Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Vaxtında deyirdik ki, separatizmə qarşı mövqe bildirin”

23.10.17, 11:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Novruz Məmmədov: “Təəssüflər olsun ki, AŞPA və digər belə qurumlar kiçik geosiyasi maraqlara ədaləti qurban verir”

"Avropa Şurası Parlament Assambleyasında da, Avropada da heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir. Məsələ Azərbaycanın bu qurumdan çıxarılması formasında da qoyula bilməz".
Bunu Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.
Novruz Məmmədov bildirib ki, Avropa Şurasının bir üzvünün ərazisinin bir hissəsini işğal altında saxlayan başqa bir dövlət də bu qurumun üzvüdür: "Ancaq həmin işğalçıya - Ermənistana heç kim heç nə demir. Söhbət ondan gedir ki, Azərbaycan Avropa Şurasında qalmaq istəyər, yaxud istəməz. Buna Azərbaycan qərar verə bilər. Azərbaycan isə səbrlidir. Azərbaycan ehtiyac duyduğu zaman öz maraqları çərçivəsində hər bir addımı ata bilər".
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların, qurumların ədalətli olmasını istəyir: "Bu gün dünya birliyinin ən çox ədalətə ehtiyacı var. Təəssüflər olsun ki, AŞPA və digər belə qurumlar kiçik geosiyasi maraqlara ədaləti qurban verir. Ədalətin olmadığı yerdə isə qərbin tez-tez bəhs etdiyi universal dəyərlərin heç bir yeri ola bilməz. Ədalət yoxdursa, insan haqları, azadlıqlar məsələlərindən məqsədli istifadə ediləcək, siyasi amil kimi ortaya qoyulacaq".
Novruz Məmmədov nəzərə çatdırıb ki, 21-ci əsrdə, insan intellektinin ən yüksək inkişaf etdiyi bir dövrdə dünyada, ölkələr arasında, ölkələrdə baş verən proseslər göz önündədir: "İraqda, Suriyada, Liviyada, Afrikanın onlarla dövlətində hər gün minlərlə insan həlak olur, həyatını itirir, bu barədə danışan yoxdur. Halbuki bu proseslər öz-özünə baş vermir. Özü də bundan tək bu proseslərin baş verdiyi dövlətlər əziyyət çəkmir. Təhlükə böyüyür və həmin böyük dövlətlər də son nəticədə bundan əziyyət çəkirlər. 20-ci əsrdə iki dünya müharibəsi olub, o müharibələri kiçik dövlətlər yaratmayıb, başlamayıb. Belə hallarda böyük dövlətlərin özləri üçün də ciddi təhlükələr yaranır. Əsas məsələ də budur".
Novruz Məmmədov deyib ki, Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan prezidenti ilə son görüşdən sonra tamamilə görüşün ruhuna uyğun olmayan fikirlər səsləndirib.
Novruz Məmmədov bildirib ki, dövlət başçısı bir xalqın, dövlətin nümayəndəsidir: "Necə olubsa, həmin xalq bunu seçib, onun ən ləyaqətli insan olduğuna, sözünün üzərində duraraq ölkəni irəli aparacağına inanıb. Azərbaycan və Ermənistan prezidentlərinin son görüşündə nə baş verib? Uzun müddətdir ki, Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlar aparılmırdı, Ermənistan tərəfi buna həmişə mane olurdu.
