Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Yeni imtahan modelində nələr olacaq?

20.10.17, 12:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı valideynlər və şagirdlərlə görüş Dövlət İmtahan Mərkəzinin bütün regional bölmələrdə keçiriləcək.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, yeni imtahan modeli ilə bağlı insanların çoxlu sual var.
Onun sözlərinə görə, bu il IX sinifdə oxuyan şagirdlər buraxılış imtahanlarını yeni model əsasında veriblər, onların müəyyən qədər təcrübəsi var: “Amma bununla yanaşı onların da müəyyən qədər sualları olur. 2 ildən sonra yeni növ buraxılış və qəbul imtahanlarında abituriyentləri, şagirdləri nə gözləyəcəyi ilə bağlı bütün suallara cavab vermək üçün maarifləndirmə işi bütün regionlarda aparılacaq”.
2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq.
Məleykə Abbaszadə bildirib ki, buraxılış imtahanında iştirak edənlər üçün maksimum bal 300-dür.
O, qeyd edib ki, abituriyentlər qəbul imtahanında 4 fəndən maksimum 400 bal toplaya biləcək, yekunda ən yuxarı bal 700 olacaq.
“Yeni imtahan modelinə əsasən abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcək. Lakin iki ildən sonra keçiriləcək buraxılış və qəbul imtahanlarının cədvəllərini indidən açıqlamaq mümkün deyil”-deyən Məleykə Abbaszadə bildirib ki, yeni modelə əsasən buraxılış imtahanları əvvəlki illərdə olduğu kimi, bir dəfə aparılacaq. Qəbul imtahanlarında isə abituriyentlərə bir neçə dəfə iştirak etmək imkanı veriləcək.
M. Abbaszadə qeyd edib ki, imtahan cədvəlin 2 ildən sonra necə olacağına indidən demək çətindir: “2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanı cədvəllərini ilin əvvəlində elan edəcəyik".
“Hazırda Dövlət İmtahan Mərkəzində bütün fənlər üzrə elmi-metodiki seminarlar keçirilir. Həmin seminarlarda keçirilmiş imtahanların nəticələri, gələcəkdə qəbul və buraxılış imtahanları ilə bağlı yeni modellə bağlı elmi-metodiki müzakirələr aparılır”-qeyd edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin sözlərinə görə, yeni imtahan modeli ilə bağlı Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin yaratdığı müvafiq işçi qruplar mütəmadi birgə iclaslar keçirir.
M. Abbaszadə vurğulayıb ki, bu həftənin üçüncü günü ilk belə iclas keçirilib: “Gələn həftə ekspertlər səviyyəsində müxtəlif belə iclaslar aparılacaq. Bu il X sinifdə oxuyan şagirdlər üçün sınaq imtahanlarının keçirilməsi də nəzərdə tutulub. Onlar üçün sınaq imtahanları yalnız X sinfin proqramı çərçivəsində hazırlanacaq. Yeni imtahan modellərin tətbiqindən əvvəl bir neçə dəfə sınaq və monitorinq imtahanı keçirəcəyik ki, indi X sinifdə oxuyanların hansı səviyyədə olduğunu, onlardan XI sinifdə nəyi soruşa biləcəyimizi və bu suallara hansı səviyyədə hazırlaşdıqlarını müəyyənləşdirək”.
“Hazırda bütün dövlət qurumlarında olan ştat cədvəllərinin, işləyən insanların dövlət qulluğundakı statusunun monitorinqi aparılır”-deyən Məleykə Abbaszadə bildirib ki, ilin sonunda bununla bağlı ölkə rəhbərliyinə məlumat veriləcək.
O, dövlət qulluğu sahəsində 8 minə yaxın boş yer olduğunu qeyd edib.
M. Abbaszadə bildirib ki, hazırda müəyyən nazirliklər birləşdirilir, komitələr ləğv olunur, yeni xidmətlər yaranır: “Buna əsasən, dövlət qurumlarındakı ştat cədvəlləri dəyişə bilər. Ona görə də hazırda həmin dəqiqləşmə aparılır ki, boş yerləri vaxtında müəyyənləşdirib, vaxtında əhaliyə məlumat verək. İlk imtahanla bağlı elan veriləndə müsabiqədə ali təhsilli insanlar iştirak edə biləcək. Bu imtahanlardan sonra onlar sertifikat olacaq və qarşıdakı 5 il ərzində həmin təsnifata uyğun olaraq, istədikləri vakansiyalara uyğun müsahibələrdə iştirak edərək biliyini sınaya biləcək”.

Bu xəbər oxundu
- - -