Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan ordusu cəbhədə təxribatı davam etdirə bilməyəcək”

25.10.17, 11:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Yaşar Aydəmirov: “Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bütün cəbhə boyu döyüş hazırlığındadır”

Cəbhədə erməni təxribatı davam edir və vəziyyət gün gündən gərginləşir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (3 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 96 dəfə pozub.
Ermənistanın Noyemberyan rayonunun Berdavan, Dovex kəndlərində və adsız yüksəkliklərdə, eləcə də İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan və Horadiz kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Ekspertlər Cenevrə danışıqlarından sonra cəbhədə erməni təxribatlarının artmasını təsadüfi saymırlar. Qeyd edək ki, oktyabrın 16-da Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək və geniş tərkibdə görüşü keçirilib. Oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.
Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib ki, Ermənistan ordusucəbhədə təxribatı davam etdirə bilməyəcək: “Sadəcə, Ermənistan rəhbərliyi öz xalqında xof yaratmağa çalışır ki, cəbhədə vəziyyət gərgindir, hər an müharibə başlaya bilər”.
Hərbi ekspert qeyd edib ki, Ermənistan beynəlxalq aləmə arxalansa da, Azərbaycan ordusunun qüdrətinə yaxşı bələddir: “Onlar Dağlıq Qarabağ və ətraf 7 rayonda müharibəyə başlasalar, necə cavab alacaqlarından xəbərdardırlar. Ermənistan ordusu hansı silahdan istifadə edibsə, Müdafiə Nazirliyi adekvatdan da artıq, iriçaplı artilleriya sistemləri ilə kəskin cavab atəşi açacaq”.
Yaşar Aydəmirovun sözlərinə görə, işğalçı dövlət Azərbaycanın hərbi potensialının artmasından narahat olaraq təşvişə düşüb: “Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bütün cəbhə boyu döyüş hazırlığındadır, əməliyyat şəraitinə tam nəzarət edir. Ordumuz hər hansı təxribata həmin anda dəqiq cavab verməyə hazırdır. Düşmənimiz bizdən minlərlə kilometr uzaqda deyil, elə bizim öz ərazimizdədir. Tam əminliklə demək olar ki, Azərbaycan ordusunun sərəncamında olan silah və hərbi texnika növləri, o cümlədən çoxməqsədli raket sistemlərinin köməyi ilə nəinki işğal edilmiş ərazilərimizi azad etmək, hətta düşmən ərazisində onun dövlət əhəmiyyətli bütün strateji və hərbi obyektlərini qısa müddətdə məhv etmək olar”.
General-leytenantın fikrincə, böyük dövlətlər Azərbaycan ordusunu analiz edir və Ermənistanı fəlakət gözlədiyini bilirlər. Yaşar Aydəmirov Azərbaycan ordusunun professional olduğunu və dünyanın çox dövlətlərində olmayan iri və kiçik miqyaslı təlimlər keçirdiyini vurğulayıb: “Buna çox dövlət qadir deyil. Ermənistan bir neçə iri təlimlər keçirib, amma kütləvi şəkildə raketlərdən, artilleriya sistemindən istifadə etməyib. Çünki bu, maliyyə tələb edir, bir mərminin qiyməti yüzlərlə dollarla ölçülür. Lakin Azərbaycan ordusu müntəzəm olaraq təlimlər keçirir, əsas heyət üzvlərinin hamısı döyüş texnikasının texniki-taktiki göstəricilərini, onlarla davranma qaydalarını yaxşı bilirlər”.
İnternet-media eksperti Səbuhi Abbasov deyib ki, ümumiyyətlə, danışıqların qısa xronologiyasına baxsaq görərik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən bütün proseslərdə pozuculuq missiyasını Sarkisyan yerinə yetirib: “Bunun da hər kəs üçün bəlli olan səbəbləri var. Əvvəla, Ermənistan danışıqlar masasınada nə deyə bilər? Hansı arqumentləri gətirə bilər? Yəni BMT, ATƏT və digər mötəbər təşkilatlar Ermənistanı işğalçı kimi tanıyıb, Azərbaycanın ərazi bütövlüyünü qəbul edib”. Onun sözlərinə görə, hətta Ermənistanın qeyri-şərtsiz torpaqları azad etməsi üçün qətnamalər də var: “Bu mənada Sarkisyanın deməyə nə sözü ola bilər? Dalana dirəndiyinə görə status-kvonu qorumaq naminə provokativ addımlar atır. Sarkisyanın erməni diasporları ilə görüşdə dediklərinə heç ordakılar belə inanmırlar. Bu dəqiqdir. Ermənistanda baş verən anarxix prosesləri hər kəs gözəl bilir. Bu ölkə vorzakonların cinayət yuvasına çevrilib, əhali qorxu içində yaşayır. Aclıq və səfalət öz yerində. Sarkisyan diaspordan pul qoparmaq üçün bütün imkanlardan yararlanmağa çalışır”.
