Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sülh Platforması Azərbaycan və Ermənistan prezidentlərindən dəstək istədi

31.10.17, 8:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın I Qurultayı keçirilib. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Orxan Nəbiyev son bir il ərzində Sülh Platforması çərçivəsində görülən işlər haqqında hesabatla çıxış edib və Qurultaya hazırlıq barədə iştirakçılara ətraflı məlumat verib.
Mandat Komitəsinin Qurultayda yetərsayın olması haqqında verdiyi məlumatdan sonra Qurultay rəsmən öz işinə başlayıb və Qurultayın gündəliyi yekdilliklə qəbul olunub.
Gündəlikdə olan ilk məsələ, “Ermənistan-Azərbaycan Sülh Platforması”nın əsasında “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın yaradılması və onun Nizamnaməsininin təsdiq olunması haqqında qərar qəbul olunub.
Nizamnaməyə uyğun olaraq “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platfroması”nın İdarə Heyəti və Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvlərinin sayı, təmsilçilik prinsipi və tərkibi müəyyyənləşib. Belə ki, Qurultay “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın İdarə Heyətinin üzvlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına vasitəçilik edən ATƏT-in Minsk qrupuna üzv ölkələrin təmsilçilərindən formalaşması və tərkibin 19 nəfərdən ibarət olması haqqında qərar qəbul edib. Ümumi razılaşmaya əsasən, 19 nəfərlik İdarə Heyətində üzvlərin say proporsiyası 5-i erməni, 5-i azərbaycanlı, 9-u isə ATƏT-in Minsk Qrupuna daxil olan digər ölkələrin hərəsindən 1 nəfər olmaqla müəyyən edilib.
Keçirilən səçkilərin nəticələrinə əsasən aşağıdakılar “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”-nın İdarə Heyətinə üzv seçiliblər.
Qurultayın Yekun Qərarı və Qurultay iştirakçılarının Bəyanatı qəbul olunub. Qurultay Platformanın Tbilisi, İrəvan və Bakıda ofislərinin açılması, Ermənistan və Azərbaycanda geniş ictimaiyyətlə görüşlərin keçirilməsi haqqında qərar qəbul edib.
Qurultay iştirakçılarının Ermənistan və Azərbaycan prezidentlərinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə, Roma Papası Fransiskə, Bütün Ermənilərin Katolikosu II Qareginə və Qafqaz Müsəlmanları İdarəsinin Sədri, Şeyxülislam Allahşükür Paşazadəyə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə kömək məqsədilə yaradılmış Platformanın təşəbbüsünə dəstək vermələri, Ermənistanla Azərbaycan arasında davam edən 30 illik münaqişəyə son qoyulması və davamlı barışın əldə olunması üçün onlara müraciətləri qəbul olunub.
Qurultay işini başa çatdırdıqdan sonra yeni İdarə Heyətinin ilk iclası keçirilib. İclasda “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”-nın Nizamnaməsinə uyğun olaraq həmsədrlik instititu təsis edilib, Rafael İsaxanyan və Rövşən Rzayev Platformanın İdarə Heyətinin 1 il müddətinə həmsədrləri seçilib.
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının I Qurultayının iştirakçıları adından Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyana ünvanlanan müraciətdə deyilir:“Ermənilər və azərbaycanlılardan başqa bu münaqişəni kiminsə həll edəcəyinə inanmaq sadəlövhlükdür. Bundan irəli gələrək bildiririk ki, münaqişənin qısa vaxtda dinc yolla həlli üçün nəticəyə hədəflənmiş danışıqlara başlamağın vaxtı çatıb”.
