Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənilər ingilislərin yardımından istifadə etməyə çalışırdılar

30.10.17, 9:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İngilis jurnalisti Skotland Liddel yazırdı: “Özünün coğrafi mövqeyinə görə, Qarabağ həqiqətən Azərbaycana məxsus olmalıdır... "

3-cü yazı
Professor Musa Qasımlı araşdırmasında bildirir ki, ingilis komandanlığı Cənubi Qafqaz dövlətləri arasında mübarizənin mahiyyətini dərindən öyrənməyə çalışırdı. Bu məqsədlə Tiflisdəki ingilis generalı, mülki-siyasi missiyanın rəisi Biç 1919-cu il yanvarın 25-də Azərbayacanın diplomatik nümayəndəsi M.Cəfərovun yanına gəldi. O, Azərbaycanın sərhədləri məsələsi ilə maraqlanırdı. Diplomatik nümayəndə xəritə üzərində Azərbaycanın sərhədləri barədə geniş məlumat verərək bildirdi ki, Azərbaycanın sərhəddi Dağıstandan başlayır, Siqnax qəzasının bir hissəsi, Borçalı qəzasının düzən hissəsi, Tiflis qəzasının bir hissəsi Tiflisə qədər, Eçmiadzin qəzasının kürd əhalisi, İrəvan qəzası, Sürməli qəzası, bütün Kars vilayəti Azərbaycan əraziləridir. Ardahan vilayəti, Axısxa qəzası, Batum vilayəti də Azərbaycanın tərkib hissəsi idi: "Azərbaycan ən pis halda Batumda muxtariyyət yaradılmasına razı ola bilərdi. Biç “o zaman Cənubi Qafqazda Ermənistana yer qalmayacaq”,- deyərək “müstəqil Ermənistan Respublikası mövcud olmalıdırmı?” sualını verdi. Diplomatik nümayəndə cavabında bildirdi ki, əhalinin real yerləşməsi baxımından Cənubi Qafqazda Ermənistan mövcud deyil, ermənilərin özləri müstəqilliyə can atmırlar, onlar Rusiyaya birləşmək istəyirlər, Türkiyənin bir-iki vilayətini onlara ayırmaq olar. Daha sonra Biçdən soruşdu: Kars vilayətində ermənilər azlıqdadırlar, belə olduqda Kars vilayətinə ermənilərin iddiasını ədalətli saymaq olarmı? Biç bildirdi ki, ermənilər bu vilayətə iddia etmirlər. Bu zaman diplomatik nümayəndə söylədi ki, şükürlər olsun, bir kəskin məsələ aradan qalxdı. Biç ermənilərin İrəvansız yaşaya bilməyəcəklərini tez-tez təkrar edirdi. Diplomatik nümayəndə İrəvanın ermənilərə güzəştə gedilməsi tarixindən danışaraq bildirdi ki, türklər Aleksandropolda olduqları üçün Azərbaycan İrəvanı müvəqqəti olaraq güzəştə gedib. Bununla belə, İrəvan məsələsində Azərbaycan ermənilərə güzəştə gedəcək. Nümayəndə xəritəni ingilis generalına göstərərək “General, doğrudanmı, nə qədər möhtəşəm Azərbaycan alınır?” General gülümsəyərək, - “Bəli, həqiqətən də möhtəşəm”,- dedi.
Bu zaman Ermənistan Naxçıvanı tutmaq üçün də cəhdlər edirdi. Naxçıvan əhalisi buna qarşı polkovnik Kərim xan İrəvanskinin komandanlığı altında 1000 nəfərlik dəstə hazırlamışdı. Dəstənin qərargah rəisi Kərbəlayi Əli xan Naxçıvanski idi. Şərur-Dərələyəz qəzasının Zeynə kəndinə gəlib çatan erməni hissələri burada baş verən qanlı döyüşdə biabırcasına məğlub olaraq qaçıb getdlər. Ermənilər əla döyüş hazırlığı olan naxçıvanlıları türklər hesab etmişdilər. Ermənilərin təqib edilməsi İrəvan qəzasının Yaycı kəndinə qədər davam etdi və yalnız ingilis leytenantın tələbindən sonra dayandırıldı. General Biçin verdiyi məlumata görə, Naxçıvanda azərbaycanlıların ordusu partizanlarla birlikdə 6 min nəfərə çatırdı".
