Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dağlıq Qarabağla bağlı beynəlxalq güclər bəyanat verməklə kifayətlənir, əməldə heç nə eləmirlər”

24.10.17, 11:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tahir Kərimli: “Təcavüzkarla təcavüzlə üzləşən dövləti eyniləşdirirlər”

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov Stefan Viskonti Fransa, Andrü Şofer yaxın günlərdə regiona səfər edəcək. Bunu Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” Levon Mnaçkanyan bildirib. Onun sözlərinə görə, həmsədrlər regiondakı cari durumu müzakirə edəcəklər. Qeyd edək ki, daha əvvəl Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Minsk Qrupunun həmsədrlərinin regiona səfər edəcəyini bildirmişdi: "Prezidentlərin danışıqları zamanı bir sıra məsələlər müzakirə olunub və prezidentlər danışıqların intensivləşməsinə dair razılığa gəliblər.
Həmsədrlərin danışıqları ilin sonuna kimi intensiv şəkildə aparacaqlarına dair təklifləri var. Onlar təklif ediblər ki, yaxın gələcəkdə xarici işlər nazirlərinin görüşü olsun. Lakin görüşün yeri və tarixi hələlik məlum deyil"
ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədrləri Ceyms Uorlik və Kerri Kavano Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünü şərh ediblər. Uorlik prezident İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşünün əhəmiyyətli olduğunu qeyd edib: "Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, onlar arasında səmimi söhbətlər baş verir və bu irəliləyiş əldə etmək üçün çox vacibdir".
Prezidentlər arasında ikitərəfli görüşlərin vacibliyinə diqqət çəkən Kerri Kavano isə qeyri-rəsmi görüşlərin əhəmiyyətini xüsusilə vurğulayıb: "Prezidentlər arasında qeyri-rəsmi münasibətlər münaqişənin nizama salınmasının açarlarından biridir. Biz Heydər Əliyev və Robert Köçəryan arasında bu cür münasibətlərin olduğunu xatırlayırıq. Onlar dost olmayıbar, ancaq bir-birilərini başa düşürdülər, birlikdə işləməyi bacarırdılar". Keçmiş həmsdrlərin fikrincə, liderlər arasında şəxsi münasibətlərin qurulması DağlıqQarabağda sülhün bərqərar olmasında əhəmiyyətli rol oynaya bilər. Əldə edilmiş razılıqların həyata keçirilməsində siyasi iradənın mövcudluğu isə məsələnin digər tərkib hissəsi olaraq qiymətləndirilir.
Amma görünən odur ki, danışıqlar prosesi getdikcə dalana dirənir. Həmsədr dövlətlərin öz aralarında ciddi fikir ayrılıqları var. Ermənistan preidenti Cenevrə görüşündən dərhal sonra təxribat xarakterli bəyanat verir. Rusiya bir həmsədr kimi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ermənistana 100 milyonluq silah verməklə tərəf kimi çıxış edir. Ermənistan isə cəbhədə təxribatları daha da genişləndirməklə danışıqlar prosesini pozmaqla məşğuldur.
Bütün bunların fonunda yaxın perspektivdə vəziyyətin daha mürəkkəb
xarakter alacağı gözləniləndir.
Yeri gəlmişkən Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 103 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan kəndlərində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Abdinli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Politoloq Qabil Hüseynli deyib ki, cəbhəboyu vəziyyət gərgin olaraq qalır, hərbi qarşıdurmanın miqyası isə getdikcə genişlənir. Politoloqun sözlərinə görə, Sərkisyan Cenevrədə qeyri-ciddiliyi ilə Dağlıq Qarabağ probleminin taleyinin birbaşa üçüncü super dövlətin səlahiyyətində olduğunu təsdiqlədi: "Həm danışıqlar prosesində, həm də real praktikada oyuncaq dövlət kimi çıxış edən Ermənistan siyasi iradəsi olmayan bir rəhbərdən asılı vəziyyətdədir. İrəvanın günahı ucbatından nəticəsiz bitən danışıqların ardından cəbhədə vəziyyətin gərginləşməsi əslində yaxşı heç nə vəd etmir. Azərbaycan əvvəl təmkinlik nümayiş etdirsə də, təxribatlara