Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ana dili uğrunda mübarizə beynəlxalq hüququn tərkib hissəsidir

31.10.17, 7:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Soydaşlarımız İranda əhalinin sayca əhəmiyyətli hissəsini təşkil etmələrinə baxmayaraq, ana dilindən istifadə hüququndan faydalana bilməyiblər

Çoxmillətli ölkə olan İranda yaşayan türkdilli xalqlar əsasən üç böyük bölgədə - İranın şimalında, şimal-qərb, mərkəz və cənub əyalətlərində məskunlaşıblar. Uzun əsrlər boyu, əsasən, köçəri həyatla bağlı olan türk tayfaları islamı qəbul etdikdən sonra ərəb və fars dillərinin təsiri altına düşməyib, öz dillərini, adət-ənənələrini qoruyub saxlayıblar. Güney Azərbaycan türkləri IX əsrdən başlayaraq müəyyən fasilələrlə 1924-cü ilədək indiki İran ərazisində siyasi hakimiyyətə malik olub, ölkənin siyasi, iqtisadi, mədəni və mənəvi həyatında mütərəqqi ideyaların yayılmasında aparıcı rol oynayıblar. Lakin yeni tarixi dövrə keçid mərhələsində azərbaycanlılar milli həyatın etnik komponentlərinin hərtərəfli inkişafı üçün lazımi siyasi və mədəni mühitin yaradılmasına nail ola bilməyiblər. 1925-ci ildə Rza xan Pəhləvi hakimiyyətə gəldikdən sonra İranda geniş miqyasda həyata keçirilən mərkəzləşdirmə siyasəti və onun əsasında yeni keyfiyyət kəsb edən milli münasibətlər nəticəsində azərbaycanlılar milli hüquqlardan məhrum ediliblər. Həmin vaxtdan etibarən Güney Azərbaycan sosial-iqtisadi cəhətdən getdikcə geriləmək məcburiyyətində qalan bir əyalətə və xalqa çevrilib.
Nəticədə bölünmüş Azərbaycanın Güney hissəsində milli hüquqlar və azadlıq uğrunda mübarizə başlanıb, torpaqların, millətin birləşdirilməsinə cəhdlər göstərilib. İranda digər xalqların etno-milli inteqrasiyası və formalaşma prosesinin qarşısını almağa çalışan Pəhləvi rejiminə qarşı mübarizə aparan xalqlar arasında Azərbaycan türkləri xüsusilə seçiliblər. 1978-1979-cu illərdə İranda baş vermiş inqilab qeyri-fars xalqlarda milli özünüdərk prosesinin dərinləşməsinə təkan verib. Milli məsələnin birtərəfli şəkildə həllinə cəhdlər edilib, milli hüquqların tanınması və təmin olunması istiqamətində geniş fəaliyyət göstərilib. Cənubi azərbaycanlıların müxtəlif ictimai, siyasi və mədəni qüvvələri ana dilinin hüquqlarının tanınması və təmin edilməsi məsələsini prioritet kimi irəli sürüblər. Bu da ana dili məsələsinin güney azərbaycanlıların milli azadlıq mübarizəsində tutduğu yerin əhəmiyyətini önə çıxarır.
Güney Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəniyyət tarixi ilə yanaşı, burada yaşayan milyonlarla azərbaycanlının öz milli-mədəni hüquqları uğrunda mübarizə tarixinin tədqiqi müasir tarixşünaslıq üçün elmi və siyasi aktuallıq kəsb edir. Cənubi Azərbaycan türklərinin milli hüquqlar uğrunda mübarizə tarixinin müəyyən mərhələləri həm Azərbaycan, həm də xarici mütəxəssislər tərəfindən tədqiq edilsə də, milli hərəkatda xüsusi çəkiyə malik olan ana dilindən istifadə hüquqları uğrunda mübarizə ayrıca elmi araşdrıma obyekti olmayıb. Bu problemin araşdırılması İran türklərinin ümumi tarixinin, o cümlədən milli mübarizəsinin hərtərəfli tədqiqi və öyrənilməsi baxımından vacibdir. Eyni zamanda universal insan hüquqlarının, o cümlədən ana dilindən istifadə hüququnun beynəlxalq gündəmin əsas məsələləri arasında olması da sözügedən problemin elmi araşdırılmasını aktuallaşdırır.
