Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənilər istəklərinə çata bilmədilər

27.10.17, 10:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Ermənilərin tarixdə olmayan “dənizdən-dənizə Ermənistan” niyyətlərinə ingilislər laqeyd qaldılar və nəticədə bu, yalnız şirin bir xəyal oldu"

2-ci yazı
Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycamn Respublikası bu gün Ermənistanın qəsbkarlıq siyasəti ilə üz-üzə qalıb. Faktlar göstərir ki, ermənilər 100 il öncə də indiki kimi Azərbaycanın tarixi torpaqlarını qəsb etmək, qırğınlar törətmək istəyilə yaşayır, imkan düşən kimi saxta istəklərini gerçəkləşdirirdilər. Bu kimi faktları dərindən incələməyimiz bundan sonrakı proseslərdə daha ağıllı davranmağımız üçün ciddi ipucları verə bilər. Gerçəklik odur ki, erməni murdar hədəflərindən əl çəkmir, dünyanı özünə havadar sayır, daha da azğınlıq göstərir.
Professor Musa Qasımlı araşdırmasında bildirir ki, müharibədə məğlub olan Osmanlı dövlətinin 1918-ci il oktyabrın 30-da Mondros barışığını imzalaması ilə şərait də dəyişdi. Ölkə fəlakətli vəziyyətə düşdü. Hər bir qalib dövlətin türk torpaqlarını bölüşdürməkdə öz planları var idi. Bu zaman Yaxın Şərqdə daha səmərəli silahlı qüvvələr saxlayan Böyük Britaniya Hindistandan Bosfora qədər ingilis müstəmləkələri və ya yarımmüstəmləkələri zolağı yaratmaq, Türkiyəni ərəb ölkələri, İran və Əfqanıstan ilə birlikdə Yaxın Şərq imperiyasına daxil etmək, Osmanlı mülklərindən digər ölkələri uzaqlaşdırmaq istəyirdi. Bunun üçün Yaxın Şərqin bütün əsas strateji məntəqələri Böyük Britaniyanın əlində olmalı idi. O, İstanbulu və boğazları beynəlxalq komissiyanın nəzarətinə verməyi planlaşdırırdı. Avropa Türkiyəsinin digər əraziləri, həmçinin İzmir Ponti dövləti kimi yunanlara verilməli idi. Anadoluda müstəqil Kürdüstan dövlətinin qurulması və daşnak Ermənistanının sərhədlərinin genişləndirilməsi və onun üzərində amerikan mandatı qurulması planlaşdırılırdı. Osmanlı dövlətinin məğlub olması Azərbaycan üçün də çətinliklər yaratdı. Türk hökuməti ordu hissələrini Azərbaycanda çıxarmağa məcbur oldu. Bakıya ingilis qüvvələri gəldi. Yaranmış şəraitdə daşnakların da mövqeyi dəyişdi. Onlar yenidən ingilislərin tərəfinə keçmək üçün cəhd etdilər. Lakin daşnakların saxtakarlığını anlayan ingilis komandanlığı tezliklə Qarabağda dinc müsəlman əhalini kütləvi surətdə məhv edən daşnak qüvvələrinə qarşı tədbirlər aldılar. Bununla bağlı olaraq general V.M.Tomson yazırdı: “Bizim tələbimizə əsasən Azərbaycan ordusu Bakıdan çıxarılmış, Yelizavetpolda Andranik və Avetisovun başçılığı ilə kütləvi surətdə müsəlmanları qıran erməni qəsbkarlarına qarşı yerləşdirilib”.
Beləliklə, ermənilər ingilis hərbi hissələrinə iki dəfə - Denstervil və Tomson başda olmaqla Bakıya gəldikdə arxalansalar da, istəklərinə çata bilmədilər. Onların tarixdə olmayan “dənizdən-dənizə Ermənistan” niyyətlərinə ingilislər laqeyd qaldılar və nəticədə bu, yalnız şirin bir xəyal oldu.
