Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bakı-Tiflis-Qars layihəsi Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir”

30.10.17, 10:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Vahid Əhmədov: “Layihənin ölkəmiz üçün həm iqtisadi, həm də siyasi əhəmiyyəti var”

Musa Qasımlı: “Bu müstəqillik tariximizin ən mühüm səhifələrindən biridir”
Bakı-Tiflis-Qars dəmir yolu xətti dünən istifadəyə verilib. Qeyd edək ki, layihənin icrasına 2007-ci ildə başlanılıb. Həmin ilin fevralın 7-də Tbilisi şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstanın prezidenti Mixeil Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Rayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə "Bakı-Tiflis-Qars yeni dəmir yolu xətti haqqında" üçtərəfli saziş və "Bakı-Tiflis-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında" Azərbaycan və Gürcüstan hökumətləri arasında ikitərəfli saziş, habelə Azərbaycanın Nəqliyyat Nazirliyi və "Marabda Kartsaxi Dəmir Yolu" MMM arasında "Bakı-Tiflis-Qars dəmir yolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi şərtlərinə dair Kredit Müqaviləsi" imzalanıb.
Qeyd edək ki, bu il sentyabrın 27-də Azərbaycan, Gürcüstan və Türkiyə rəsmilərinin iştirakı ilə dəmir yolu xəttinə ilkin baxış keçirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolları" SC-nin sədri Mamuka Baxtadze, Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan qatarla Tbilisidən Axalkalakiyə gedərək, yolda aparılan tikinti və son tamamlama işləri, onun istifadəyə hazırlıq vəziyyəti ilə tanış olublar. Marşrutla ilk illərdə 5-7 milyon ton yük daşınacağı, tədricən bu rəqəmin 50 mln. tona çatdırılacağı proqnozlaşdırılır. Azərbaycanın tranzitdən ildə 50 milyon dollar gəlir əldə edəcəyi bildirilir. Sərnişin daşımalarına gəlincə isə, ilk illərdə dəmir yolu xəttindən ildə 1 milyon insanın yararlanacağı deyilir. Yeri gəlmişlən, BTQ marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan İsveçrənin “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur.
Millət vəkili Vahid Əhmədov bildirib ki, Bakı-Tiflis-Qars layihəsi Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu layihənin ölkəmiz üçün həm iqtisadi, həm də siyasi əhəmiyyəti var: “Xatırlayırsınızsa, layihənin həyata keçirilməsinə mane olan çoxlu qüvvələr var idi. Həmin qüvvələr hətta, ABŞ Senatına bu layihənin həyata keçməməsi üçün müəyyən təkliflər vermişdilər. Məqsəd Senatın bu layihəyə dəstək verməsinin qarşısını almaq idi. Bütün bunlara baxmayaraq, mən deyərdim, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində bu layihə həyata keçirildi. Layihınin iqtisadi əhəmiyyəti ilk növbədə Avropa ilə Asiyanı birləşdirməsindən ibarətdir. Çin kimi böyük, nəhəng dövlət yüklərini Türkiyə vasitəsilə Avropaya daşıyacaq. Fikir verirsinizsə, layihə o qədər maraqlı, o qədər əhəmiyyət kəsb edir ki, Qazaxıstan Prezidenti, Özbəkistan baş naziri də açılışda iştirak etmək üçün Bakıya gəlirlər”. V.Əhmədov qeyd edib ki, dəmiryolu ilə il ərzində ilkin olaraq Azərbaycandan bir milyona yaxın sərnişin, 6,5 milyon tona yaxın yük daşınması nəzərdə tutulur: “Gələcəkdə sərnişlərin sayının 3 milyona yaxın, yükdaşımaların isə 20 milyon tona çatdırılması planlaşdırılır. Yəni, bu layihə Azərbaycan üçün iqtisadi cəhətdən çox böyük əhəmiyyət kəsb edir”.
Deputat bildirib ki, Bakı-Tiflis-Qars digər tərəfdən siyasi layihədir: “Belə layihələr siyasi sabitlik olan, ciddi problemlərsiz ölkələrdə həyata keçirilir. Azərbaycan müstəqil dövlətdir və onun müstəqilliyinin qorunub saxlanılması, əbədi, daimi olması üçün bu layihə çox vacibdir, önəmlidir. Çünki layihənin iştirakçısı, həmçinin, onu dəstəkləyən dövlətlərin Azərbaycana marağı böyük olur və onlar ölkəmizin müstəqilliyinin daimi olmasının bir növ təminatçısına çevrilirlər. Odur ki, bu layihə bizim üçün önəmlidir. Layihənin həyata keçirilməsi münasibətilə xalqımızı təbrik edirəm”.
Millət vəkili Musa Qasımlı deyib ki, Bakı-Tiflis-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi müstəqillik tariximizin ən mühüm səhifələrindən biridir. Onun sözlərinə görə, bu yol Prezident İlham Əliyevin həyata keçirdiyi beynəlxalq layihələrdən biri olmaqla böyük tarixi və strateji əhəmiyyət daşıyır: “Bu dəmiryolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyəni deyil, Asiya və Avropanı birləşdirəcək, ticarət və kommunikasiyanı genişləndirəcək, dünya ticarətinə yeni nəfəs verəcək. Layihənin işə düşməsi ilə Azərbaycan şəbəkə ölkə halına gəlir və yeni infrastruktur yaranır. Bundan sonra dövlət büdcəmizə əlavə vəsaitlər daxil olacaq və bütün ölkə vətəndaşlarının rifah halını daha da yaxşılaşdıracaq. Həyata keçirilən bütün layihələr xalqımızın təkcə indiki deyil, gələcək nəsillərinin də həyatının təmin edilməsinə yönəlib”.