Ana dilindən istifadə problemi siyasi, mədəni və hüquqi baxımdan da aktualdır.Qeyd etdiyimiz kimi, ana dilindən istifadə hüquqları uğrunda mübarizə tarixinin tədqiqi İranda yaşayan türklərin milli mübarizəsinin araşdırılması baxımından vacibdir. İranda milli məsələnin ümumi vəziyyəti və həlli perspektivləri haqqında müəyyən təsəvvür əldə etmək üçün tədqiq olunan dövrdə Azərbaycan dilinin vəziyyəti və azərbaycanlıların ana dilinə münasibətinin araşdırılması böyük əhəmiyyət kəsb edir.
İİR Konstitusiyasının dövlət dili haqqında 15-ci maddəsi, “Millətin hüququ” adlı üçüncü fəslinə daxil olan 19, 20, 23, 27, 34, 48-ci və b. maddələrində, şuralar haqqında yeddinci fəslin 100 və 103-cü maddələrində İran xalqlarının hüquqları təsbit olunub. Sonrakı dövrlərdə İİR rəhbərliyi “vahid islam ümməti” konsepsiyasını geniş miqyasda tətbiq etməklə ölkədə yaşayan ayrı-ayrı millətlərin hüquqlarını inkar etməyə, milli məsələnin dərinləşməsi üçün obyektiv zəmin yaratmağa başladı. Məhz İİR-in Konstitusiyasında qeyri-farsların varlığının, dillərinin və hüquqlarının ümumi şəkildə və məhdud miqyasda da olsa tanınması, onların ana dili və milli haqlar uğrunda mübarizəsi üçün hüquqi əsas oldu. Hazırda İran İslam Respublikasında yaşayan azərbaycanlıların demək olar ki, bütün təbəqələri üçün əsas ictimai-siyasi və mədəni məsələyə çevrilən ana dili problemi son vaxtlar İİR-də hakim strukturda təmsil olunan nümayəndələr arasında da müzakirə predmetinə çevrilib.
Müasir dünyada insan hüququ və azadlıqları ilə bağlı vəziyyətin heç bir dövlətin daxili işi olmadığı artıq birmənalı şəkildə qəbul edilib. Hazırda insan hüquqlarının qorunması bəşəriyyət qarşısında mühüm və aktual problemlərdən biri sayılır. Müasir beynəlxalq hüquq hər bir xalqa və fərdə ana dilindən istifadə hüququ verir. Bəzi ölkələrdə, o cümlədən İİR-də bu hüquqi problem hələ də öz həllini tapmamışdır. İran İslam Respublikasında yaşayan ermənilərdən savayı digər xalqlara, o cümlədən azərbaycanlılara ana dilindən istifadə hüququnu reallaşdırmalarına imkan verilməyib. Azərbaycanlılar İranda əhalinin sayca əhəmiyyətli hissəsini təşkil etmələrinə baxmayaraq, ana dilindən istifadə hüququndan faydalana bilməyiblər.
Ana dili uğrunda mübarizə beynəlxalq hüququn tərkib hissəsidir. Müasir dünyada ana dilini qorumaq, mühafizə etmək vacib məsələ kimi diqqət mərkəzindədir. UNESCO 1999-cu ildə fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunması haqqında qərar qəbul edib. Beynəlxalq qanunlar bu hüquqların təmin olunmasını tələb etməyə əsas verir. Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi Mülki və Siyasi Hüquqlar haqqında Paktın 1-ci hissəsinin 1, 3, 27-ci maddələri hər bir xalqın və fərdin öz ana dilindən istifadə hüququnu, II hissənin 2.1-ci, III hissənin 26-cı maddələri hər cür ayrı-seçkiliyin qanunla qadağan olunduğunu özündə əks etdirir. Həmin prinsiplər, eyni zamanda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 2, 18, 19, 20, 26.2 maddələri ilə də təsbit olunub. BMT Nizamnaməsinin 55, 73 (A) maddələrində, Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında 1960-cı il Bəyannaməsində və Helsinki Yekun Aktında da qeyd edilən hüquqlar öz əksini tapıb.
