçılarla, xüsusilə gənclərlə dolu idi. Hətta muzeyin əməkdaşlarından biri hansı təhsil müəssisəsinin onları bu sərgiyə göndərdiyini təəccüblə soruşdu. Lakin tamaşaçıların hamısı könüllü gəlmişdi.
Vüqar Məmmədzadənin özü küçə fotoqrafiyasını ən mürəkkəb və həyatı heç bir süniliyə yol vermədən olduğu kimi əks etdirməsi ilə ürəkdən gələn janr hesab edir.

Bu xəbər oxundu
- - -