Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil”

20.10.17, 14:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Prezident İlham Əliyev: "Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz"


"Ermənistan 25 ildən artıqdır, Azərbaycanın tarixi torpaqlarını - Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edib. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1992-ci ildə Ermənistan Xocalı soyqırımını törədib. Bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı qətlə yetirilib, onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib".
Bunu prezident İlham Əliyev İstanbulda keçirilən D-8 sammitində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir: "Eyni zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və azərbaycanlı mülki əhaliyə qarşı hərbi cinayətlərini davam etdirir.
Ötən ilin aprelində təmas xəttində Ermənistanın silahlı hücumu nəticəsində mülki şəxslər və hərbçilər həlak olub. Yüzlərlə yaşayış evi dağıdılıb. Azərbaycan Ermənistanın bu təxribatının qarşısını qətiyyətlə aldı, ordumuz torpaqlarımızın bir hissəsini erməni işğalçılarından azad etdi. Bundan sonra Ermənistan tərəfindən tamamilə dağıdılmış Cocuq Mərcanlı qəsəbəsi yenidən quruldu. 150 evdən ibarət bu qəsəbədə məktəb, tibb məntəqəsi və məscid tikildi. Bu məscid ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəridir".
Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMTTəhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: "Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək ki, onun əzəli torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq".
Azərbaycanın İslam həmrəyliyini xüsusilə əhəmiyyətli saydığını, bu işə öz töhfəsini verdiyini qeyd edən dövlət başçısı 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu xatırladıb.
"Eyni zamanda, bu il Azərbaycanda 54 müsəlman ölkəsindən gələn 3 minə yaxın idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunları keçirilib. Biz bu gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan isə Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz", - deyə prezident bildirib.
Azərbaycan prezidenti ölkəmizin qısa müddət ərzində uğurlu inkişaf yolu keçdiyini bildirib. Dövlət başçısı deyib ki, 2004-cü ildən başlayaraq Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb: “2 milyona yaxın iş yeri açılıb. Yoxsulluq 5 faizə düşüb. Savadlılıq 100 faizə yaxındır”.
O bildirib ki, Azərbaycanın valyuta ehtiyatları ölkənin ümumi daxili məhsuluna bərabərdir: “Xarici dövlət borcu ümumi daxili məhsulun 20 faizindən azdır. Azərbaycanın bu uğurları beynəlxalq təşkilatlar tərəfindən də qeyd olunur. Davos İqtisadi Forumunun iqtisadiyyatın rəqabət qabiliyyətliliyi üzrə builki hesabatında Azərbaycan 35-ci yeri tutub”.
Prezident qeyd edib ki, Azərbaycan beynəlxalq miqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. “Bu gün biz tərəfdaşlarımızla birlikdə “Cənub Qaz Dəhlizi” layihəsini icra edirik. Bu, dünyanın ən böyük infrastruktur layihələrindən biridir. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP qaz kəməri üzrə saziş 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında İstanbul şəhərində imzalanıb və bu kəmər gələn il istifadəyə veriləcək. Tezliklə rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qarsdəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyur. Bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaq”.

Bu xəbər oxundu
- - -