Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan AŞPA çərçivəsində öz mövqeyini daha da gücləndirməlidir”

23.10.17, 12:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rövşən Rzayev: “AŞPA kimi böyük meydanı Ermənistan kimi düşmən ölkəyə görə itirməməlidir”

“AŞPA-nın Azərbaycanla bağlı addımlarının arxasında Ermənistanın apardığı siyasət dayanır”. Bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev səsləndirib. O bildirib ki, erməni lobbisi Ermənistanın işğalçı siyasətini gündəmdən çıxartmaq üçün öz imkanlarından uğurla istifadə edir: “Bilirsiniz ki, erməni lobbisi “konyak diplomatiyası” kimi üsullarla bu cür məsələləri həyata keçirə bilirlər. Əgər bizdə belə etsəydik, o zaman müəyyən məsələlərdə nəticələr əldə edə bilərdik. Ermənilər bunu bütün beynəlxalq təşkilatlarda, o cümlədən AŞPA çərçivəsində reallaşdıra bilirlər. Çünki ermənilərin Avropada çox böyük dəstəyi var və bu göz qabağındadır. Ermənilər bu cür ədalətsizlik və ikilistandartlara uyğun olaraq öz məsələlərini həll edirlər. Ancaq AŞPA-dan Azərbaycan nümayəndə heyətinin qaldırdığı məsələlərə qarşı heç bir ədalətli yanaşma sərgilənmir. Avropada ermənilərə böyük dəstək olduğu üçün Azərbaycana qarşı növbəti dəfə qərəzli addımlar atılmasının şahidi olduq”.
R.Rzayev deyib ki, AŞPA Azərbaycan nümayəndə heyətinin qaldırdığı məsələləri görməzdən gəlir: “Misal üçün, bizim nümayəndə heyəti Avropa məhkəməsinin Çovdarov və digər şəxslərlə bağlı qəbul etdiyi qərarları var. AŞPA-ya sual edirik ki, bəs qaldırdığımız bu məsələlər nə zaman öz icrasını tapacaq? Ancaq qarşı tərəfdən heç bir cavab ala bilmirik. Sərsəng su anbarı ilə bağlı qətnamə var. Ancaq onun icrası ilə bağlı heç bir ədalətli addım atılmayıb. 2005-ci ildən bəri Dağlıq Qarabağla bağlı Alt Komitə yaradılıb. Məqsəd də münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır. Ancaq Alt Komitə də heç bir fəaliyyət sərgiləmir. Bunun da əsas səbəbi Serj Sarkisyanın AŞPA-ya verdiyi göstərişlə bağlıdır. Çünki Serj Sarkisyan AŞPA-ya birbaşa göstəriş verib ki, Alt Komitə nahaq yerə yaradılıb və bu heç zaman çalışmayacaq. Yəni, biz bu cür ədalətsiz mövqeylərin şahidi oluruq. Ona görə də AŞPA-da cüzi səs çoxluğu ilə olsa belə, Azərbaycan əleyhinə qərarlar qəbul edilir. Təbii ki, biz də buna qarşı öz işimizi davam etdirəcəyik”.
Deputat xaricdə yaşayan bəzi soydaşlarımızı “erməni dəyirmanına su tökməkdə” ittiham edib: “Çox təəssüflər olsun ki, Avropada fəaliyyət göstərən azərbaycanlılar da Azərbaycana qarşı qarayaxma kampaniyaları keçirtmək üçün bütün imkanlarından istifadə edirlər. Vaxtilə əməlləri həyata keçə bilməyən bu insanlar bu gün xaricdən Azərbaycan əleyhinə iş aparırlar. Mən düşünürəm ki, ümumiyyətlə, Azərbaycan AŞPA çərçivəsində öz mövqeyini daha da gücləndirməlidir. Biz fəaliyyətimizi daha da gücləndirməliyik, daha çox ədaləti tələb etməliyik və AŞPA çərçivəsində işimizi davam etdirməliyik. Mən qəti şəkildə Azərbaycanın AŞPA-da çıxmasının əleyhinəyəm. Azərbaycan AŞPA kimi böyük meydanı Ermənistan kimi düşmən ölkəyə görə itirməməlidir. Təbii ki, biz qarşı tərəfi də beynəlxalq hüququn prinsiplərinə ədalətli mövqe sərgiləməyə dəvət etməliyik. Onların da borcudur ki, bizimlə eyni səviyyədə münasibətlər qursunlar”.
R.Rzayev Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun uğurlu fəaliyyət qura bilmədiyi üçün tutduğu vəzifədən uzaqlaşdırılacağı barədə bir sıra mətbuat orqanlarında yayılan xəbərlərə də münasibət bildirib: “Nümayəndə heyətinin rəhbəri olan Səməd müəllim öz işini kifayət qədər uğurlu aparır. Nümayəndə heyətinin digər üzvləri də çox fəal iştirak edirlər. Hətta, nümayəndə heyətimizin üzvü olan Sahibə xanım Qafarova ən böyük komitənin sədridir. Sevinc xanım Fətəliyeva əsas məruzəçidir. Qənirə xanım Paşayeva isə bütün imkanlarından istifadə edib iş aparır. Rafael müəllim Hüseynov isə bütün nümayəndə heyətləri arasında ən sayılıb seçilən və fəal deputatlardan biridir. Mən isə orada Dağlıq Qarabağın Azərbaycan İcmasının üzvü kimi fəal iştirak edirəm. Ona görə də hesab edirəm ki, bütün bunlar Azərbaycana qarşı növbəti qarayxamadır. Səməd müəllim Seyidov kifayət qədər uğurlu qrup rəhbəridir”.

Bu xəbər oxundu
- - -