Professor Musa Qasımlı daha sonra yazır: "Cənubi Qafqazda heç bir zaman olmayan Ermənistan adlı bir dövlət türk torpaqlarında qurulduqdan və Azərbaycan hökuməti tarixən azərbaycanlılara məxsus olan İrəvan şəhərini paytaxt olaraq güzəştə getdikdən sonra daşnaklar ərazilərini genişləndirmək üçün dinc azərbaycanlı əhalinin kütləvi surətdə öldürülməsi siyasətini gücləndirdilər. “Daşnaksütyun Partiyasının əksinqilabi rolu” adlı sənəddə yazıldığı kimi, erməni silahlı dəstələrinin fəaliyyətində əsas məqsəd erməni iri ticarət burjuaziyasının köməyi ilə Ermənistanda diktatura qurmaq və “müstəqil daşnak respublikasının” sərhədlərini Türkiyə (Şərqi Anadolunun yeddi vilayəti), Gürcüstan (Axalkələk, Borçalı) və Azərbaycan (Qarabağ, Naxçıvan və b.) hesabına genişləndirmək idi: "Daşnaklar hakimiyyətə gələrkən Ermənistan ərazisində 1 milyon 200 min nəfər əhali var idi. 1920-ci ilin sonlarında Ermənistan sovetləşdiriləndə isə ölkədə cəmi 770 min nəfər əhali qalmışdı. 1918-1920-ci illərdə Ermənistanda əhalinin milli tərkibi dəyişdirildi. Daşnaksütyunun hakimiyyəti illərində Ermənistanda əhali 35,5% azaldı. Türklər 77%, kürdlər 98%, yezidi kürdlər (sənəddə yezidlər yazılıb – M.Q.) 40% azaldı. Əgər 1918-ci ildə Ermənistanda ermənilər 885 min nəfər idisə, 1920-ci ildə 690,5 min nəfər olmuş və ya 22% azalmışdılar. Türklər isə əgər 1918-ci ildə 260 min nəfər idisə, 1920-ci ildə 60 min olmuş və ya 77% azalmışdılar. Kürdlər 1918-ci ildə 25 min nəfər idisə, 1920-ci ildə 0,5 min nəfər olmuş və ya 98% azalmışdılar. Yezidlər 8 min nəfər idisə, 1920-ci ildə 5 min nəfər olmuş və 40% azalmışdılar. Ruslar isə 15 min nəfərdən 14 min nəfərə düşmüş və ya 7% azalmışdılar. Digər müllətlərin sayı 7 mindən 4 min nəfərə düşmüş və ya 43% azalmışdı. 1918-1920-ci illərdə daşnak hökuməti azərbaycanlı və kürd kəndlərinin dinc əhalisini “dövlət tələblərini yerinə yetirməmək” bəhanəsi ilə bombardman edərək dağıtmış, amansızlıqla öldürmüş və ya qaçqına çevirmişdi. Daşnaksütyun 30 aylıq hökmranlığı dövründə Ermənistanda erməni əhalisinin 35%-ni, azərbaycanlı əhalinin 60%-ni məhv etdi. Ermənistanın bütün türk olmayan əhalisi qanundan kənar elan edilmişdi. Azərbaycanlı və kürd əhalisini qırmaq yolu ilə Daşnaksütyunun ölkəni erməniləşdirmək ideyası və digər milli azlıqları təqib etməsi ölkədə milli qırğını artırmışdı.
Daşnak hökuməti erməni millətindən olmayanları hakimiyyət orqanlarına yaxın buraxmamaq haqqında bir dekret də vermişdi. Erməni dilini bilməyən ermənilər isə vəzifələrində qalmışdılar. Digər bütün erməni olmayanlar dövlət və hökumət strukturlarından uzaqlaşdırılmışdılar. Daşnaklar “azərbaycanlılar bizim düşmənlərimizdir” şüarı altında azərbaycanlı və kürd kəndlərini bombardman edir, dinc əhalini öldürürdülər. Baş Gərni dəstəsinin rəisi, podpolkovnik Məlikşahnəzərov 1918-ci il noyabrın 7-də erməni diviziyasının rəisinə göndərdiyi təcili məruzəsinə bu rayonun bütün kəndlərinin bombardman edilməsi və 30 türk kəndinin tutulması barədə məlumat verir, qalan 29 kəndin bombardman edilməsinə icazə verilməsini istəyirdi. Mərkəzdən icazə alan daşnak silahlı dəstələri Baş Gərni rayonunda onlarla azərbaycanlı kəndi yerlə yeksan, əmlakını talan etdilər, qadınları, qocaları, gəncləri və uşaqları öldürdülər. Bu rayonun taleyi Ermənistanın azərbaycanlılar və kürdlər yaşayan digər rayonlarına da nəsib oldu. Daşnakların hakimiyyəti dövründə Baş Gərni, Böyük Vedi, Basarkeçər, Şərur, Qarabağ, Zəngəzur və başqa rayonlar dəfələrlə bombardmana məruz qaldılar". Sovet dövründə hazırlanmış bir sənəddə daşnakların siyasətinin mahiyyəti belə açılırdı: “1918-ci ilin sonlarında daşnaklar Zəngəzur qəzasında əhalisi 150 min nəfər olan 400 kəndi yer üzündən sildilər”.
