Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Sərkisyan bu cür spekulyasiyalarla vaxt udur”

26.10.17, 13:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İlqar Vəlizadə: “Azərbaycan cəbhədə bir sıra irəliləyişlər əldə edə bilər”

Azər Həsrət: “Sərkisyan uğursuz cəhdlər edir”

Əli Qənbərli: “Onlar sadəcə görüntü yaratmaq istəyirlər”

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endrü Şefer Ermənistan mediasına açıqlamasında deyib ki, oktyabrın 16-da Cenevrədə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yaxşı nümunədir. Onun sözlərinə görə, ABŞ həmsədr ölkə kimi Minsk prosesinə sadiqdir. "Biz daha əvvəl nail olunmuş razılıqları, həmçinin, Vyana və Sankt-Peterburq razılaşmalarını reallaşdırmağa çalışaraq, tərəfləri atəşkəs rejiminə hörmət etməyə və ən yüksək səviyyədə danışıqları davam etdirməyə çağırmaqda davam edirik. Həmsədrlər növbəti görüşün tarixinin dəqiqləşdirilməsi üçün Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə işləyir. Növbəti görüş qarşıdakı həftələrdə gözlənilir", - deyə amerikalı həmsədr vurğulayıb.
Amma digər həmsədr dövlət olan Rusiya hərbçiləri Ermənistan dağlarında təlim keçəcəklər. Məlumata görə, Cənub hərbi dairəsinin Rusiya hərbi bazasının tank bölmələrinin hərbi qulluqçuları Ermənistanda yay dövründə yekun yoxlamalar çərçivəsində "tank dueli" keçirəcəklər. Oktyabrın 27-dək davam edəcək yoxlamaların gedişində T-72B tank ekipajları "Alaqyaz" yüksək dağlıq poliqonunda şərti düşmənin canlı qüvvəsini və zirehli hərbi vasitələrini məhv edəcəklər. Təlimlərə Rusiya tank bölmələrinin təqribən 100 hərbi qulluqçusu və 30-dan çox hərbi texnikası cəlb olunacaq.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündə danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görmək və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa dair razılaşmasını alqışlayırıq”. O qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyir: “Hazırda həmsədrlər Azərbaycan və Ermənistan XİN başçılarının görüşü üzərində işləyir. Təəssüflər olsun ki, münaqişə zonasında vəziyyət mürəkkəb olaraq qalır. Bakı və İrəvanı razılaşdırılmamış məsələlərin düyününün açılmasına konstruktiv yanaşmağa çağırırıq”.
Ermənistan isə cəbhədə vəziyyəti gərginləşdirməkdə davam edir. Hər gün atəşkəs rejimi pozulur və təxribatlar daha da genişləndirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Bütün bunların fonunda Ermənistan Prezidenti Serj Sərkisyan müharibəni qəti arzulamadığını və sülh danışıqlarına sadiq olduğunu bildirib.
Politoloq İlqar Vəlizadə bildirib ki, Azərbaycan cəbhədə kiçik də olsa, bir sıra irəliləyişlər əldə edə bilər: “Lakin ordumuz hələ buna tələsməyəcək. Çünki İrəvan dərhal sülh danışıqlarının pozulduğunu səbəb gətirərək, bundan Bakının əleyhinə istifadə edə bilər”. Ekspert hesab edir ki, Azərbaycanın növbəti hərbi uğuru Ermənistanın məğlubiyyəti demək olacaq: “Hətta Ermənistanda daxili siyasi vəziyyət o dərəcədə pozulacaq ki, bu müharibə Dağlıq Qarabağ klanının bütün üzvlərinin hakimiyyətdən getməsi ilə nəticələnəcək. İrəvan da birmənalı olaraq məhz bu perspektivlərə görə hərbi yoldan qaçır. Cəbhədəki son vəziyyət ondan xəbər verir ki, İrəvan Azərbaycanın münaqişənin hərbi yolla həllinə tələsmədiyindən xəbərdardır. Ona görə də də ara-sıra gərginlik yaradır, təxribatlara əl atır. Sərkisyan bu cür spekulyasiyalarla vaxt