Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Avropa Məhkəməsinin yerinə yetirilməyən 10 mindən çox qərarı var”

20.10.17, 14:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Oqtay Əsədov: “ Elə bil, sanki, lotereya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər”


Milli Məclisin növbəti plenar iclası keçirilib. Əvvəlcə cari məsələlər müzakirə edilib. İclasda Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycan əleyhinə qəbul olunmuş sənədlərə etiraz edilib.
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Avropa Şurası Parlament Assambleyasının sessiyası Azərbaycan nümayəndə heyətinin aktiv və Azərbaycan maraqlarının yüksək təmsil etməsilə müşahidə olunub: “Bu sessiya başqalarından fərqli olaraq asan keçməyib. Fərqi yalnız Azərbaycanla bağlı bir neçə sənədin hazırlanması ilə bağlı deyil. Sessiyanın bir neçə günü Azərbaycana həsr edilmişdi”. Deputat bildirib ki, Azərbaycanla bağlı məsələlərin nəyə görə gündəliyə salınması bizə aydındır: “Bu gün Avropa Şurasının özündə gedən proseslər göstərir ki, hansısa ölkəni hədəf tapıb öz problemlərini həll etmək istəyirlər. Bizdən başqa Avropa Şurasında monitorinq altında olan 10-dan çox ölkə var. Bu ölkələrin problemləri kənara qoyulub və məhz Azərbaycan hədəf seçilib. Təəssüflər olsun ki, Azərbaycana qarşı qəbul olunan qətnamənin müzakirəsi zamanı iclaslara gəlməyən şəxslər belə bu dəfə toplantıya qatılmışdı. Avropa Şurası Azərbaycan üçün vacib qurumdur, vacib tribunadır. Bu məkandan Azərbaycanı məhrum etmək istəyirlər”.
S.Seyidov qeyd edib ki, Avropa Şurasının baş katibi qanunun aliliyini alətə çevirərək Azərbaycana qarşı təzyiq etməyə çalışır: “Sağlam qüvvələr də belə bu insanların girovuna çevrilib. Səsvermə zamanı bir qrup insan da bunların təsirinə düşüb, Azərbaycanın əleyhinə qətnamə qəbul olunub. Ukraynalı deputatlar bizim əleyhimizə səs veriblər. Bu o deməkdir ki, onlar həm də Ukraynanın əleyhinə səs vermiş olublar. Hakim partiyanın deputatlarından başqa, digər partiyaların nümayəndələri Azərbaycan əleyhinə səs verib. Demək istəyirəm ki, Ukrayna-Azərbaycan münasibətləri normaldır”.
Nümayəndə heyətinin rəhbəri bir qrup türkiyəli deputatın Azərbaycana qarşı qəbul olunan qətnaməyə səsvermələrinə də münasibət bildirib. “Münasibətləri təhlil etməliyik. Əgər hiss etsək ki, deputatlardan başqa digər qurumlar bizə qarşı qərəzlidir, o zaman mövqeyimizi ortaya qoymalıyıq. Heç bir dövlət bu cür qərəzli münasibətə dözə bilməz. Təzyiqlər həddindən artıq böyükdür, bu təzyiqlər Azərbaycanın apardığı uğurlu siyasətə qarşıdır”.
Milli Məclisin sədri Oqtay Əsədov vurğulayıb ki, Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıb. Bu da, məncə, doğru addım deyil”.
Spiker bildirib ki, Avropa Məhkəməsinin yerinə yetirilməyən 10 mindən çox qərarı var: “Amma Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir. Elə bil, sanki, lotereya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər. Azərbaycana qarşı məlum maddənin tətbiq edilməsi qərəzli olar.
Avropanın böyük ölkələri içərisində mindən yuxarı, hətta 1500-dən yuxarı qərarlarını yerinə yetirməyən ölkələr var. Hətta yerinə yetirilməyən qərarların cərimələrini də vermirlər. Ancaq Azərbaycanda bir neçə belə qərar var, cərimələri də ödənilir. Yaqland lotoreya oyunu oynayırmış, 10 min işin içində əlinin altına Azərbaycanı çıxarıb.
Yəni aydındır ki, bu, Azərbaycana qarşı tam ədalətsizlikdir. Əgər bu maddəni Azərbaycana tətbiq etmək istəsələr, biz Avropa Şurasında qalıb-qalmamaq haqqında fikirləşməliyik”.
Deputat Tahir Kərimli bildirib ki, əgər Avropa Şurası Azərbaycanı bu qurumdan çıxarmaq niyyətinə düşərsə, biz əks addım atmalıyıq: “Onlar belə qərar qəbul edənə qədər biz özümüz Avropa Şurasından çıxmalıyıq”. O xatırladıb ki, vaxtı ilə Azərbaycan ölüm hökmünü Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklər səbəbindən ləğv edib: “Artıq Rusiya İstintaq Komitəsi ölüm hökmünün bərpası haqqında düşünür. Biz Avropa Şurasına daxil olanda həm də düşünürdük ki, bu qurum Qarabağ problemi məsələsində Azərbaycana dəstək olacaq. Ancaq uzun illərdir ki, bu müşahidə edilmir. Əvəzində Avropa Şurası xristian təəssübkeşliyindən çıxış edir. Biz şərq ölkəsiyik və qiyafəmiz Avropasayağıdır. Ancaq Avropa Şurası bizim göy və yaşıl rənglərimizi qəbul etmir. Biz Avropa yox, asiyalıyıq. Heç kimin diktəsi ilə yaşamamalıyıq”.
Milli Məclis sədri Oqtay Əsədov isə deputatın çıxışına cavab verərək deyib ki, əgər Azərbaycan Avropa Şurasına kor-koranə itaət etsəydi, Azərbaycana qarşı belə çıxışlar olmazdı. "Söhbətin köküündə erməni diasporu və Azərbaycana qarşı qərəz durur".

