Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Sarkisyan ağlını başına yığmalıdır”

20.10.17, 13:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qüdrət Həsənquliyev: “Əgər Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq”


“Bu qanuna sösüz ki səs verməliyik. Ona görə ki, söhbət Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Azərbaycan Respblikasının Konstitusiyasına uyğunlaşdırlmasından gedir. Mən bir məsələni qeyd etmək istəyirəm. Vaxtilə də bunu parlamentdə qaldırmışdım və hesab edirəm ki, yenidən bu məsələnin üzərinə gəlməyə ehtiyac var”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsinin müzakirəsi zamanı səsləndirib. Millət vəkili bildirib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri muxtar respublikanın rəhbəri kimi həm də icra hakimiyyətinin başçısı funksiyalarını yerinə yetirir. Bu Azərbaycan Respublikası Konstitusiyası ilə ciddi ziddiyyət təşkil edir. Mən vaxtilə də söyləmişdim ki, bizim konstitusiyamızda hakimiyyət bölgüsü prinsipi ayrı-ayrı fəsillərdə öz əksini tapıb. Qanunverici orqan, icra hakimiyyəti və məhkəmə hakimiyyəti. Amma muxtar respublikanın Ali Məclisinin sədri həm də icra xarakterli fərman və sərəncamlar imzalayır. Yəni Konstitusiyanın bölgüsü prinsipi Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında öz əksini tapmayıb.
Buna görə də muxtar respublikanın rəhbəri vəzifəsinin – hansı ki o həm də icra hakimiyyəti funksiyalarını yerinə yetirir – konstitusiyada sərhədləri dəqiq müəyyənləşdirilməlidir. Yəni qanunverici orqan tamamilə qanunverici funksiyaları yerinə yetirməlidir. Fikrimcə biz tövsiyə etməliyik ki, muxtar respublikada bu məsələyə yenidən baxılsın və muxtar respublikanın konstitusiyası Azərbaycan Respublikasının Konstitusiyasına tam mənada uyğunlaşdırılsın”.
Millət vəkili həmçinin Ermənistan prezidenti Serj Sərkisyanın məlum bəyanatına da toxunub: “Hörmətli Oqtay müəllim, burada Sərkisyanın növbəti sayıqlamaları ilə bağlı məsələ qaldırıldı. Siz də çox tutarlı cavab verdiniz ki, Azərbaycan Respublikasının Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində ikinci bir erməni dövləti yaranmayacaq və Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olaraq qalacaq. Düşünürəm ki, Sarkisyanın sayıqlamalarına ən tutarlı cavan həm də oktyabrın 18-də, Naxçıvan Muxtar Respublikasında keçirilən hərbi parad oldu. Yəqin ki hər bir Azərbaycan vətəndaşı o paradı izlədi. Həqiqətən də qürur hissi keçirdik. Sarksiyan və ermənilər o paradı izləyib ağlını başına yığmalıdır”.
Millət vəkili bildirib ki, artıq 90-cı illər deyil: “O zaman ölkədə siyasi sabitlik yox idi, daxili çəkişmələr Azərbaycanı didib dağıdırdı. Ölkə iqtisadiyyatı tamamilə dağılmışdı. Bundan istifadə edən ermənilər Azərbaycan torpaqlarını işğal etdilər. İndi tamamilə başqa Azərbaycan dövləti var. Ona görə də ermənilər ciddi düşünməlidir. Hələ Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Azərbaycan silahlı qüvvələrinin kiçik bir hissəsidir. Əgər Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq! Bunu tez-tez Ermənistanın diqqətinə çatdırmalıyıq”.

“Cinayətlərin məcmusu üzrə cəza təyini nə deməkdir?”