Müraciətdə qeyd edilib ki, oktyabrın 30-da Tbilisi şəhərində hər iki xalqın sülhsevər nümayəndələri və ATƏT-in Minsk qrupuna daxil olan digər ölkələrin ictimai-siyasi xadimləri bir araya gələrək qurultay keçirib. Qurultayda Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması təsis edilib və 19 nəfərdən ibarət idarə heyəti, 29 nəfərdən ibarət Ekspertlər Şurası və digər seçkili orqanları formalaşıb: “SSRİ-nin dağılmasından sonra öz müqəddəratını təyinetmə hüququndan istifadə edən Azərbaycan və Ermənistan müstəqil dövlət oldular. Lakin çox təəssüflər olsun ki, beynəlxalq hüquq və Avropada qəbul olunan Helsinki Yekun Aktı əsasında dövlətlərarası sivil əlaqələr Cənubi Qafqaz regionunda əsas meyara çevrilə bilmədi. İki ölkə arasında baş verən qanlı müharibənin fəsadları regionda hələ də sülh və sabitliyin bərqərar olmasına imkan vermir. On illiklər ərzində yaşından, cinsindən və milli mənsubiyyətindən asılı olmayaraq müharibə odunun hər iki ölkəyə vurduğu maddi və mənəvi zərəri, o dəhşətləri yalnız statistik məlumatlarla ifadə etmək qeyri-mümkündür. Bu gün bütün təmas xəttində və hər iki ölkənin beynəlxalq birlik tərəfindən tanınan sərhədləri boyu səngərlər qazılıb və İkinci Dünya müharibəsini xatırladan minalanmış ərazilər var. Səngərlərdə gənc erməni və azərbaycanlı əsgərlər snayper tüfənglərinin optik nişanlarından bir-birlərini izləyirlər. Hər iki ölkədə böyüyən gənc nəslin bir-birləri haqqında təsəvvürləri müharibə və onun gətirdiyi ağrı əsasında formalaşır. Məlum aprel hadisələri bir daha göstərdi ki, müharibənin bərpa olunması faciəvi nəticələrə səbəb ola bilər. 90-cı illərdən fərqli olaraq hər iki ölkənin hərbi arsenalının genişlənməsi və hərbi risk amilinin ballistik raketlərə qədər artması müharibənin təhlükəsinin dəhşətli hüduda çatmasının göstəricisidir. Hərbi məqsədlər üçün xərclənən bütün bu resurslar bizim xalqlarımızın rifahı və həyatlarının çiçəklənməsinə xidmət edə bilərdi. Beynəlxalq hüquq normaları və beynəlxalq səviyyədə qəbul edilmiş sənədlər çərçivəsində münaqişənin tezliklə və ədalətli həlli bütün regionun iqtisadi inkişafına təkan verəcək. Bu da iki ölkə arasında sülh və əməkdaşlığa qiymətsiz töhfə olacaq. Bu halda nə qalib, nə də məğlub olacaq. Bu həm Ermənistan, həm də Azərbaycan xalqı üçün yalnız məğlubiyyətsiz nəticə əldə etməyə imkan verir. Belə bir ağrılı problemin həllində biz Sizlərə hərtərəfli yardım etməyə, hər iki ölkənin ictimaiyyətini sülhə hazırlamağa hazırıq”.
Müraciətdə bildirilir ki, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması yenidən təşkilatlanaraq çox mühüm və eyni zamanda çətin bir missiyanı - sülh quruculuğunu üzərinə götürüb: “Bilirik ki, bu yolda bizi çox çətin sınaqlar, təzyiqlər və hətta təhdidlər gözləyir. Buna baxmayaraq, biz inandığımız bu nəcib işdən, iki xalqın sülh və əmin-amanlıq şəraitində yaşaması istiqamətində apardığımız müqəddəs missiyadan bir addım da olsa geri çəkilməyəcəyik. Qurultay Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının Tbilisidə, Yerevanda və Bakıda mənzil-qərargahlarının yaradılması, Ermənistanda və Azərbaycanda geniş ictimaiyyətlə görüşlərin keçirilməsi haqqında qərar qəbul edib. Ümid edirik ki, Siz dövlət başçıları olaraq bizim bu istəyimizə və təklifimizə yox deməyəcək və sülh yaratma missiyasını həyata keçirmək üçün bizə lazımi dəstəyi verəcəksiniz”.
Xatırladaq ki, Bakıda 2016-cı ilin noyabrında həm Azərbaycanın, həm də Ermənistanın hüquq müdafiəçilərinin iştirakı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri. Ermənistan və Azərbaycandan baxış” adlı sülh konfransı təşkil olunub.
