Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Onlar bu savaşda bizə lazımdır

23.10.17, 14:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bir müddət öncə “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı medianın müsahib və ekspert sarıdan qıtlıq yaşadığını, oxucunun eyni simaları görməkdən, təkrarçılıqdan bezdiyini qeyd etmiş və problemin aradan qaldırılması üçün təkliflərini açıqlamışdı. Analitik Elçin Mirzəbəyli də Aynur xanımın bu fikirlərini bölüşərək mövcud problemin həllinin vacibliyini irəli sürmüşdü.
“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı diqqəti bəzi jurnalislərə çəkərək onların yazı redaktə etməkdən kənarlaşdırılıb, məhz politoloji fəaliyyətə yönəldilməsini, bu fonda Azərbaycanda təşkilatların, siyasi institut və beyin mərkəzlərinin yaradılmasını və sözügedən şəxslərin orada çalışmasını təklif etmişdi.
Mövzu ilə əlaqədar Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da Azərbaycanda ekspert dairəsinin genişlənməsinə ehtiyac olduğunu xüsusilə vurğulayıb: “Adətən ölkə daxilində və xaricində hadisələr baş verdikdə, bu, bir çox hallarda spesifik baxımından bir-birinə yaxın olmaya da bilər. Çox təəssüf ki, bəzi məqamlarda Azərbaycan mediasında həmin hadisələri eyni ekspertlər şərh edir. Sonra birmənalı qaydada məlum olur ki, həmin ekspert hadisələrdən o qədər də məlumatlı deyil. Müasir dünyada bir ekspert geniş biliyə malik ola, baş verən hadisələrin hamısı ilə bağlı müfəssəl fikir yürüdə bilməz, yalnız konkret istiqamətdə analizlər aparan peşəkar ekspertlər tədqiqat sahələrini əhatə edən olaylar haqda dəyərli məntiqi nəticələrini irəli sürə bilərlər. Dünyanın aparıcı media vasitələrində, xüsusilə də Rusiya və Türkiyənin tanınmış KİV-lərində hər sahə üzrə xüsusi ekspertlər fəaliyyət göstərir. Xarici media vasitələrində baş verən olaylarla bağlı fikir yürüdən spesifik ixtisaslaşmış ekspertlər məhz həmin hadisələrin içərisində olmaqla bərabər, bu hadisələri öyrənən ayrı-ayrı institutların mütəxəsisləridirlər. Çox təəssüf ki, Azərbaycan mətbuatında buna müəyyən hallarda rast gəlmirik. Bu baxımdan da ölkəmizdə ekspert dairəsinin genişlənməsinə çox böyük ehtiyac var. Azərbaycanda ayrı-ayrı mərkəzlər, təşkilatlar var ki, orada kifayət qədər öz sahəsini mükəmməl bilən insanlar fəaliyyət göstərir. Fikir versəniz, kənar ölkələrdə media nümayəndələrindən də bu sahədə geniş istifadə olunur. Azərbaycan mediasında da kifayət qədər hadisələri düzgün qiymətləndirən insanlar çalışır ki, hazırda onlardan ekspert kimi istifadə etmək mümkündür”.
Media eksperti, professor Qulu Məhərrəmli isə bildirib ki, istənilən yaxşı təşəbbüs təqdirəlayiqdir: “Ekspert qıtlığı problemi bir az ciddi məsələdir. Əlbəttə, media mötəbər olmaq, hadisələrə dürüst, vicdanlı münasibət bəsləmək, olayları obyektiv təhlil etmək istəyirsə, şübhəsiz ki, element kimi ekspertlərə ehtiyac duyur. Çox təəssüf ki, oxuyub, bilik qazanıb, bunun hesabına ekspertlik edilməsi yanlış yanaşmadır. Ekspert təkcə biliyi ilə deyil, həm də həyat təcrübəsi, hadisələrə yanaşma tərzi, şəxsiyyətinin gücü ilə də mütəbərlik qazanır. Ona görə də Aynur xanımın təşəbbüsündə məsələnin birinci tərəfi - gənclərin məhz politoloji fəaliyyətə yönəldilməsi çox yaxşı qoyulub. Amma bir məsələ də var: bizim oxucu, auditoriya kimə inanır? Vaxtilə Vəfa Quluzadə xarici siyasətin içində bişmiş, o qazanda qaynamış çox mötəbər bir ekspert idi və buna görə də ona inam böyük idi”.
