Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir

24.10.17, 11:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Oktyabrın 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) böyük dramaturq və şair Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümünə həsr edilən “Hüseyn Cavidin sənət fəlsəfəsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbirdə Azərbaycam Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, ADMİU-nun rektoru Fərəh Əliyeva qısa yaradıcılıq ömrü yaşamış unudulmaz dramaturqun zəngin fəaliyyətindən söz açıblar. Bildirilib ki, Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyub, mədəni irsimizə maraqlı, dərin fəlsəfi düşüncəyə malik obrazlar bəxş edib. Böyük dramaturqun “Maral”, “Şeyx Sənan”, “Uçurum”, “İblis”, “Afət”, “Peyğəmbər” və başqa dram əsərləri ədəbiyyatımızın inciləri sırasına daxil olub.
Diqqətə çatdırılıb ki, Hüseyn Cavidin yaradıcılığına ən böyük qiyməti ulu öndər Heydər Əliyev verib. Ümummilli Liderin səyi və qətiyyəti sayəsində ədibin nəşi uzaq İrkutskdan doğma vətənə gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilib.
Konfransda Hüseyn Cavidin sənət fəlsəfəsinin azərbaycançılıq məfkurəsinin formalaşmasında rolu, Azərbaycan cavidşünaslığının estetik problemləri, XX əsrin əvvəllərində yaranan Azərbaycan romantizmi ilə Avropa romantizmi arasında fərqli və oxşar cəhətləri, “Cavid teatrı”nın milli mədəniyyətimizin tərkib hissəsinə çevrilməsi kimi problemlər müzakirə olunub.

Bu xəbər oxundu
- - -