Millət vəkili Zahid Oruc diqqətə çatdırıb ki, Cenevrədə əldə olunan şifahi razılaşmalar heç bir günlük atəşkəsə də yaramadı: “Kremlin kölgəsi altında baş tutan danışıqlar bir ildən artıqdır iflasa uğramış vasitəçilik missiyasının təmas xəttindəki vəziyyətə və münaqişənin gələcək çözümünə heç bir təsir göstərmədiyini üzə çıxardı. Lakin beynəlxalq gündəmin Sankt-Peterburq və Vyanadakı öhdəliklərə kökləndiyini öz cəmiyyətinə sırımağa çxalışan Sərkisyan üçün Azərbaycanın “müharibə hüququ”nun əlindən alındığını iddia etmək və demilitaristləşmə yönündə Qərbin rəsmi Bakıya təzyiq etməsinə nail olmaq çox böyük arzu idi. Olmadı. Regiona silah satmaqdan imtina edən qüvvələrin nə sülhə, nə də müharibəyə təsir resursu qalır. Əvəzində hərbi diplomatiya fəal bir şəkildə siyasi danışıqları əvəz edir və sanki hamıya meydan oxuyur. O üzdən erməni ekspert camiyəsində belə bir qənaət möhkəmlənib ki, Prezident İlham Əliyev heç bir şərt qoyulmayan danışıqlara qarşı tərəfi məcbur edəndən sonra hər iki cəbhədə - diplomatik cinahda və silahlı meydanda sərbəst hərəkət etmək azadlığını qazanıb. Dağlıq Qarabağın qondarma müdafiə naziri Levon Mnatsakanyanın, “Azərbaycanın son günlər tank əleyhinə tətbiq etdiyi artilleriya zərbələri və iki “Spayk” raketi ilə bağlı ATƏT-ə edəcəkləri şikayət” də dediklərimizi təsdiq edir. Ona görə Cenevrədə təkbətək görüş formatına çıxarılan iki prezidentdən hansının psixoloji döyüşü qazandığı tam üzə çıxır. Deməli, sülh üçün qarşlıqlı nifrəti müəyyən qədər azaltmaq məramına hesablanan plan baş tutmadı. Azərbaycan əl-qolunu bağlamağa və hər bir güllənin hesabını verməyə xidmət edən təşəbbüsləri neytrallaşdırandan sonra milyardlar xərclədiyi texnika və texnologiyanı köhnəltmək fikrində deyil. Ona görə Cenevrdən sonra münaqişənin son 23 illik tarixində sanki rollar dəyişib - indi şikayətçi tərəf - razılaşmalara əməl edilməsi davasını aparan və “ən pis danışıqlar müharibədən yaxşıdır” devizi ilə hərəkət edən ermənilərdir”.
Millət vəkili həmçinin Rusiyanın baş naziri Medvedyevin İrəvana səfərinə də toxunub və bildirib ki, onun səfəri parlament idarəçiliyi adı altında köhnə komandaya yeni obraz biçməyə və Kremlin son direktivləri ilə onları tanış etməyə yönəlib: “Çünki günlər öncə Polşanın Xarici İşlər naziri Vitold Vaşikovski NATO və Avropa Birliyinin növbəti mesajlarını çatdırmaq üçün İrəvana gəlmişdi. Rəsmi məlumatlarda səfərin məqsədi Şimali Avroatlantik Birliyin 360 dərəcədə olan təhlükələri öyrənmək üçün erməni ictimaiyyətinin fikirlərini öyrənmək söylənsə də, Brüsselin hədəfləri tamam başqadır. Bəllidir ki, polyak siyasi elitası hazırda Avropada Amerika maraqlarının əsas ötürücüsü rolunda çıxış edir. Şərq Tərəfdaşlığı sammiti qapının ağzını kəsib və Qərblə gizli gedən oyunlar Moskvanın xoşuna gəlmir. İrəvan üzrə rusiyalı kuratorlar bir müddət əvvəl Amerika səfirinin verdiyi səs-küylü açıqlamanı unutmayıblar. Avropa deyir ki, müstəqillik nümayiş etdirmək və suveren iradə ortaya qoymaq üçün yardım etməyə hazırdılar. Yetər ki, belə instiktləri İrəvan ortaya qoysun. Lakin Sərkisyan devrilmiş prezident Yanukoviçin və gülləbaran edilmiş sələflərinin aqibətini unutmayıb”.

Əli

Bu xəbər oxundu
- - -