“Xırda məsələləri özümüz həll etməliyik”

Millət vəkili Fazil Mustafa isə deyib ki, bizdə mülki məsələlərlə bağlı məhkəmə qərarlarının icrasında problem var: “Biz xırda məsələləri özümüz həll etməliyik. Bunlara Avropa Şurası neyləsin?”.
Fazil Mustafa qeyd edib ki, biz bu cür çıxışlar zamanı diqqətli olmalıyıq:
“Avropa Şurası bizi üzvlükdən çıxartsa o zaman fakt qarşısında qalıb çıxışlar edə bilərik. Mənə bu yaxınlarda bir vətəndaş müraciət etmişdi. Dəhşətlidir. Təsəvvür edin ki, Ali Məhkəmə vətəndaşın mülkiyyət hüququnu tanıyaraq mənzilin boşaldılması barədə qərar çıxarıb. Sonra iş icraya yönəldilib. 2 saylı İnzibati İqtisad Məhkəməsi Ali Məhkəmənin əleyhinə qərar çıxarıb və qərarın icrasını dayandırıb. Buna Avropa Şurası neyləsin? Biz özümüz belə xırda məsələlərin nail ola bilmirik”.
Deputat Zahid Oruc qeyd edib ki, ölkə prezidenti Brüssel sammitində iştirak qərarını verməklə, artıq Avropaya münasibətini ifadə edib: “Biz Avropa Şurasından çıxmaqla bağlı qərar versək, ermənilər bu fürsətdən istifadə edəcəklər. Dağlıq Qarabağın “müstəqilliyini” tanıtmaqdan tutmuş, digər məsələlərədək”.
Spiker Oqtay Əsədov isə “heç kim bu qurumdan çıxmağa hazırlaşmır. Biz bu qurumun münasibətindən danışırıq” deyə fikrini bildirib.
Deputat Elmira Axundova bildirib ki, Ukraynadan olan deputatların Azərbaycan əleyhinə səs verməsi rəsmi Kiyev tərəfindən də narazılıqla qarşılanıb. O qeyd edib ki, bu yaxınlarda Azərbaycanda səfərdə olan Ukrayna baş nazirinin müavini ilə Azərbaycan Ukraynalıları Konqresinin ofisində keçirilən görüşdə də bu məsələyə toxunulub: “Düşünürəm ki, deputatların o münasibəti rəsmi Kiyevin mövqeyi deyil”.
Sonda yenidən söz alan Səməd Seyidov təkliflə çıxış edib: “Milli Məclisin plenar iclasında səslənən fikirləri ümumiləşdirirək Avropa Şurasının Parlament Assambleyasına, o cümlədən Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqlanda göndərməliyik”.
Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, məktubu AŞ-nin baş katibinə göndərməyin onsuz da xeyri yoxdur, lakin digər qurumlara göndərmək olar.

Əli

Bu xəbər oxundu
- - -