Millət vəkili həmçinin Cinayət Məcəlləsinə dair dəyişikliklərin müzakirəsi zamanı da fikirlərini bölüşüb. Qanun layihəsini dəstəklədiyini diqqətə çatdıran Qüdrət Həsənquliyev “müsbət haldır ki, bunun ictimai müzakirəsi keçirildi”,- deyə əlavə edib: “Mən komitə iclasında da söyləmişdim və indi də deyirəm. Burada məni qane etməyən məqamlar nədən ibarətdir? Əlbəttə cəzanın humanistləşdirilməsindən söhbət gedir. Bir çox məsələlərdə bunu təqdir edirəm. Amma iki əsas istiqamət məni narahat edir. Birincisi cəzanı humanisləşdirmək adı ilə bu dəyişikliyi edirik. Amma məsələn eyni zamanda xüsusilə külli miqdarda əmlakın oğurluq, soyğunçuluq, quldurluq yolu ilə mənimsənilməsini bura daxil edirik və cəzanın yuxarı həddini 18 ilə qədər çatdırırıq. Yəni cəzanı sərtləşdiririk. Bu məsələdə humanistləşdirmədən yox, sərtləşdirmədən söhbət gedir. Amma digər, insan həyati ilə bağlı məsələlərdə biz bunun əksini müşahidə edirik. Məsələn ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən insanlar var. Məlumdur ki, onların çoxu insan öldürdüyünə görə bu cəza ilə cəzalandırılıblar. Əvvəlki məcəlləyə görə, bu şəxslərin cəzasının çəkilməmiş hissəsi 15 illə əvəz oluna bilərdi. Əgər 25 il ərzində bu insanlar normal davransaydılar. İndi nə edirik? Biz bu 25 il normal davranışı qoyuruq kənara, deyirik ki, yalnız son 5 ildə bu insan özünü yaxşı aparıbsa, o şərti olaraq cəzanın çəkilməmiş hissəsindən azad oluna bilər. Yaxud da əvvəl 15 illik çəkilməmiş hissə müddətlə əvəz oluna bilərsə, cəkilməyən cəza müddəti 10 illə əvəz oluna bilər. Bu qətiyyən yolverilməzdir.
Başqa bir misal çəkim. Məsələn hakimiyyət nümayəndələrinə qarşı zorakılıq tətbiqetmənin sanksiyası 3 ildən 7 ilə qədərdir. Hakimiyyət nümayəndəsi kimdir? Polis işçisidir, Dövlət Təhlükıəsizlik Xidmətinin əməkdaşlarıdır. Elə bu yaxınlarda mətbuatrda oxudum ki, Dövlət Təhlükəsizlik Xidməti Milli Məclis də daxil olmaqla bir çox dövlət orqanlarında ağır cinayətlər törətmək istəyən cinayətkar dəstəni zərərsizləşdiriblər. Yeri gəlmişkən, mən, onlara təşəkkür edirəm və hesab edirəm ki, onlar dövlət mükafatları ilə təltif olunmalıdırlar. Qeyd edək ki, onlara qarşı silah tətbiq olunmuşdu. Yəni onların həyatı təhlükədədir. Yaxud polis işçilərinin əgər həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradılırsa, yəni silıah tətbiq olunursa bu halda 3 ildən 7 ilə, quldurluq yolu ilə yenə də həyat və sağlamlıq üçün zor tətbiq olunmaqla şəxsin əmlakı mənimsənilirsə sanksiya 18 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutur. Halbuki dövlət tərəfindən insanın həyat və sağlamlığı daha ciddi qorunur, nəinki başqa məsələlər.
Zorlama cinayəti əgər ağırlaşdırıcı hal yoxdursa 4 ildən 8 ilə qədər, azyaşlı uşaqların zorlanması isə 10-15 il qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu yaxınlarda azyaşlı uşaq zorlanmışdı və insanlar tələb edirdi ki, ölüm cəzası bərpa olunsun. Amma biz qanunvericiliyə cəmiyyətin tələb etdiyi məsələ üzrə baxmırıq. Mən rast gəlməmişəm ki, son zamanlar mətbuatda oğurluğa, soyğunçuluğa görə cəzaların sərtləşdirilməsi ilə bağlı təbliğat aparılsın. Belə çıxır ki, qanun layihəsini hazırlayanlar daha çox varlı insanların əmlakının qorunmasını önə çəkiblər. Niyə? Ona görə ki, xüsusilə külli miqdarda əmlakın mənimsənilməsinə görə 14 ildən 18 ilə qədər azadlıqdan məhrumetmə ilə cəza nəzərdə tutulur. 500 min manatdan çox kimin pulu ola bilər? Ancaq varlıların, xüsusi zəngin insanların. Demək zəngin insanların əmlakı qanunla dövlət tərəfindən daha ciddi qorunur, nəinki insan həyatı və sağlamlığı. Qəsdən adam öldürməyə görə təsəvvür edin ki, 9 ildən 14 ilə qədər sanksiya nəzərdə tutulur. Bu məsələləri komitə iclasında qalıdırmışdım və hesab edirdim ki, bunlara diqqət yetiriləcək. Amma çox təəssüf ki, diqqət yetirilmədi. Bir məsələyə fikir verin. Bizdə cinayətlərin məcmusuna görə və hökmlərin məcmusu üzrə cəza təyin olunmasından söhbət gedir. Cinayətlərin məcmusu üzrə cəza təyini nə deməkdir? Yəni bir şəxs tutaq ki, ayrı-ayrı vaxtlarda adam öldürür, yaxud 5 dəfə də ayrı-ayrı vaxtlarda azyaşlı uşağı zorlayır. Mövcud qanunvericiliyə görə buna 20 ildən artıq cəza təyin etmək olmaz. Yəni cəzanın maksimum həddi 20 il ola bilər. Amma kiminsə əmlakını oğurlayana 18 il cəza təyin edilə bilər”.

Bu xəbər oxundu
- - -