Qulu Məhərrəmli konkret sahə üzrə istisaslaşmış gənclərin “beyin mərkəzlərində” inkişaf etməsini dəstəklədiyini vurğulayıb:
“Aynur xanımın təşəbbüsünü çox bəyənirəm, dəstəkləyirəm və inanıram ki, bu təklif reallaşarsa, medianın ekspertlərlə bağlı olan problemlərini müəyyən dərəcədə həll edəcək. Azərbaycanda bir neçə siyasi araşdırma mərkəzi var, onların sırasının artmasına ehtiyacımız var. Ancaq oraya kimlərin cəlb olunacağının üzərində də düşünmək lazımdır. Hesab edirəm ki, buraya xüsusi biliyə malik olan, həmin konkret ixtisas üzrə mükəmməl təhsil almış, müəyyən araşdırmaları olan şəxslərin cəlb olunması müsbət olardı”.
Aynur Camalqızı təklifinin müsbət qarşılandığını gözlədiyini bildirib: “Əslində, demək olar ki, bu məsələdə hamımız həmrəyik və bunun belə olacağını təzmin edirdim. Çünki hamımız bunları müşahidə edirik. Milli Məclisdə 125 deputat var, onun təxminən 10 faizi KİV-ə açıq, danışmağa hazır şəxsdir, müəyyən istisnalarla yerdə qalanlarını hətta üzdən belə tanımırıq. Hansı ki, onlar parlamentdə yalnız özlərini deyil, minlərlə seçicini təmsil edirlər, deməli, ölkə üçün, xalq üçün vacib, önəmli, taleyüklü məsələlərdə mütləq irəli çıxmağı, media vasitəsilə öz mesajlarını verməyi bacarmalıdırlar. Təəssüf ki, hər kəs öz statusunun verdiyi məsuliyyəti anlayacaq imkanlara malik deyil. Nəticədə biz media mənsubları olaraq, eyni simalarla işləməyə, topluma təxminən eyni fikirləri, açıqlamaları ötürməyə məcburuq”.
Aynur Camalqızı Elçin Mirzəbəylinin az öncə bu təşəbbüsə reaksiya verərək, analitiklərin maddi ehtiyaclarının qarşılanmalı olduğu barədə sözlərinin də ədalətli olduğunu deyib: “Təbii ki, ölkədəki aparıcı media orqanları kifayət qədər maddi resurslara sahib olsalar, reklam bazarı daha geniş, sərhədsiz və əlçatan olsa, biz də ekspertlərə öz əziyyətinin müqabilində qonorar ödəyərdik və onlar da bizimlə işləmək həvəsində olardı. Amma medianın bu imkanı yoxdursa, dövlətimizdən yardım istəyə bilərik. Siyasi araşdırma mərkəzlərinin yaradılmasına dövlət dəstək verə, düşünən beyinləri ora toplaya və bu beyin mərkəzlərinin sistemli işini stimullaşdıra bilər. Bir növ, bu sahənin də inkişafına dövlətimiz “dotasiya” ayıra bilər. Onların beyin məhsulundan yeri gəldikcə ictimai institutlar, qeyri-hökumət təşkilatları, diasporlarımız və s. bəhrələnə də bilərlər. Üstəlik, bu, sadəcə, daxili auditoriyaya deyil, xaricə də ünvanlanmalıdır. Xaricidilli media orqanlarının sayı və səviyyəsi artırılmalıdır. Dövlətimizin Qarabağ münaqişəsi ilə bağlı aparılan informasiya müharibəsi xaricidilli mediada yüksək səviyyədə davam etdirilməlidir. Daxili auditoriya ilə xaricə yönəlik bəyanatlar, informasiyalar fərqlənməli və peşəkarlıqla həyata keçirilməlidir. Bizim buna potensialımız var!
Mən ötən statusumda hazırda media orqanlarında jurnalist, redaktor kimi çalışan, əslində isə yetərincə hazırlıqlı, bitkin həmkarlarımızın olduğunu xatırlatmışdım və şərhlərdə onların bəzilərinin adları çəkilmişdi. Bir daha təkrar edirəm ki, bu məsələdə konkret bölgülərin aparılması və təşkilatlanmanın vacibliyi göz önündədir”.

Bu xəbər oxundu
- - -