Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Daşkənddə Azərbaycan xalçalarından ibarət sərgi

23.10.17, 12:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Azərbaycan xalçalarından ibarət “Odlar yurdunun naxışları” daimi sərgisinin açılışı olub. İştirakçılar əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan xalçaları, milli geyimlər, kəlağayılar və musiqi alətlərini özündə əks etdirən sərgi ilə tanış olub. AMM-nin direktoru Samir Abbasovun Azərbaycan xalçaları barədə məruzəsi dinlənilib. Xalça sənətinin Azərbaycan xalqının bədii təfəkkürünü, istedadını nümayiş etdirdiyini və onlar barədə bir sıra mənbələrdə antik yunan tarixçilərinin yazıları olduğunu qeyd edib. O, Azərbaycan dövlətinin milli mədəniyyətimizin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi işlər barədə də məlumat verib. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, zəbt olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi, 22 muzey, 4 rəsm qalereyasının işğalçılar tərəfindən tamamilə məhv edildiyini bildirən diplomat, maddi-mədəni irsimizin, İslam irsinə aid abidələrin qarət edildiyini, Azərbaycanın qədim xalça məmulatlarının talançıların əlinə keçdiyini qeyd edib.
Samir Abbasov Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr və Azərbaycanın ənənəvi xalça sənətinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edildiyini vurğulayıb. Özbəkistanın Dövlət Tarix Muzeyinin direktoru, professor Cənnət İsmayılova, Milli Elmlər Akademiyanın Əsaslı Kitabxanasının direktoru Zuxra Berdiyeva xalqımızın istedadını, onun qədim tarixini, zəngin mədəniyyətini nümayiş etdirən və ən çətin əl işlərindən biri hesab olunan xalçaçılığın Azərbaycan xalqının vizit kartına çevrildiyini qeyd ediblər. Onlar dünyada ilk olaraq Azərbaycanda yaradılan unikal xalça muzeyi haqqında fikirlərini bölüşüblər. Özbəkistanda xalçalarımızın tanıdılması və satışı ilə məşğul olan mütəxəssis Şəmsəddin Museyibzadə Azərbaycan xalçalarının rəngarəngliyi, özünəməxsusluğu, onu dünyaya sevdirən xüsusiyyətləri barədə məruzə edib. O, təmsil etdiyi təşkilat adından “Azərbaycan xalçaları” daimi sərgi salonuna Qarabağ xalçası bağışlayıb.
Tədbirdə Azərbaycanın xalça sənəti, onun qədim tarixi, ölkəmizin regionlarına xas olan xalçalar, onlarda əks olunmuş naxışlar və s. barədə ətraflı məlumat verilib və bununla bağlı videomaterial göstərilib. Sonra “Odlar yurdunun naxışları” Azərbaycan xalçalarının daimi sərgi salonunun açılışı olub, ölkəmizin 7 əsas xalçaçılıq məktəbini özündə əks etdirən, müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar nümayiş etdirilib.
Qeyd edək sərgi salonunda Şirvan, Qarabağ, İrəvan, Dərbənd, Quba, Naxçıvan, Qazax-Borçalı və digər ərazilərdə əllə toxunulmuş xalçalar nümayiş etdirilib. Sərgidə, ümumilikdə, Azərbaycan xalçaçılıq məktəbinə aid 20-yə yaxın qədim xalça nümayiş olunur. Azərbaycan xalça sənətini özündə əks etdirən kitab sərgisi, xalçaların əl ilə toxunulmasında istifadə olunan dəzgah da maraqla qarşılanıb. Tədbirin sonunda Özbəkistanın “Surxan” musiqi qrupu Azərbaycan və özbək mahnılarını, Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.

Bu xəbər oxundu
- - -