Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Mən işləyəndə “Neftçi”yə nə olmuşdu ki?”

27.10.17, 12:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Neftçi” klubunun sabiq çalışdırıcısı və millinin keçmiş məşqçisi Elxan Abdullayevin apasport.az saytına müsahibəsi

- Yığmanın baş məşqçisi Robert Prosineçki ilə yollar ayrıldı. Vaxtilə onunla birgə işləmisiz. Siz xorvatiyalı mütəxəssisin qalmasını istəyirdiz, ya getməsi daha düzgün oldu?
- Prosineçkinin millidən getdiyini bilirəm. Bu, onun seçimidi və biz hörmətlə yanaşmalıyıq. Qərar AFFA rəhbərliyi ilə Prosineçkinin qarşılıqlı razılığı əsasında verilib. Onunla uzun müddət işləmişəm. Prosineçki yaxşı mütəxəssis və yaxşı insandı. Ona gələcək işlərində uğurlar arzulayıram. İnanıram ki, Prosineçki bundan sonra işləyəcəyi yerdə də nəticə verəcək.
- Prosineçkinin yığmadakı işini necə qiymətləndirmək olar?
- Fakt odu ki, millinin tarixində ən çox xal toplayan məşqçi Prosineçkidi. Azərbaycan yığması bu vaxta qədər heç vaxt bir seçmə mərhələdə 10 xal yığmamışdı. Bu, rekorddu. Pis və ya yaxşı, seçmə mərhələni beşinci yerdə bitirmişik. Amma bir şeyi nəzərə almaq lazımdı ki, çətin qrupa düşmüşdük, rəqiblərimiz güclü komandalar idi. Şəxsən mən Prosineçkinin qalmasını istərdim. Ancaq belə oldusa, deməli, bu cür məsləhətdi.
- Millidə Prosineçkidən əvvəl Berti Foqtsun da köməkçisi vəzifəsində çalışmısız. Almaniyalı məşqçi ölkəmizdə uzun müddət işləməsinə baxmayaraq, sevilmədi, daha çox tənqid obyekti oldu. Prosineçki isə qısa müddətdə sevildi. Bu iki məşqçi arasında fərq nədə idi?
- Sizin də dediyiniz kimi, Foqts Azərbaycanda uzun müddət çalışdı. Onu da pisləmək olmaz. Hər bir məşqçinin Azərbaycan futboluna öz xeyri dəyib. Müqayisə etməli olsaq, Prosineçki qısa müddətdə ən böyük nəticə verdi. Bu, faktdı. Prosineçki Azərbaycanda 8 il işləsəydi, bəlkə də, daha yaxşı nəticəyə imza atardı. Artıq millidən gedib. Buna görə də, nəsə danışmaq düz olmaz.

- Nəticədən başqa bu məşqçilərin ölkəmizə, futbolumuza münasibəti də başqa idi...
- Mən Prosineçki ilə daha yaxşı dil tapırdım. Çünki biz, demək olar ki, həmyaşıdıq. Foqts ağsaqqal, qoca nəslin məşqçisi idi. Təbii ki, o da böyük məşqçidi.
- Prosineçkinin yerinə milliyə yerli məşqçi gətirilməlidi, ya əcnəbi çalışdırıcı?
- Milliyyətindən asılı olmayaraq, yeni gələcək məşqçinin yığmamıza xeyir verməsini istərdim. Bu mənada, mənim üçün fərqi yoxdu. Fikrimcə, federasiya düz seçim edəcək.
- Səlahiyyətiniz olsaydı, yığmaya Foqtsu qaytarardınız, yoxsa Prosineçkini?
- Mən kiməm ki, kimisə milliyə qaytarım? Sizin kimi, mən də hazırda kənardan baxan insanam. Yenə deyirəm ki, belə olubsa, deməli, məsləhət bu cürdü.
- Sabiq komandanız “Neftçi” yeni çalışdırıcı Tərlan Əhmədovun rəhbərliyi altında ardıcıl 3 qələbə qazandı. Futbolçular da Əhmədovun gəlişindən sonra komandanın özünəinam hissinin geri qayıtdığını bildirirlər. Bəs sizin vaxtınızda bu özünəinamın olmaması nə ilə bağlı idi?
- Mən işləyəndə “Neftçi”yə nə olmuşdu ki? Bu, onların fikridi. Elə deyirlərsə, deməli, elədi. Onlara Tərlan müəllimlə işləmək rahatdısa, lap yaxşı. Uğurlar arzu edirəm, təki “Neftçi” üçün yaxşı olsun.
- Tərlan Əhmədov açıqlamasında komandanın yerli və əcnəbi futbolçuları arasında qruplaşma olduğunu deyib. Siz bunu hiss edirdizmi?
- Hansı qruplaşmadan söhbət getdiyini bilmirəm. Belə şeylərə fikir verən insan deyiləm. Qruplaşma yaxşı şey deyil. Baxır hansı qruplaşmadan söhbət gedir. Əgər dil məsələsi nəzərdə tutulursa, əlbəttə ki, əcnəbilər bir yerdə oturacaq. Bunumu nəzərdə tuturlar?
- Yerlilər və əcnəbilərin bir olduğunu nəzərdə tutur...
- Azərbaycan dilində danışanlar bir yerdə oturacaq, rusdillilər bir yerdə. Bu, təbii şeydi. Təki meydançada qruplaşma olmasın. Kollektiv bir olmalıdı. Yalnız bu halda nəticə olur.
- Düşünmürsüz ki, sizin “Neftçi”dəki işinizə qruplaşma mane oldu?
- Deyə bilmərəm. “Neftçi”də işləmişəm və bu məsələ ilə bağlı çox danışmaq istəmirəm. Olan olub, keçən keçib. Bu məsələyə qayıtmaq istəmirəm.

Bu xəbər oxundu
- - -