Gürcü politoloq Qeorqi Xuxaşvili BTQ layihəsi ideyasının yaranma tarixi, reallaşdırılması, iqtisadi, siyasi, regional və dünyəvi əhəmiyyətindən danışıb, bu layihəni “Əsrin layihəsi” adlandırıb. Ümumi uzunluğu 828 kilometr olan bu yolun təkcə region üçün deyil, Asiya və Avropa üçün də mühüm əhəmiyyət kəsb edəcəyini xüsusi vurğulayıb. Politoloq Ermənistanla bağlı maraqlı fikirlər də səsləndirib. O, Ermənistanın belə bir gəlirli beynəlxalq iqtisadi layihədən kənarda qalmasını məhz rəsmi Yerevanın böyük və ölümcül səhvinin nəticəsi olduğunu bildirib. Politoloq deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi səbəbindən Cənubi Qafqaz ölkələrindən biri – Ermənistan “Əsrin layihəsi”ndən kənarda qalıb. Bu da Ermənistanın özü üçün daha çox pisdir. Bu layihədən kənarda qalmaq Ermənistana çox böyük zərər vurur. Bu ölkənin iqtisadi problemləri daha da dərinləşir. Onun fikrincə bu problem Ermənistanın özü tərəfindən yaradılıb. Rəsmi Yerevanın siyasi ambisiyaları iqtisadiyyatı üstələyir. Ona görə də rəsmi Yerevan onu regional layihələrdən kənarda qoyan, şəxsi, ölümcül səhvinə görə çox böyük zərər çəkməlidir. O söyləyib ki, “Ermənistan rəhbərliyinin siyasi ambisiyaları xalqın iqtisadi maraqlarından üstündür. Bu da Ermənistanda iqtisadi problemləri daha da dərinləşdirir”.
Millət vəkili Tahir Mirkişili “Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti layihəsi kifayət qədər böyük bir layihədir. Bu layihə Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum layihəsindən sonra Azərbaycanın məhz infrastruktur sahəsində keçirdiyi ən böyük layihədir. Əgər biz bu layihənin tarixinə fikir versək görərik ki, hələ 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda Avropa Birliyinin traseka layihəsi ilə bağlı böyük bir beynəlxalq tədbir keçirilmişdi və orada Bakı Bəyannaməsi imzalanmışdı. Yəni bu layihənin ilkin olaraq siyasi cəhətdən hazırlanması və dövlətlə razılaşdırılması hələ 1990-cı illərin ortalarına gedib çıxırdı”, - deyə vurğulayıb. Onun sözlərinə görə, artıq 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə hər üç ölkənin - Azərbaycan-Türkiyə-Gürcüstanın səlahiyyətli şəxslərinin imzası ilə layihənin ilkin olaraq başlanması ilə bağlı qərar imzalandı: “Xüsusi qeyd etmək istərdim ki, layihə həyata keçən dövrdə də bu layihəyə alternativ olan bir layihə də var idi. Bu layihə Qars-Gümrü-Tiflis layihəsi idi ki, bu da Ermənistan rəhbərliyi və onların havadarları tərəfindən çox güclü şəkildə lobbiçilik fəaliyyəti ilə dəstəklənmirdi. Amma istənilən halda Azərbaycan dövlətinin nüfuzu, ölkə rəhbərinin siyasi nüfuzu və iradəsi, eyni zamanda Azərbaycanın bundan öncəki layihələrdə özünü daha çox etibarlı partnyor kimi göstərməsi, ümumiyyətlə Azərbaycanın regionda iqtisadi cəhətdən yeri və iqtisadiyyatın həcmi son nəticədə ölkəmizin təşəbbüskar olduğu layihənin qalib gəlməsinə imkan yaratdı. Təbii ki, ötən müddət ərzində bu layihənin həyata keçirilməsi üçün Azərbaycan həm siyasi, iqtisadi, həm də maliyyə cəhətdən köməyini əsirgəmədi, eləcə də layihəni həyata keçirmək üçün siyasi iradə ortalığa qoydu. Layihənin əhəmiyyəti haqqında xüsusi onu qeyd etmək istərdim ki, bugün bizim yaşadığımız Avrasiya materikində dünyanın iki nəhəng iqtisadi gücü vardır. Bunlardan biri Qərbdə Avropa Birliyi, digəri isə Şərqdə Çin dövlətidir. Bugün Çinlə Avropa Birliyi arasında hər gün orta hesabla 1 milyard dollar həcmində ticarət müqaviləsi imzalanır. Eləcə də hər iki qurum arasında ildə təxminən 100 milyon ton yük daşınır. Əgər biz daşınmanın marşurutuna fikir versək, bugün daşınmanın bir hisssəsi şimal tərəfdən transmilli dəmir yolu vasitəsilə Rusiyadan Flandiyaya keçir ki, bu da Rusiyanın başlatdığı yeni bir layihədir. Amma cənub tərəfdən dəniz yolu vasitəsilə Hind okeanı və Suveyş kanalını keçməklə Almaniyanın limanlarına çatdırılmasıdır. Hər iki yolun özünün mənfi cəhətləri var. Çünki cənub yolu 30-35 gün ərzində kifayət qədər böyük və uzun bir müddətdir. Artıq müasir ticarətin qanunları və dinamikliyi tələb edir ki, bu daha sürətli olsun. Şimal yolu isə Rusiya ilə baş verən Avropa Birliyi ölkələri arasında siyasi münasibətlərin soyuq olması və Rusiyanın üzərində sanksiyaların olması və s. riskləri artırır. Belə bir konteksdə Avropa ilə Çini birləşdirən orta kolidor yəni qısa bir marşurutun yaranmasına ehtiyac yaranır ki, Azərbaycan da bundan çox məharətlə istifadə edə bildi”.

Əli

Bu xəbər oxundu
- - -