Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənilər və bolşeviklər vahid cəbhədə birləşib müsəlmanlara qarşı döyüşürlər”

20.10.17, 11:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan daşnak silahlı dəstələrinin törətdikləri qırğınlara görə Bakının erməni əhalisindən qisas almadı

Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycamn Respublikası bu gün Ermənistanın qəsbkarlıq siyasəti ilə üz-üzə qalıb. Faktlar göstərir ki, ermənilər 100 il öncə də indiki kimi Azərbaycanın tarixi torpaqlarını qəsb etmək, qırğınlar törətmək istəyi ilə yaşayır, imkan düşən kimi amansız istəklərini gerçəkləşdirirdilər. Bu kimi faktları dərindən incələməyimiz bundan sonrakı proseslərdə daha ağıllı davranmağımız üçün ciddi ipucları verə bilər. Gerçəklik odur ki, erməni murdar hədəflərindən əl çəkmir, dünyanı özünə havadar sayır, daha da azğınlıq göstərir. Professor Musa Qasımlı araşdırmasında bildirir ki, İrəvanı ələ keçirdikdən az sonra Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddialarını daha da genişləndirdi. Daşnaklar Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi arasında, Kiçik Asiyanın cənub sahillərindən Trapezunda qədər “Böyük Ermənistan” qurulmasına çalışırdılar. Onlar Naxçıvan, Qarabağ və Zəngəzura iddialar irəli sürür, bu ərazilərdə daşnak silahlı dəstələri dinc əhaliyə qarşı kütləvi qırğınları amansızlıqla həyata keçirirdilər. Daşnak hakimiyyəti azərbaycanlılar əleyhinə olan siyasətini daha da kəskinləşdirmişdi. Bununla bağlı olaraq A.Mikoyan “Erməni imperializmi haqqında” adlı məqaləsində yazırdı: “Erməni hökumətinin irticaçı-şovinist siyasəti nəticəsində əhalinin 5/2 hissəsini təşkil edən müsəlmanlar ölkənin hər hansı formada idarə edilməsindən və hakimiyyətdən uzaqlaşdırılırlar. Onlar öz vətənlərində xarici ölkə təbəələri kimi tam hüquqsuz vəziyyətə düşüblər. Xalq yalnız fiziki mövcudluğu barədə düşünür. Müsəlmanlar terrorizə edilmiş vəziyyətdədirlər. Başları üzərində soyğunçu quldur dəstələrinin təhlükəsini hiss edirlər. Onlar “vətənpərvərlik motivləri” ilə Ermənsitanda yad qüvvəni azaltmaq, onları daha çox məhv etmək istəyirlər. Müsəlmanların təqib edilməsinə yönəlik bu cinayətkar siyasət erməni zəhmətkeş kütlələrinin taleyi və vəziyyətinə öldürücü təsir edir, onlarla müsəlmanlar arsında dərin uçurum, tamamilə qan və qarşılıqlı nifrət, erməni xalqının müsəlmanlar tərəfindən daimi qisas və yeni qanlar törədiləcəyi təhlükəsi qarşısında qalması barədə şübhələr yaradır. Müsəlman və erməni zəhmətkeş xalqları arasında belə qarşılıqlı terrorizə edilmiş vəziyyət məşhur “parçala və hökm sür” ideyasını həyata keçirən cinayətkar Daşnaksütyun Partiyasının hakimiyyətini möhkəmləndirir və əbədi edir”.
Daşnakların iki günahının olduğu qənaətinə gələn A.Mikoyan 1918-ci ildə yazdığı “Sol daşnaklar” adlı məqaləsində vurğulayırdı: "Birincisi, o, öz sıralarında çoxlu burjua elementlərini birləşdirərək ümumiyyətlə, burjua siyasəti yürüdür, öz ardınca erməni zəhmətkeşlərinin xeyli hissəsini aparır. İkinci isə o, təşkilati quruculuğunun əsasında milli əlaməti, milli mənsubiyyəti qoyub".
Azərbaycanlılara qarşı soyqırım genişləndirilirdi. A.Mikoyan 1918-ci il mayın 29-da çap etdirdiyi “Cənubi Zaqafqazıyada erməni-tatar münasibətlərinə dair” adlı məqaləsində yazırdı: “...Bütün rütbələrdəki şovinistlər və başıpozuq erməni silahlı bandaları milli nifrət və qəddar qisasçılıq hissindən vəhşiləşərək 135 min nəfərlik müsəlman əhalisi olan 200 kəndə od vurdular və tamamilə dağıtdılar”. Qırğınlar digər sənədlərdə də etiraf edilirdi. Bolşevik xadimlərinin “İki ay ərzində Azərbaycanda siyasətimiz (may-iyun)” adlı hazırladıqları sənəddə vurğulanırdı: “Ermənistan Respublikası yaradılarkən onun ərazisindəki 250 müsəlman kəndi məhv edilib".
