Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Biz istəyirik ki, həmsədrlər Ermənistana təzyiq etsin”

23.10.17, 11:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fikrət Sadıqov: “Əgər heç bir hərəkət və canlanma yoxdursa, hansı konstruktiv danışıqlardan söhbət gedə bilər?”

Asim Mollazadə: “Ermənistan sülh istiqamətində heç bir addım atmır və atmayacaq da”

Fazil Mustafa: “Növbəti görüşlərdə də hər hansı bir yeniliyin olacağını gözləmək mümkün deyil”

Prezidentlərin Cenevrə görüşündən dərhal sonra Serj Sərkisyan danışıqlar prosesini pozmağa yönəlik bəyanat verdi. Bundan sonra isə ənənvi üsul ortaya atıldı. Cəbhədə daha geniş formada təxribatlara start verildi. Demək olar ki, cəbhədə hər gün gərginlik müşahidə olunur.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Acarlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Oktyabrın 22-də isə bu gərginlik itki ilə nəticələnib. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.
Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, son günlər Ermənistan hakimiyyətinin müxtəlif təbəqələrdən olan nümayəndələri, o cümlədən bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə yalan və iftira dolu fikirlər səsləndiriblər: “Həlak olan erməni hərbçisinin düşmən ordusunda tüğyan edən cinayətkarlıq nəticəsində öz xidmət yoldaşının açdığı atəşdən öldüyünü təsdiq edən məlumatların yayılması bu iddiaların əsassız olduğunu bir daha sübut edir. Bu cür üzdəniraq və məsuliyyətsiz bəyanatlar verməklə Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyət və erməni xalqında qoşunların qarşıdurma xəttindəki vəziyyət barədə yanlış fikir formalaşdırmağa, törətdikləri təxribatlara haqq qazandırmağa və cavabdehlikdən yaxa qurtarmağa cəhd göstərir”.
Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində baş vermiş düşmən təxribatına görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qorxu və səksəkə içində olan ermənilərin gözünə hər yerdə müasir Azərbaycan silahları, o cümlədən tank əleyhinə idarəolunan “Spayk” raket kompleksləri görünür: "Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşündən qısa müddət sonra Azərbaycan əsgərini qətlə yetirən Ermənistan tərəfi cəbhədəki vəziyyətlə bağlı yaydığı növbəti iftira dolu məlumatda öz təxribatlarını ört-basdır etmək və dünya ictimaiyyətinin fikrini törətdikləri cinayətdən yayındırmaq məqsədini güdür. Aprel hadisələrində Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərdi. İndi də Ordumuz arsenalında olan silah və döyüş texnikasını tətbiq etməklə öz gücünü növbəti dəfə sübut etməyə hazırdır”.
Onu da əlavə edək ki, Rəsmi Bakı Serj Sərkisyanın məsuliyyətsiz bəyanatına münasibət bildirib. Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib ki, Ermənistan Prezidenti Serj Sarkisyan Azərbaycan Prezidenti İlham Əliyevlə son görüşdən sonra səsləndiriləcək bəyanatla razılaşdı, ancaq görüşdən sonra ağlına gələni deyir. N.Məmmədov bildirib ki, S.Sarkisyan tamamilə görüşün ruhuna uyğun olmayan fikirlər səsləndirib...
Belə olan halda maraqlı vəziyyət yaranır. Danışıqlar prosesinin dayandırılması məsələsi yenidən aktuallaşır.
Politoloq Fikrət Sadıqov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar müsbət nəticə vermir: “ATƏT-in Minsk qrupunun həmsədrləri və digər rəsmilərin verdiyi bəyanatlar da danışıqların nəticəsinə təsir etmir. Problem olduğu kimi qalmaqdadır”.
Politoloq vurğulayıb ki, bizim əsas məqsədimiz torpaqların azad edilməsi prosesinin başlanmasıdır: “Biz istəyirik ki, həmsədrlər Ermənistana təzyiq etsin. Əks halda, onların bəyanatı demək olar ki, heç nədir, sıfıra bərabərdir. Əgər heç bir hərəkət və canlanma yoxdursa, hansı konstruktiv danışıqlardan söhbət gedə bilər?”.
Politoloqun fikrincə, ola bilsin ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündə müəyyən konstruktiv fikirlər, ideyalar səslənib. Lakin bunlar heç bir nəticə verməyib: “Çünki Ermənistan prezidenti Serj Sarkisyan görüşdən sonra İsveçrədəki erməni diasporasının nümayəndələri ilə görüşdü və bildirdi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bəs Sarkisyan görüşə niyə gəlir? Danışıqlarda niyə iştirak edir? Onun rolu nədən ibarətdir? Bunu dərk etmək mümkün deyil”.
F. Sadıqovun sözlərinə görə, Sarkisyan heç bir kompromisə getmək istəmir: “Ona heç bir təzyiq göstərilmir. Nə qədər ki, Sarkisyana təzyiq edilmədən bizi ermənilərlə əyləşdirib kompromisə gətirmək fikrində olacaqlar, heç bir nəticə əldə edilməyəcək”.
Millət vəkili Asim Mollazadə diqqətə çatdırıb ki, Ermənistan sülh istiqamətində heç bir addım atmır və atmayacaq da: “Çünki nə düşmən ölkə, nə də onun sahibləri bölgədə sülh və sabitlik istəmirlər”. Ermənistanın Cenevrə danışıqlarına beynəlxalq təzyiq sayəsində gəldiyini deyən deputat söyləyib ki, Sarkisyanın əsas məqsədi beynəlxalq ictimayyəti yenidən aldatmaqdır: “Ermənistan müstəqil dövlət deyil, hərbi-bazadır. Artıq onların iqtisadiyyatı özəlləşdirilib, silahlı qüvvələri belə başqa ölkənin silahlı qüvvələrinin tərkib hissəsinə çevrilib. Ona görə də beynəlxalq ictimaiyyət, təşkilatlar müvafiq qərarlar verməlidirlər. 25 ildir davam edən vəziyyət açıq şəkildə göstərir ki, işğalçı vəziyyəti dəyişmək üçün heç nə etmir”. A. Mollazadə qeyd edib ki, vasitəçilər danışıqları Rusiya ilə aparmalıdırlar.
Millət vəkili Fazil Mustafa bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətdə heç bir dəyişiklik yoxdur. Ermənistanın mövqeyində heç bir dəyişikliyin olmadığını deyən deputat düşmən ölkə havadarlarının da problemin həlli istiqamətindəki mövqeyində heç bir dəyişikliyin olmadığını təəssüflə bildirib: “Bu baxımdan hazırda biz problemin həlli ilə bağlı nikbin heç nə deyə bilmərik. Uzunmüddətli fasilədən sonra keçirilən görüş də sülh danışıqları üçün imitasiya xarakteri daşıyırdı”. F. Mustafa əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə ölkəmizin prinsipal mövqeyindən əl çəkməyəcəyini və düşmən ölkəyə heç bir güzəşt edilməyəcəyini bəyan edib: "Görünür Ermənistan da atdıqları addımları ilə işğlaçılıq siyasətlərindən əl çəkməyəcəklərini açıq şəkildə bildirlər. Çünki, himayədarları buna icazə vermir. Belə olan halda, növbəti görüşlərdə də hər hansı bir yeniliyin olacağını gözləmək mümkün deyil”.

Əli

Bu xəbər oxundu
- - -