Dövlət dilinə, ana dilinə münasibət dünya ölkələrinin demək olar ki, hamısında aktualdır. Bunu bir sıra dövlətlərin dillə bağlı həyata keçirdikləri rəsmi siyasətdə də açıq görmək mümkündür. Misal kimi, Əfqanıstan (2 dilli), Hindistan (2 dilli), Pakistan ( 2 dilli), Kanada (2 dilli), Belçika (3 dilli), İsveç (3 dilli), Sinqapur (4 dilli), İraq (2 dilli) və başqa ölkələrin təcrübəsini göstərmək olar. Güney azərbaycanlıların İİR-nın qanunvericiliyinə və beynəlxalq sənədlərə uyğun olan milli tələbləri məhz onların mübarizəsi sayəsində Cənubi Azərbaycan və İran çərçivəsindən çıxaraq beynəlxalq ictimai problemlərdən, demokratiya və insan haqlarına dair məsələlərdən birinə çevrilib.
İran İslam inqilabından sonra cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsinin tədqiq olunmasında əsas məqsəd həm də böyük dövlətlərin Orta Şərq siyasətinin mahiyyətinin öyrənilməsi ilə bağlıdır. Cənubi Azərbaycanda milli məsələnin qoyuluşu daxili və xarici amillərin qarşılıqlı təsirindən bilavasitə asılıdır. Məlum olduğu kimi, beynəlxalq birliyin İranda insan hüquqlarının bərqərar olmasına yönəlmiş fəaliyyətinin bir sıra xəttləri Güney Azərbaycanla bağlı məsələlərdən keçir. Hazırkı vəziyyət Güney Azərbaycan məsələsini təkrarən aktuallaşdırmaqla bu sahədə yeni elmi araşdırmalar aparılmasını zəruri edir.
Bu yöndə apardığımız tədqiqatda İİR-in assimilyasiya siyasətinin əsasları, istiqaməti, məqsədləri müəyyən edilməklə, cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsinin əsas mərhələləri, inkişaf dinamikası araşdırılıb. Eyni zamanda, monoqrafiyada problemin İranın daxili və xarici siyasətinə təsiri də tədqiq edilib. Əsərin başlıca elmi yeniliklərindən biri ana dili məsələsinin milli hüquqlar uğrunda mübarizənin əsası kimi tədqiq olunmasıdır. Bu məsələ beynəlxalq hüququn prinsipləri kontekstində, müasir dünyanın demokratiya, insan haqları kimi bəşəri dəyərləri fonunda beynəlxalq problem olaraq tədqiq edilir. Mübarizəni şərtləndirən daxili və xarici amillər şərh olunur. İlk dəfə olaraq Güney Azərbaycan diasporunun heç bir diasporda rastlaşmayan spesifik tarixi xüsusiyyətləri araşdırılır və bu özünəməxsusluğun onun formalaşmasına, təşkilatlanmasına göstərdiyi müsbət və mənfi təsirlər tədqiq edilir.
Məşrutə hərəkatının əhəmiyyətli nailiyyətləri oldu. Bu inqilab nəticəsində o vaxta qədər tayfa mənsubiyyətinə əsaslanan ictimai kimlik aradan qalxmağa və İran daxilində mövcud olan milli kimliklər ön plana çıxmağa başladı. Məşrutədən öncə kənd, şəhər və qəbilə kimliyi daşıyan cəmiyyət sürətlə milli kimlik şüuruna doğru yönəldi. Bu mərhələdə iranlılıq fars xalqına mənsub olmaq, azərbaycanlılıq isə siyasi kimlik olaraq meydana çıxdı.
Məşrutə inqilabı və əncümənlərin təsis olunması İran əhalisini siyasi və ictimai hüquqlar əldə etməsi üçün əsaslardan biri oldu. Ancaq məşrutələrin fəaliyyəti uzun çəkmədi. Verilmiş nisbi azadlıqlar alındı. Ümumiyyətlə, 1917-ci ilə qədər azərbaycanlı mütərəqqi və demokratik qüvvələr əsas vəzifələrini Azərbaycanda konstitusiyalı idarə formasını bərpa etməkdə, İranın müstəqilliyi uğrunda, İran və ilk növbədə Azərbaycan irticasına qarşı mübarizədə görürdülər, spesifik milli tələblər irəli sürmürdülər. Milli tələblərlə bağlı mübarizənin genişlənməsinə bir çox amillər təsir göstərdi. Bunlardan biri də türk millətçiliyinin I Dünya müharibəsi ərəfəsində gənc türklərin rəsmi ideologiyasına çevrilmiş pantürkizmə transformasiyası idi.

Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -