Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qəbələ”də yaxşı futbolçular toplaşıb”

24.10.17, 12:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Qəbələ”nin xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiçin apasport.az saytına müsahibəsi

- “Qəbələ” ölkə çempionatının IX turunda çempionluğa əsas namizəd olan “Qarabağ” üzərində vacib qələbə (1:0) qazandı...
- Həqiqətən də, bu görüşdə 3 xal əldə etmək önəmli idi. Komandamız matçı yaxşı keçirdi və layiqli qələbə qazandı. Bu nəticə məni çox sevindirdi.
- Uzun müddətdi zədəli olduğunuz üçün yenə komandanıza kömək edə bilmədiniz. Buna görə təəssüflənirsizmi?
- Əlbəttə ki, təəssüflənirəm. Zədəli olmağım heç yerinə düşmədi. Çünki bu cür çətin qarşılaşmada “Qəbələ”yə kömək etmək istəyirdim. Düşünürəm ki, 3 həftədən sonra kollektivlə birgə məşqlərə qatıla biləcəm.
- “Qəbələ”nin “Qarabağ”ı məğlub yola salacağını gözləyirdizmi? Çünki rəqib bir neçə gün öncə adlı-sanlı “Atletiko” klubundan xal almağı bacarmışdı...
- Mənim üçün sürpriz olmadı. Çünki üzvü olduğum komandanın gücünə bələdəm. “Qəbələ”də yaxşı futbolçular toplaşıb. Bu mənada, “Qarabağ” üzərindəki qələbəni gözləyirdim.
- Necə düşünürsüz, “Qəbələ” “Qarabağ”la sona qədər çempionluq mübarizəsi apara biləcək?
- Çempionluq haqda danışmaq hələ tezdi. İndidən bu mövzuya toxunmaq istəmirəm. İndi bizi yalnız qarşıdakı oyun maraqlandırmalıdı, çempionluq yox.
- Yeri gəlmişkən, Premyer Liqanın növbəti turunda “Zirə”nin qonağı olacaqsız. “Sumqayıt”a məğlubiyyəti saymasaq, rəqib son vaxtlar inamlı təsir bağışlayır...
- Düz qeyd etdiniz, “Zirə” güclü rəqibdi. Bizi çətin oyun gözləyir. “Zirə” cari mövsümdə yaxşı oyun göstərir. Amma bu bizi qorxutmur. Komanda yoldaşlarım bu görüşə də yaxşı hazırlaşacaqlar. Baxımlı futbol sərgiləyib, azarkeşlərimizi sevindirəcəyimizə inanıram.
- Əksəriyyət “Qəbələ”nin ötən mövsümdəki oyununu hələ göstərə bilmədiyini, fiziki cəhətdən tam hazır olmadığını düşünür. Bununla razısızmı?
- Yayda heyətimizdə çoxlu dəyişiklik oldu. Bir neçə futbolçu “Qəbələ” ilə yollarını ayırdı, əvəzində komandaya yeni oyunçular gəldi. Təbii ki, yeni transferlərin kollektivə tam uyğunlaşması üçün bir qədər vaxt lazımdı. Heyətdə bu qədər dəyişiklik olandan sonra yaxşı oyun göstərmək asan deyil. Fiziki duruma gəlincə, komandamızın bu sarıdan “axsadığını” düşünmürəm. Futbolçular bütün oyunlara tam hazır vəziyyətdə çıxırlar.
- “Qəbələ” ilə mövsümün sonuna qədər müqaviləniz var. Klubdakı gələcəyinizi necə görürsüz? Uzun müddət bu komandanın formasını geyinməyi düşünürsüzmü?
- “Qəbələ” ilə sözləşməmin müddəti yayda başa çatacaq. Mövsümün sonunda necə olacağı haqda hələ bir söz deyə bilmərəm. İndiki məqamda məni yalnız tez sıraya dönmək, meydanlara qayıtmaq maraqlandırır. Bunu edəndən sonra hər şey yaxşı olacaq (gülür).
- Həmyerliniz Robert Prosineçkinin Azərbaycan yığmasının baş məşqçisi postunda qalıb-qalmayacağı hələ dəqiqləşməyib. Bir müddət əvvəl adı Xorvatiya millisi ilə birgə hallanan mütəxəssisin indi də Sloveniya, həmçinin Bosniya və Herseqovina yığmasından təklif aldığı haqda məlumatlar yayılıb. Necə düşünürsüz, Prosineçkinin qərarı nə olacaq?
- Prosineçki böyük futbolçu olub. Dünyanın ən güclü komandaları – “Real” və “Barselona”da oynaması bunu təsdiqləyir. Prosineçki haqda yayılan məlumatları mən də izləyirəm və onu bir neçə yığma komandanın istədiyini bilirəm. Prosineçki özü ən doğru qərarı qəbul edəcək.
- Xorvatiya yığmasında Robert Prosineçkinin rəhbərliyi altında oynamaq istərdinizmi?
- Prosineçki yaxşı məşqçi olduğunu sübuta yetirib. O, Xorvatiya millisini çalışdırmağa layiqdi. Bu mənada, yığmanın baş məşqçisi olsa, sevinərəm. Onun təyinatı ölkə futbolu üçün yaxşı olardı. Prosineçki Azərbaycan yığmasında yaxşı nəticə verdi. Lakin yenə deyirəm ki, gələcək karyerası haqda ən doğru qərarı özü verəcək.

Bu xəbər oxundu
- - -