Naxçıvanı silahlı yolla tuta bilməyəcəklərini görən ermənilər ingilislərin yardımından istifadə etməyə çalışırdılar: "Onlar 1919-cu ildə Naxçıvanı tutmaq üçün ingilis generalı Deviyə müraciət etdilər. Devi bu müraciəti V.M.Tomsona çatdırdı. Lakin o, həmin təkliflə razılaşmayaraq bir sıra səbəbləri söylədi: “a) erməni ordu hissələrini nəzərdə tutaraq qüvvənin çoxluğu, yəni ordunun çoxluğu; b) bu, ixtilaf yarada bilərdi; c) əhalinin tərksilah edilməsini nəzərdə tutmaq mümkünsüzdür və onu həyata keçirməyə cəhd etmək lazım deyil. Mən hesab edirəm ki, yuxarıda göstərilən məqsədi (Naxçıvan dairəsini tutmaq) həyata keçirmək üçün 2 min əsgər, əlavə olaraq 2 səhra topu və süvari eskadronu kifayət edəcəkdir (ingilis ordularının köməyi ilə)”.
Daşnaklar Osmanlı ərazisindəki erməniləri də silahandırmaq üçün fəaliyyətlərini dayandırmamışdılar. Fevralın 27-də ingilislər daşnaklar tərəfindən maşında Kağızmana göndərilən silah və sursatı Tikmə kəndində ələ keçirdilər. Daşnakların ingilis ordu hissələrinin köməyi ilə Naxçıvanı tutmaq niyyətləri ilk baxışda asan görünsə də, Karsın işğal edilməsi mümkün olmadı. Bunun başlıca səbəbi yerli əhalinin silahlı müqavimət göstərməsi oldu. İngilis generalı Devi Cənubi Qafqazı tərk edərkən A.Xatisova demişdi: “Öz ərazinizin genişləndirilməsi işi üçün çox da tələsməyin. Hər şeyin zamanı gələcək. Alınmış hər şeyi möhkəmləndirmək, sonra isə irəli getmək lazımdır”. Bu sözlər A. Xatisovun ürəyindən olmuşdu. O, cavabında general Deviyə demişdi: “Naxçıvan və Kars məfhumu bizim yaddaşımızda Sizin adınızla bağlıdır, Naxçıvan və Karsın birləşdirilməsi tarixi də Sizin adınızla bağlı olacaq”.
Daşnaklar Qarabağı da ələ keçirmək istəyirdilər. Heç bir əsas göstərmədən bu ərazini Ermənistanın ayrılmaz tarixi ərazisi hesab edir, bu işdə də ingilis komandanlığına ümid bəsləyirdilər: "Hətta onu ingilis komandanlığının nəzarətinə də verməyi düşünürdülər. Komandanlıq ilə söhbətlərində erməni nümayəndələri qeyd etmişdilər ki, guya Qarabağ tarixən Ermənistana bağlıdır. Əgər müttəfiqlər onu Ermənistana birləşdirməkdən imtina edərlərsə, qoy, onda Qarabağda müvəqqəti ingilis general-qubernatorluğu yaradılsın. Erməni xadimlərini yalnız Azərbaycan ərazilərini tutmaq və qisas almaq düşündürürdü. Britaniyanın Səlanikdəki ordularının komandanı general G.F.Milne 1919-cu il fevralın 6-da Britaniya Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda bununla bağlı olaraq qeyd edirdi: “Ermənilər Rus Milli Şurası ilə birgə işləyirlər və tatarlardan qisas almaqdan başqa bir təklifləri yoxdur”.
İngilis komandanlığından martın 18-də mərkəzə göndərilən məktubda yazılırdı ki, Gorusda Andranikin ordusunda 1600 nəfər silahlı, həmçinin 30 min qaçqın var. İngilis qüvvələri Andranikin ordusuna geri qaytarmaq şərti ilə 1 milyon 600 min rubl vəsait vermişdi. Müttəfiqlər bu qüvvəni əvəllər də maliyyələşdirdikləri üçün ordu buraxılana qədər Andranikə hər ay 200 min rubl verirdilər. O isə dinc əhaliyə divan tuturdu. Kars və Batum vilayətlərindən, Axısxa, Axalkələk, Şərur, Naxçıvan, Sürməli qəzaları və İrəvan quberniyasının cənub-şərq hissəsindən ibarət və əhalisi 2 milyon nəfər olan Cənub-Qərbi Qafqaz Respublikasının 1919-cu il martın 27-də elan etdiyi aktda qeyd edilirdi ki, Ermənistan ərazisində ermənilər tərəfindən tutulan azərbaycanlı kəndlərinin sayı 482, Cənub-Qərbi Qafqaz Demokratik Respublikasının ərazisində müsəlmanların tutduğu erməni kəndlərinin sayı 88-dir. Həmin il aprelin 6-da İrəvanda general V.M.Tomson daşnak hökuməti ilə keçirdiyi müşavirədə erməni hökumətinin iddia irəli sürdüyü Qarabağın dağlıq hissəsinin idarə olunması məsələsinə də toxundu. A.Xatisov doktor Xosrov Paşa bəy Sultanovun Qarabağın general-qubernatoru təyin edilməsinin əleyhinə çıxırdı. V.M.Tomson isə X.P.Sultanovu müdafiə edərək bildirdi ki, o, ingilis zabiti Mak-Massone tabe olacaq".