Erməni dəstələri 1918-ci il noyabrın 23-də Ovçular, Davudan, Atqız, Şabadin, Həşim, Quşçular kəndlərini dağıtdılar və sakinlərini öldürdülər. Hücum zamanı 1000 nəfər azərbaycanlı amansızlıqla qətlə yetirildi: "Yaranmış vəziyyətdən çıxmaq üçün 1918-ci il noyabrın 24-də Tiflisdə Azərbaycan və Ermənistan nümayəndələri arasında hərbi əməliyyatların dayandırılması haqqında barışıq bağlandı. Buna baxmayaraq, imzalanan sazişləri inkar edən ermənilər dinc azərbaycanlı kəndlərini yandırmaqda, insanları öldürməkdə və qaçqına çevirməkdə davam edirdilər. Müsəlman Milli Şurasının 1918-ci il dekabrın 1-də qəbul etdiyi aktda yazılırdı ki, Kars vilayətində, Şərur və İrəvan quberniyasının şənub-şərq hissəsində, Naxçıvan və Çürməli qəzalarının kəndlərində Ermənistan və Gürcüstan respublikalarından qovulmuş qaçqınların olmadığı bir kənd yoxdur. Erməni silahlı dəstələrinin törətdikləri qırğınları xarici ölkələrin nümayəndələri də təsdiq edirdi. Böyük Britaniya nümayəndəsi P.Koks dekabrın 20-də göndərdiyi teleqramda bununla bağlı olaraq yazırdi: “Ermənilər Aleksandropol-Culfa xətti boyunca müsəlman kəndlərinə hücum etdilər”.
Daşnaklar təkcə dinc əhalini qırmaqla kifayətlənmirdilər. Onlar yeni ərazilər işğal etmək üçün əvvəllər olduğu kimi, yenə də xarici yardımlar axtarırdılar. Daşnak hökuməti xarici qüvvələrə arxalanaraq Cənubi Qafqazda və Türkiyənin şərq vilayətlərində niyyətlərinə çatmaq üçün fəaliyyətlərini genişləndirmişdi. Bu istəklər Ermənistanı böyük dövlətlər arasında “topa” çevirirdi. Belə bir şəraitdə Ermənistan üzərində mandat məsələsi gündəliyə gəlmişdi. Bununla əlaqədar olaraq Böyük Britaniya hərbi komandanlığı tərəfindən hazırlanan memorandumda yazılırdı: “Gürcüstandan fərqli olaraq Rusiya Ermənistanının əhalisi az homogen olduğu (erməni elementi müsəlmanlarla və kürdlərlə qarışıb), dənizə çıxışı olmadığı üçün coğrafi baxımdan müstəqil deyil. Onun mövqeyi bir də onunla mürəkkəbləşir ki, Rusiya erməniləri ya indi, ya da bundan sonra Türkiyə ilə birləşmək arzusundadırlar. İngiltərənin siyasətinin təbii xətti hazırki müstəqil erməni hökumətini (ermənilərin İrəvan Respublikasını) tanımaq və onun Türk Ermənistanı ilə birləşməsinə mane olmamaqdır. Hər hansı bir güclü xarici dövlət Türk Ermənistanı üzərində yardım mandatı əldə etsə, bu, ölkənin birləşməsində yaxşı rol oynaya bilər”.
Bu məsələlər müzakirə edilərkən, 1919-cu ilin əvvəllərində Türkiyədə sultan Vahiddədinin (VI Mehmet) kürəkəni Fərid Paşa yeni bir hökumət qurdu. O, işğalçılara tabe idi. Sülh bağlanana qədər parlament buraxıldı. Ordu dağılmışdı. Türk xalqı dörd illik ağır, üzücü müharibədən bezsə də, işğalla barışmadı. Anadolunun ayrı-ayrı yerlərində kəndli partizan hərəkatı başlamışdı. Lakin bunlar az və plansız idi. Kifayət qədər güclü olan müttəfiqlər kəndli hərəkatına əvvəllər əhəmiyyət vermirdilər.
1919-cu ilin yanvar ayının əvvəllərində ingilis qüvvələri komandanı general Uorker Karsa gəldi. Anadoluda Britaniya hakimiyyətinin qurulmasına başlandı. Ermənilər yaranmış şəraitdən istifadə etməyə çalışırdılar. Uorker Karsa gəldikdən üç gün sonra ermənilər onun yanında oldular. Azərbaycanlıların öldürülməsində ad çıxarmış daşnak generalı Korqanov ilə birlikdə Kars vilayəti üçün administrasiya da qatarda Ərzurumdan geri çəkilərkən buraya gəlmişdi. Daşnaklar bundan sonra Kars vilayətinin digər ərazilərinə hücum etmək istəyirdilər. 1919-cu il yanvarın 3-də Arpaçay sahilində yerləşən Taylar, Koşenan, Tillik, yanvarın 9-da isə işğal etdikləri Gülbag kəndində dəstələrini cəmləşdirdilər. Yanvarın 15-də daşnak dəstələri Ağbabada döyüşlər apardılar. Bu hərəkətlər barədə Batumdakı ingilis komandanlığına verilən etiraz məktubundan sonra daşnaklar orduların üzərinə hücumu dayandırsalar da, İrəvan quberniyasında azərbaycanlılara qarşı qırğınları davam etdirirdilər".
Uğur

Bu xəbər oxundu
- - -