udur. Onun əsas məqsədi marta qədər birtəhər kürsüdə oturmaq və rotasiya prinsipinə əsasən bu posta öz silahdaşlarından birini gətirməkdir. Zənnimcə, Azərbaycan cəbhədə kiçik də olsa, bir sıra irəliləyişlər əldə edə bilər. Lakin ordumuz hələ buna tələsməyəcək. Çünki İrəvan dərhal sülh danışıqlarının pozulduğunu səbəb gətirərək bundan Bakının əleyhinə istifadə edə bilər. Bu üzdən də çox ehtiyatlı olmalı, ən uyğun zamanı gözləməliyik”. Danışıqlara gəlincə, politoloqun sözlərinə görə, Bakının bu prosesi davam etdirməkdə öz maraqları var. “Azəbaycanın məqsədi bu vəziyyətdən istifadə edib hansısa diplomatik irəliləyişlər əldə etməkdir. Ancaq digər maraqlı tərəf Minsk Qrupu isə sadəcə danışıqlar prosesinin getməsinə, beləliklə də nisbi sülhün təmin olunmasına çalışır. Ona görə də danışıqların hansısa bir səmərə verəcəyinə inanmıram. Minsk Qrupu Ermənistana təzyiq göstərməlidir ki, İrəvan mövqeyini dəyişsin və konstruktiv danışıqlara getsin. Təəssüf ki, bu da yaxın zamanlarda baş verməyəcək”.
Siyasi şərhçi Azər Həsrət isə Sərkisyanın daha öncə səsləndirdiyi danışıqlar prosesini pozmağa yönəlik bəyanatına diqqət çəkib. O diqqətə çatdırıb ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra Ermənistan prezidenti Serj Sərkisyanın sərsəm bəyanatlar verməsində təəccüblü heç nə yoxdur. Onun sözlərinə görə, ermənilərə başçılıq edən şəxslər həmişə üzdə bir söz, arxada başqa söz deməyə öyrəncəlidirlər: "Yəni bu onların xislətindən irəli gəlir. Ermənistan prezidentinin də məlum görüşdən sonra faktiki olaraq daxili ictimai rəyə hesablanmış açıqlamaları o qəbildəndir. O özü də anlayır ki, Azərbaycan Prezidenti qarşsında hər addımda zəif görünür. Ən adi bir görüşdə, danışıqlarda Azərbaycan Prezidenti bütün xarizması və arxasındakı gerçək xalq gücüylə Ermənistan prezidentini mənən məhv edir. Ona görə də Sərkisyan belə görüşlərdən sonra özünü üstün göstərmək üçün uğursuz cəhdlər edir. Qınamıram. Çünki adam aşağılıq kompleksindən əziyyət çəkir".
Politooq Əli Qənbərli isə vurğuladı ki, cəbhədə təxribatların baş verməsi birinci hal deyil: “Artıq belə demək mümkündür ki, bu vərdiş halını alıb. Ermənilərin cəbhədə mütəmadi olaraq fəallaşması çəkindirmə mövqeyindən başqa bir şey deyil. Onlar sadəcə görüntü yaratmaq istəyirlər. Bəli növbəti görüş baş tuta bilər. Bu mümkündür. Amma düşünürəm ki bu görüş də nəticəsiz bitəcək”.
Millət vəkili Bəxtiyar Sadıqov deyib ki, bu gün nə Ermənistanın özü müstəqil dövlətdir, nə Serj Sarkisyan Ermənistanın müstəqil prezidentidir, nə də o öz bildiyi kimi hərəkət edən bir insandır: “O artıq “siyasi kukla”ya çevrilmiş bir adamdır”. Onun sözlərinə görə, Sarkisyan oyunbazlıq edir və oyunla məşğuldur: “O həm istəyir erməni diasporunın yanında yeri xoş olsun, həm də istəyir ki, Ermənistanda rəğbət qazansın. Çünki bu insan hakimiyyətini davam etdirmək istəyir. Bütün bu oyunlar gec-tez açılır. Azərbaycan Prezidenti dünyada sözünün sahibi olan, qətiyyətli, uzaqgörən bir liderdir. Sarkisyan isə əksinə yalançı, riyakar, verdiyi sözə əməl etməyən bir marionet prezident kimi tanınır. Onun Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra sərsəm bəyanatlar verməsi hamı tərəfindən gözlənilirdi. Çünki bu ilk deyil. Amma heçnə onu xilas edə bilməyəcək. Rəsmi İrəvan nə qədər tez sülhə gəlsə bu dövlət, xalq üçün bir o qədər faydalıdır”.

Əli

Bu xəbər oxundu
- - -