Son görüşdə Azərbaycan və Ermənistan prezidentləri, xarici işlər nazirləri, ATƏT-in Minsk Qrupunun üç ölkəni təmsil edən həmsədrləri, ATƏT sədrinin nümayəndəsi iştirak edirdi. Bildirildi ki, uzun müddətdən sonra baş tutmuş görüşlə bağlı 3-4 bənddən ibarət fikri dünya ictimaiyyətinə çatdırılsın. Hamı razılaşdı. Əgər Ermənistan prezidenti razı deyildisə, bildirərdi ki, ürəyinə, ağlına nə gəlirsə, görüşdən sonra deyəcək. Lakin Sarkisyan bununla razılaşdı, sonra isə bir qrup erməni ilə görüşdə əvvəlcə görüşlə bağlı bəyanatı səsləndirdi, sonra da ağlına gələni dedi. Bununla da görüşün ruhuna uyğun olmayan fikirlər səsləndirdi. Azərbaycan prezidenti, digər dövlət rəsmiləri Ermənistan prezidentinə cavab verdi. Ancaq Ermənistan prezidenti həmsədrlərin qarşısında söz vermişdi ki, görüşdən sonra konkret fikirlərin dünya ictimaiyyətinə çatdırılmasına razıdır, görüşdən çıxandan sonra isə riyakarlıq edib, başqa cür danışır. O halda ona xalqının inamı necə olacaq, o xalqın inkişafını, rifahını necə təmin edə biləcək? Həmsədrlər əvvəlcə söz verib, sonra başqa addım atan Ermənistan prezidenti barədə nə düşünürlər?"
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan və erməni xalqı məhz bu cür rəhbərlərin sayəsində ağır duruma düşüb, ermənilər ölkələrini tərk edirlər: "Bu gün Ermənistanda cəmi 2,5 milyon insan yaşayır. Proqnozlara görə, vəziyyət bu cür davam edəcəksə, 20 ildən sonra da ölkə əhalisinin sayı 2,5 milyon nəfəri keçməyəcək. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra indiyə qədər əhalisi 3 milyon nəfərə qədər artıb. Bu, fərqi, inkişafı göstərir. Azərbaycan və paytaxtı dünyada ən gözəl ölkələrdən, paytaxtlardan biridir. Əgər dövlət başçısı statusun varsa, belə riyakarlıq etmək, yalan danışmaq olmaz. Danışdı, cavabını da aldı".
Novruz Məmmədovun qənaətinə görə, əgər Qərb, dünya Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşsaydı, münaqişə vaxtında ədalətli həll olunsaydı, bəlkə də bu gün bu münaqişələrin çoxu olmazdı.
Prezidentin köməkçisi bildirib ki, ötən əsrin 90-cı illərin əvvəlində dünyanın 10 ölkəsində narahatlıq doğuran münaqişələr olub, indi isə 50 ölkədə belə hal var: "Bu münaqişələr kiçik dövlətlərin fəaliyyətinin nəticəsində yaranmayıb. Bunlar xüsusən qərb dövlətlərinin apardığı siyasətin nəticəsində ortaya çıxıb. Bu gün artıq bumeranq kimi Avropanın özünə qayıdır. Avropanın özündə separatizmə mənbə olacaq məqamlar kifayət qədər çoxdur, bunu heç təsəvvür etmək belə istəmirsən. Onlar əvvəldən separatizmə bağlı ədalətli mövqe tutmadıqları, separatizmi açıq və örtülü formada dəstəklədikləri üçün bu gün belə problemlərlə üzləşirlər. Hazırda separatizmlə üzləşən ölkələrə vaxtında deyirdik ki, separatizmə qarşı mövqe bildirin. İndi həmin ölkələr bizdən separatizmə qarşı mövqe bildirməyimizi istəyirlər".
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan İspaniyada separatizmin əleyhinədir: "İtaliyada isə iki vilayət iqtisadi müstəqillik istəyir, bu, ilk addım ola bilər. Böyük Britaniyada İrlandiya, Şotlandiya kimi problemlər var. Geosiyasi maraqlara tabe olmaqdansa, ədalətli prinsiplər ortaya qoysaydılar, bu gün belə hallar da olmazdı. Ona görə də Avropada və dünyada prosesləri dəqiq proqnozlaşdırmaq çətin olur. Təəssüflər olsun ki, indi belə vəziyyət yaranıb".
Novruz Məmmədov Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünə dəvət olunmasına da münasibət bildirib və qeyd edib ki, bu, bir daha Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə və xüsusi əlaqələr olduğunu nümayiş etdirir.
