Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Sənayenin inkişafı. Emal sahələrinin dəstəklənməsi”

23.10.17, 12:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Oktyabrın 23-də İqtisadiyyat Nazirliyi və SOCAR-ın təşkilatçılığı ilə “Sənayenin inkişafı. Emal sahələrinin dəstəklənməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət başçısının rəhbərliyi ilə qeyri-neft sənayesinin diversifikasiyası, rəqabətqabiliyyətli və ixracyönümlü, innovasiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması ilə bağlı kompleks tədbirlər həyata keçirildiyini vurğulayıb. Uğurlu sənayeləşmə siyasəti nəticəsində son illərdə yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni sənaye sahələri yaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, idxaldan asılılıq azalıb, ixrac potensialı yüksəlib.

Tədbirdə qeyd edilib ki, sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin diversifikasiyası ilə bağlı sistemli tədbirləri həyata keçirilib və bu sahədə proqram xarakterli sənədlər qəbul olunub, qanunvericilik bazası formalaşdırılıb. Qabaqcıl texnologiyalara əsaslanan müəssisələrdən olan “SOCAR Methanol” MMC-nin istehsalı olan metanol da bir sıra yerli məhsullar kimi ixrac olunur, eləcə də yerli müəssisələr tərəfindən istifadə edilir.
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev sənayeyönümlü özəl müəssisələrlə dövlət əməkdaşlığının gücləndirilməsinin, ideya və texnologiyaların sənayedə tətbiqinin səmərəliliyin artırılmasında rolunu vurğulayıb, bu sahələrdə elmi araşdırmaların aparılmasının əhəmiyyətini qeyd edib. “SOCAR Methanol” MMC-nin direktoru Elnur Mustafayev 2013-cü ildən istismara verilən Metanol Zavodunun Qafqazda ilk və yeganə bu cür müəssisə olduğunu bildirib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə şirkəti olan “SOCAR Methanol” MMC-nin idarəçiliyinə verilib. Zavodun illik gücü 650-700 min tondur. Hazırda zavodda dünyada qabaqcıl istehsal texnologiyası hesab edilən, müasir zavodların əksəriyyətində istifadə olunan İCİ texnologiyası tətbiq edilir. Müəssisənin istehsal etdiyi məhsulun 95 faizdən çoxu ixraca yönəldilir. Zavodun məhsulları Türkiyə, Qərbi Avropa və Aralıq dənizi hövzəsi ölkələrinə ixrac edilir.
Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun direktor müavini Hikmət İbrahimov “SOCAR Metanol” MMC-nin kimya sənayesi üçün əhəmiyyətini vurğulayıb. Tədbir iştirakçılarının “SOCAR Methanol” MMC-nin fəaliyyəti və istehsal etdiyi məhsullar barədə məlumatlandırılması məqsədilə videoçarx nümayiş olunub və təqdimat keçirilib, metanoldan istifadə edən müəssisələrlə “SOCAR Methanol” MMC-nin nümayəndələri arasında müzakirələr aparılıb.

Bu xəbər oxundu
- - -