qarşı artıqlamasıyla cavab verəcək. Sözsüz ki, Ermənistan iki il danışıqları boykot etdikdən sonra yaranmış yeni imkanı da qəsdən pozaraq vəziyyəti gərginləşdirmək xəttini götürdü. Diqqət çəkən məqam isə hazırda rus mətbuatında sülh danışqlarındansa hərb variantının daha çox ağılabatan olması və bunun haçansa həyata keçə biləcəyi ilə bağlı yazıların dərc olunmasıdır. Proseslərin hazırkı gedişatında yeganə təqsirkar erməni tərəfidir. Cəbhəboyu vəziyyət gərgin olaraq qalır, hərbi qarşıdurmanın miqyası isə getdikcə genişlənir. Azərbaycan hərbi əməliyyatlardan başqa digər bir varinat üzərində düşünmür. Ermənilərin nəyə arxayın olduğunu söyləyə bimərəm, hər halda İrəvan çox riskli və təhlükəli addım atdı. Bu, bölgəni yenidən barıt çəlləyinə çevirə bilər. Əminliklə demək olar ki, Ermənistan tərəfinin itkiləri daha çox olacaq".
Millət vəkili Tahir Kərimli bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar yolunu tutması düzgün addımdır: “Belə fikirlər səslənir ki, bu düzgün deyil, hərbi yolu seçmək lazımdır. Lakin Dağlıq Qarabağ məsələsi zorən beynəlmiləl məsələyə çevrilib. Buna görə də beynəlxalq hüquq Azərbaycanın tərəfindədir". O qeyd edib ki, heç bir dövlət Dağlıq Qarabağın müstəqilliyini tanımayıb, Azərbaycanın ərazi bütövlüyünün əleyhinə bəyanat verməyib. Ona görə də istənilən diplomatik danışıqlar Azərbaycanın xeyrinə nəticələnməlidir: “Ermənistan bilir ki, Azərbaycan hərbi yolla öz torpaqlarını azad etməyə qadirdir. Ermənistan bunu bilə-bilə diplomatik danışıqlardan qaçır. Diplomatik danışıqların Azərbaycanın xeyrinə nəticələnəcəyi Ermənistana gün kimi aydındır”. Deputat vurğulayıb ki, bəs niyə Ermənistan Azərbaycanın qat-qat üstün hərbi gücündən qorxmur? T. Kərimli əlavə edib ki, Ermənistan yaxşı bilir ki, Azərbaycan torpaqlarını hərbi yolla azad etməyə məcbur olsa ilk növbədə ATƏT-in Minsk qrupuna həmsədr olan dövlətlər buna imkan verməyəcək.
Deputat deyib ki, Ermənistan hay-küy salacaq ki, Azərbaycan danışıqları pozur: “Qarabağ cinayətkarı olan Serj Sarkisyan Cenevrə görüşündən sonra həyasızcasına konfidensial söhbətlər barədə həqiqətə uyğun olmayan məlumatları ona görə yaydı ki, prezidentlərin görüşməsi ehtimalı azalsın”.
O həmçinin qeyd edib ki, Dağlıq Qarabağla bağlı beynəlxalq güclər bəyanat verməklə kifayətlənir, əməldə heç nə eləmirlər. Təcavüzkarla təcavüzlə üzləşən dövləti eyniləşdirirlər: “Hesab edirəm ki, danışıqlar davamlı olsaydı, ümid etmək olardı. Amma bir halda ki danışıqlar ermənilər tərəfindən pozulur, şübhə yaranır. İnanmaq olmur ki, bu yolla problem həll edilsin”.
Deputatı Rövşən Rzayev deyib ki, prezidentlərin Cenevrə görüşündən sonra məsuliyyətsiz davranışı və hərbi təxribatları ilə danışıqları pozmağa cəhd göstərən Ermənistan hələ də neandertal təfəkkür səviyyəsində olduğunu nümayiş etdirir:”Düşmən ölkə tərəfindən atılan addımların heç biri təəccüb doğurmur. Çünki Ermənistan hər dəfə danışıqları pozaraq ya cəbhədə təıxribatlar törətməyə çalışır, ya da sərsəm bəyanatlar verməklə beynəlxalq ictimaiyyətin fikirlərini yayındırmağa çalışır. Son günlər Ermənistan xarici işlər nazirinin müavini diplomatik etikadan tamamilə uzaq açıqlamaları ilə seçilir. Görünür o, laboratoriya ilə diplomatiyanın yerini dəyişik salıb. Bütün bunlar Ermənistanda qeyri-yetkin və kriminal siyasi rejimin höküm sürdüyünü bir daha sübuta yetirir".
Avropa Siyasi Mərkəzinin analitiki Amanda Pol isə deyib ki, Cənubi Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir və bu çox təhlükəlidir. A.Pol vurğulayıb ki, Ermənistanın və ümumiyyətlə regionun hərbiləşdirilməsi heç də müsbət hal deyil. Lakin görünür ki, İrəvan Azərbaycanın hərbi potensialını üstələməkdə ehtiyac duyur.

Əli

Bu xəbər oxundu
- - -