Novruz Məmmədov bildirib ki, ev sahibi kimi bir dövlət dəvət etmək ixtiyarı olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2015-ci ildə “G 20” zirvə görüşünə də Azərbaycanı xüsusi qonaq kimi dəvət etmişdi: “Digər tərəfdən, Azərbaycanın belə mötəbər tədbirlərə dəvət olunmasına əslində təbii baxmaq lazımdır. Çünki Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır, hətta bir sıra nailiyyətlərinə, parametrlərinə görə onların çoxundan da irəlidədir. Məsələn, Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə dünyada 35-ci yerdədir, bundan əvvəl 37-ci yerdə idi. O nöqteyi-nəzərdən D-8 sammitində Azərbaycanın iştirakının həm ölkəmiz, həm də həmin dövlətlər üçün böyük əhəmiyyəti var idi. Zirvə görüşündə məsələlərin müzakirəsində, fikir mübadiləsində Azərbaycan prezidenti İlham Əliyev də iştirak etdi. Çünki Azərbaycanın artıq belə məsələlərdə yeri, rolu, mövqeyi görünür, bilinir və nəzərə alınır”.
Novruz Məmmədovun sözlərinə görə, Azərbaycan kiçik dövlət olsa da, təkcə region deyil, beynəlxalq miqyasda bəzən vasitəçi, təşəbbüskar kimi rolunu oynayır: “Bu, çox vacibdir. Bizim region çox mürəkkəb regiondur. Burada gedən proseslər dünyanın bütün ölkələrini narahat edir. Azərbaycan həm iqtisadi cəhətdən inkişaf etmiş dövlətdir, həm də siyasi və coğrafi mövqeyinə, beynəlxalq aləmdə tutduğu mövqeyə, statusa görə çox böyük əhəmiyyəti olan dövlət hesab edilir. Ona görə də Azərbaycan prezidenti D-8 sammitində Azərbaycanla bağlı vəziyyət, indiyə qədər atılan addımlar, keçilən yol, beynəlxalq aləmdə gördüyü işlər, o cümlədən islamofobiyaya qarşı mübarizə, islam həmrəyliyi istiqamətində atdığı addımlar və münaqişə ilə bağlı məzmunlu və diqqətə layiq çıxış etdi. Bu çıxış hamının alqışları ilə qarşılandı”.
Novruz Məmmədov Myanmada, Rohinca müsəlmanları qarşı törədilən dəhşətli cinayətlərdən də söz açıb.
Prezidentin köməkçisi bildirib ki, bir neçə gün əvvəl "Euronews" telekanalı Rohinca müsəlmanları ilə bağlı faciəni zəmanəmizin ən böyük faciələrindən biri kimi dəyərləndirib: "Bu, həqiqətdir. Amma bu faciəni kimlər törədib, hansı ölkədə baş verir? Bu faciə Qərbin uzun illər müdafiə etdiyi, həbsxanadan azad etdiyi Nobel sülh mükafatı laureatı, Myanma xarici işlər naziri və dövlət müşaviri Aung San Suu Kyi adlı bir hüquq müdafiəçisinin indi rəhbəri olduğu ölkədə baş verir. Bu hüquq müdafiəçisi faktiki ölkənin lideri, baş naziri vəzifəsindədir. Amma Qərb Rohinca müsəlmanları ilə bağlı məsələyə sərt, qəti mövqe bildirmir".
Novruz Məmmədov qeyd edib ki, 1990-cı illərin əvvəlində Azərbaycanda 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib: "Bu illər ərzində Azərbaycanda baş verənləri niyə əsrimizin ən böyük faciələrindən biri kimi qiymətləndirmədilər? Bu, bir nümunədir. Bəli, Rohinca müsəlmanlarına qarşı törədilənlər böyük faciədir, amma Azərbaycan haqqında bir dəfə də bunu deməyiblər. "Euronews" telekanalı da bu sıradandır. Azərbaycanda bir insanın hüququnun pozulduğu iddia olunsa, bu barədə aylarla danışıb, yazacaqlar. Amma bir milyon qaçqın və məcburi köçkünlərlə bağlı bəzən dilucu danışan da tapılmır. Bu, qərəz, ikili standart deməkdir. Dünyada sabitliyə, təhlükəsizliyə mane olan məhz belə hallardır. Azərbaycana qarşı belə hallara tez-tez yol verilir".

Bu xəbər oxundu
- - -