Prof. M.Qasımlı qeyd edir ki, müstəqil Azərbyacanda və Gürcüstanda bolşeviklər təqib edildiyi bir zamanda daşnak Ermənistanının qapıları erməni bolşeviklərinin üzünə açıq idi. Onlar rahat bir şəkildə hökumət və ictimai təşkilatlarda özlərinə yer tutmuşdular: "Bu zaman Bakı Xalq Komissarları Soveti Azərbaycan Xalq Cümhuriyyət hökumətinin yerləşdiyi Gəncəyə hücum edib işğal etmək, Tiflisi almaq və Cənubi Qafqazın ayrılmasına yol verməmək üçün hərbi əməliyyatları genişləndirmişdi. Daşnaklar da onlarla birlikdə hərəkət edirdilər. Moskvadakı amerikan konsulu Pul 1918-ci il iyunun 7-də dövlət katibinə göndərdiyi teleqramda bununla əlaqədar olaraq yazırdı: “Ermənilər və bolşeviklər vahid cəbhədə birləşib müsəlmanlara qarşı döyüşürlər”.
Bakı XKS-nin ordusu və daşnak dəstələri Gəncə istiqamətində hücum edərkən hər yerdə dinc əhalinin mal və mülkünü talayır, qarşılarına çıxanları amansızlıqla öldürürdülər. Ölümdən canlarını qurtaran adamlar qaçaraq yaşayış yerlərini tərk edirdilər. Bununla bağlı olaraq Bakı XKS-nin 3-cü briqadasının komissarı A.Mikoyan 1918-ci ilin yayında XKS-yə Kürdəmirdən göndərdiyi teleqramda qeyd edirdi: “Sovet ordularının tutduğu Şamaxı çayı boyunca, Göycay qəzası rayonlarının əhalisi yaşayış yerlərini tərk ediblər”.
Ancaq bu qırğınlar uzun müddət davam etmədi. Yardıma Osmanlı qoşunları gəldi. Qafqaz İslam Ordusunun hücumları qarşısında tab gətirə bilməyərək geri çəkilərkən daşnak və bolşevik qüvvələri dinc əhaliyə qarşı daha amansız davranmağa başladılar. “Daşnaksütyun Partiyasının əksinqilabi rolu” adlı sənəddə yazıldığı kimi, 1918-ci il iyulun 30-da türk ordusu Bakıya doğru hücumu genişləndirəndə Bakı Sovetinin Şağan cəbhəsi istiqamətindəki ordularının komandanı Amazasp erməni əsgərlərinə dinc türk əhalini soyub-talamaq əmrini verdi. Yenə həmin sənəddə qeyd edilirdi ki, guya daşnak hökuməti Türkiyə ilə imzaladığı müqavilədə alman-türk yardımı əvəzində XKS yanında olan bütün erməni ordularını Bakıdan çıxarmalı, Bakıda yerləşən daşnaklar isə şəhərin türklərə verilməsi təbliğatını aparmalı idilər. Ancaq adı çəkilən müqaviləni biz arxiv fondlarında tapa bilmədiyimiz üçün onun məzmunu haqqında bir söz söyləyə bilmirik. Amma bu barədə mülahizələr yürütmək üçün bəzi suallara cavab axtarmaq lazım gəlir. Belə bir müqavilə həqiqətən imzalanıbmı? Daşnaklar bu müqavilədən irəli gələn öhdəlikləri yerinə yetiriblərmi? Bakıda onların müqavimət göstərməsi belə bir sənədin imzalanmadığını göstərmirmi? Belə bir məlumatın yayılması sovetlərin türk və daşnak birliyinə saxta bir işarəsi olmuşdumu? Heç şübhəsiz, Osmanlı dövləti Bakıdakı sovet hakimiyyətinin devrilməsinə və şəhərin azad edilməsinə çalışdığından S.Şaumyan başda olmaqla Bakı XKS-nin zəiflədilməsində maraqlı idi. Daşnak və bolşevik dəstələri birgə dinc türk və müsəlman əhalisini qırırdılar. Ermənistan ərazisindəki daşnaklar türklərə düşmən münasibətdə olsalar da, Osmanlı dövlətinin Cənubi Qafqazda mövqeləri gücləndiyindən türklərlə ehtiyatlı davranmağa çalışırdılar. Əgər belə bir müqavilə var idisə, o da türklərin daşnaklarla olan məsələləri dinc yolla həll etmək niyyətlərindən, ermənilərin Türkiyə əleyhinə böyük dövlətlər tərəfindən istifadə edilməsinə son qoyulması istəyindən irəli gələ bilərdi.