"Konfransın əsas məqsədi Azərbaycan və Ermənistan nümayəndələrini gərgin, amma konstruktiv dialoqun təşkil edilməsi üçün "dəyirmi masa" ətrafına toplamaqdan ibarət idi. Konfrans başlamazdan əvvəl erməni nümayəndələri 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı dinc sakinlərə qarşı törədilmiş Xocalı soyqırımına görə üzr istəmiş və Azərbaycanın paytaxtı Bakıda Xocalı soyqırımına həsr olunmuş abidəni ziyarət ediblər. Konfransın nəticəsi kimi beynəlxalq hüququn norma və prinsiplərini və Helsinki Yekun Aktını rəhbər tutaraq “Ermənistan-Azərbaycan Sülh Platforma”sı yaradılıb.
Ermənistan tərəfindən Vahe Avetyan (hüquq müdafiəçisi), Vahan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Azərbaycan tərəfdən isə Rövşən Rzayev (“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru) və Şəlalə Həsənovanın (“İctimaiyyətlə Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyinin sədri) imzaladığı bəyanatda deyilir ki, Ermənistan hökuməti işğal faktını dayandırmalı, öz ordusunu geri çəkməli, məcburi köçkünlərin doğma yurd-yuvalarına layiqli və təhlükəsiz qayıtmaq hüququnu təmin etməli, habelə Birləşmiş Millətlər Təşkilatı, ATƏT və Avropa Şurasının qətnamələrinə əsaslanaraq Ermənistan və Azərbaycan arasında iqtisadi, siyasi əlaqələr bərpa edilməli və kommunikasıyalar açılmalıdır".
Məqalədə deyilir ki, "Ermənistan-Azərbaycan Sülh Platforması" münaqişənin ölkələrin ərazi bütövlüyü prinsipi, yəni Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini nəzərdə tutur və bu Platformanın yaranmasının səbəbi 20 ildən də artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan hakimiyyətinin Azərbaycanın işğal olunmuş ərazilərində status-kvonun uzadılmasına cəhd etməsidir. Platforma hər iki ölkədən olan vətəndaş cəmiyyəti institutlarına, qeyri-hökumət təşkilatlarına, elm adamlarına, habelə Platformanın güclənilməsində maraqlı olan bütün ölkələrin vətəndaşlarına açıqdır.
"Ermənistandan bir sıra şəxslar dərhal Platformaya qoşulublar. Platformaya imza atanlar arasında Ukraynada “Avromaydan” hərəkatında iştirakı ilə tanınan erməni aktivisti Aram Karapetyan, Ermənistan Yazıçılar İttifaqının üzvü yazıçı Vaaqn Karapetyan, gənc siyasi aktivist Aram Virabyan, jurnalist Artyom Avakimov, vətəndaş cəmiyyəti və erməni diasporasının üzvü Anait Sinanyan, vətəndaş cəmiyyətinin üzvü Taçella Arzumanyan, aktivist və jurnalist Lusine Nersisyan və erməni iş adamı Erik Xaçaturov vardır. Erməni aktivistlərin çoxu bildirmişlər ki, “Sarkisyanın kriminal rejimi erməni xalqına Azərbaycanla münaqişəni həll etməyə imkan vermir”. Vahan Martirosyan emosional çıxışı zamanı “Qarabağa görə Ermənistanı itirə bilərik. Çoxlu gənc ölmüşdür və bütün bu cəsədlər Sarkisyanın vicdanındadır” deyə bildirmişdir. Eyni zamanda, diqqəti çəkən məqam Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1998-ci ildə söylədiyi fikrin yenidən dilə gətirilməsi olmuşdur: "Məlumdur ki, Azərbaycanla münaqişə həm Ermənistanda, həm də Qarabağda iqtisadi, sosial, demoqrafik və mənəvi-pxisoloji vəziyyəti pisləşdirib və münaqişənin mərhələli şəkildə, digər məsələlərlə yanaşı, Azərbaycan bölgələrinin işğaldan azad edilməsini nəzərdə tutan həlli yolu vacibdir”.

Cavid

Bu xəbər oxundu
- - -