Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycanın Ermənistan üzərində yeni diplomatik qələbəsi

24.10.17, 8:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tehranla Moskvanın ticarət tərəfdaşlarından olan Bakı, Rusiya, İran və Azərbaycan prezidentlərinin noyabrın 1-də Tehranda keçiriləcək sammitində iştirak etməklə, Ermənistana daha bir kabus yaşadacaq.
İranın ANAJ saytı yazır ki, Rusiya, İran və Azərbaycan prezidentlərinin növbəti görüşü noyabrın 1-də Tehranda baş tutacaq. Üçtərəfli görüşdə mühüm regional məsələlər, 3 ölkə arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Əsas diqqətin “Şimal-Cənub” dəhlizi layihəsində 3 ölkənin birgə iqtisadi maraqlarına yönələcəyi gözlənilir.
Cari ilin yayında keçirilməsi planlaşdırılan bu üçtərəfli görüş müxtəlif səbəblərdən, o cümlədən regional proseslər, geostrateji amillər və həmçinin müxtəlif texniki səbəblərdən təxirə salınmışdı. Lakin sadalanan bütün problemlərə baxmayaraq, tərəfdaşlar yuxarıda qeyd olunan layihənin vaxtında başa çatdırılmasında qərarlıdır. Azərbaycan isə bu 2 böyük qonşu üçün etibarlı tərəfdaş hesab olunur.
Ermənistanın əsas narahatlığı isə belə görüşlərin keçirilməsi yox, Azərbaycanın İran və Rusiya ilə iqtisadi əlaqələrini genişləndirməsi, Tehran və Moskva üçün Bakının əhəmiyyətinin artması, nəticədə Ermənistanın tranzit ölkə kimi əhəmiyyətinin və rolunun azalması, nəticədə bu ölkənin xarici gəlirlərin azalması ilə bağlıdır. İqtisadi asılılığın siyasi asılılığa aparıb çıxardığını nəzərə alsaq, demək olar ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli baxımdan getdikcə Ermənistandan daha üstün mövqeyə yiyələnir.
Qeyd edək ki, Tehranda keçiriləcək üçtərəfli sammitlə yanaşı, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı baş tutacaq. Bu da Ermənistanın qonşuları ilə iqtisadi və kommunikasiya blokadasını daha da artıracaq.
Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadə sözügedən sammit və əməkdaşlıqla bağlı deyib: “Bu qəbildən olan əməkdaşlıq regionda sülh və sabitliyə xidmət edəcək, tərəfdaşların inkişafına təkan verəcək. Buna görə də, bu görüşün Azərbaycan Respublikası üçün əhəmiyyəti daha çoxdur. Bu sammit Azərbaycan üçün böyük uğurlar vəd verir. Görüşün əsas mövzusu iqtisadi məsələlər və tranzit infrastrukturu olacaq. Bununla yanaşı, sammitdə müzakirə olunacaq olduqca əhəmiyyətli mövzularından biri də regionda Rusiya, İran və Azərbaycan üçlüyünün formalaşmasıdır. Bu məsələ rəsmi Bakı üçün böyük əhəmiyyət daşıyır”.
Görüşdə qaldırılacaq daha bir vacib məsələ İranın neft kəmərlərilə bağlıdır. Onun İranın Xəzər dənizindəki “Neka” limanını cənubdakı “Cask” limanı ilə birləşdirməsi nəzərdə tutulub. Bu layihə Xəzər dənizi bölgəsində iqtisadi inkişafa təkan verəcək. 1640 kilometruzunluğunda boru xətti gündəlik 1 milyon ton xam nefti İranın şimalından cənubuna nəql edəcək.
Məlumatlı mənbələr bildirir ki, İran bu layihəyə Azərbaycanın investisiya qoymasında və iştirakında maraqlıdır. Əgər İran və Azərbaycan prezidentləri arasında aparılacaq müzakirələrdə bu da danışıqlar predmeti olarsa, demək, 1 noyabr Azərbaycanın xeyrinə, Ermənistanınsa ziyanına işləyəcək tarixi gün olacaq.

Bu xəbər oxundu
- - -