Bakı şəhərinin azad edilməsi qaçılmaz olduqda isə daşnaklar İrandan ingilislərin dəvət edilməsi məsələsini qaldırdılar. Bakı XKS iflasa uğradı. Sentrokaspi diktaturası quruldu. V.İ.Leninə və L.Trotskiyə göndərdiyi təcili teleqramında İ.Stalin bununla bağlı olaraq yazırdı: “Bu gün Bakıdan aldığım teleqramdan Bakı Xalq Komissarları Sovetinin istefaya getdiyi aydın olur. Kiçik bolşevik fraksiyası Bakını və neft rayonunu alman və türk yırtıcılarına vermədiyi üçün istefaya gedib. Şaumyan Bakı Sovetinin iradəsini yerinə yetirməyib, Bakının müdafiəsinin mümkün olmadığını bildirib. Bakı Xalq Komissarları Soveti şəhəri və əhalini ataraq Həştərxana qaçmaq üçün paroxodlara toplanıb. Sosial-demokratlar və daşnaklar Bakı Sovetinin qərarına riayət edərək özlərinin müqəddəs vəzifəsi kimi Rusiya ilə qırılmaz əlaqəni müdafiə edib, Bakını və neft rayonu inqilabi vətən üçün son damla qanlarına qədər qoruyacaqlarını bildiriblər. Alman-türk ordularının daha mütəşəkkil olduğunu, yalnız öz qüvvələri ilə şəhəri müdafiə edə bilməyəcəklərini görüb İrandakı ingilis komandanlığı ilə hərbi-texniki saziş bağlamağa məcbur olub. Lakin koalisiyali hökumət ümidlərini getdikcə itirir. İngilsilərin böyük qüvvəsi haqqında danışmaq olmaz”.
1918-ci il sentyabrın 15-də Bakı şəhərinin azad edilməsi kimi tarixi hadisəyə diqqət çəkən M.Qasımlı yazır: "Bolşeviklərin və daşnakların, daha sonra isə Sentrokaspi diktaturasının və ingilislərin cəhdləri nəticə vermədi. Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakı şəhərini azad etdi. Bəzi azərbaycanlılar erməni silahlı dəstələrinin mart ayında Bakıda törətdikləri qırğınların əvəzini çıxsalar da, qısa müddət ərzində şəhərdə qayda-qanun yaradıldı. Bakı şəhərinin komandanı polkovnik Cəmil Cahidin verdiyi əmrin birinci maddəsində deyilirdi: “Milliyyətindən asılı olmayaraq türk komandanlığının himayəsi altında olan bütün sakinlərin mal və can güvənliyinin qorunması üçün tədbirlər görülsün”.
Şəhər azad edildikdən sonra Azərbaycan hökuməti Bakıya köçdü. Azərbaycan rəsmi hakimiyyəti daşnak silahlı dəstələrinin törətdikləri qırğınlar üçün şəhərin erməni əhalisindən qisas almadı. Onların mal və mülk təhlükəsizliyini qorudu. Hətta Gəncə ermənilərinin nümayəndələri Bakıya gələrək hökumətin başçısı Fətəli xan Xoyski ilə görüşüb şəhərin azad edilməsi münasibəti ilə onu təbrik etdilər.
Daşnak silahlı dəstələrinin dinc əhalini kütləvi surətdə məhv etdiyi Qarabağda da sakitlik yaradıldı. Bununla bağlı olaraq “Azərbaycan” qəzeti yazırdı: “Qarabağda daşnak yığnağının avantürasına son qoyuldu. Qəti şəkildə müəyyənləşdirildi ki, erməni kütlələrinin Qarabağ hadisələrində iştirakı yoxdur. Şəhər və kəndlərdə erməni əhalisi Azərbaycan ordusunu duz və çörəklə qarşıladı. Onlar silahlarını könüllü təhvil verirlər”.

Uğur

Bu xəbər oxundu
- - -