M.Qasımlı: "Ən böyük münaqişə Qarabağdan olan erməni Aslan Şahnazarov ilə ingilis polkovniki Şatelvort arasında olmuşdu. Aslan Şahnazarov ingilis zabitinə sübut etmək istəyirdi ki, ümumiyyətlə, Azərbaycan hətta öz ərazisində qayda-qanun yaratmaq qabiliyyətində deyil, xalq isə guya ermənilərlə müqayisədə mədəniyyətsizdir, mədəniyyətsiz mədəni olan xalqı özünə tabe edə bilməz. Cavabında isə Şatelvort onunla razılaşmayaraq demişdi: "Ermənilər və müsəlmanlar eyni mədəni səviyyədə yerləşirlər. Məgər sizin xalqınız sülh istəmir və asayişi pozaraq riskli yolla getmək istəyir?"
Mübahisə qızışdıqda polkovnik Şatelvort onu hədələyərək demişdi ki, “xəbərdarlıq edirəm, Azərbaycana və onun general-qubernatoruna qarşı hər hansı asayişin pozulması Böyük Britaniya əleyhinə çıxmaq olacaq. Biz o qədər güclüyük ki, sizi tabe olmağa məcbur edə bilərik”. Daşnakların Qarabağa olan əsassız iddialarına ingilisləri inandırmaq üçün etdikləri bütün cəhdlər boşa çıxdı. Tarixi və reallığı yaxşı bilən ingilis komandanlığının bu məsələdə mövqeyi gü-zəştsiz idi. Onlar daşnakları başa saldılar ki, Azərbaycan hakimiyyətinə tabe olsunlar. Regionu dərindən bilən digər ingilislər də bu mövqedə idilər. Yaranmış vəziyyətlə bağlı olaraq ingilis jurnalisti Skotland Liddel yazırdı: “Özünün coğrafi mövqeyinə görə, Qarabağ həqiqətən Azərbaycana məxsus olmalıdır. Ermənilər dünyada yaxşı təbliğatçılardır. Onların təbliğatı son illərin işi olmayıb, uzun illər boyu sistemli şəkildə aparılıb. Həm Rusiyada, həm də Qafqazda ermənilər haqqında nəsə yaxşı bir söz deyən bir nəfər tapa bilməzsiniz. Ruslar, tatarlar və gürcülər onlardan şübhələnir və onlara nifrət edirlər. Bu, doğrudur, yoxsa yanlış, deyə bilmərəm, ancaq fakt odur ki, ermənilər nifrətə layiq irqdirlər. Lakin onların xaricdə təbliğatı elədir ki, Avropa və bütün dünya onların tərəfindədir. Əlbəttə, onlar çoxlu əzab çəkmişlər, lakin minlərlə müsəlman kişi, qadın və uşaq da onlardan zülm görmüşlər. Ermənilərə münasibətdə qəddarlıq şübhəsiz, həyata keçirilib, ancaq onların özləri də həmin şeyləri müsəlman kəndlərində həyata keçirmişlər, həm də eləsini ki, türklər heç bir zaman onlara qarşı etməyiblər. Onlar bunu tatarlara qarşı edib və zamanı gələndə onlardan da ziyan görüblər. Bu baxımdan ermənilərə qarşı tatarlar (türklər-red.) durmuşlar. Ümumiyyətlə desək, tatarlar (türklər-red.) ermənilərdən çox üstündürlər və əlbəttə, daha mərddirlər”.

Uğur

Bu xəbər oxundu
- - -