Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

1908-ci ildə ilk dəfə Təbrizdə ana dilimizdə tamaşalar göstərən teatr dərnəyi yaranmışdı

01.11.17, 9:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rus-İran müharibələrindən (1804-1813, 1826-1828) sonra iki yerə parçalanmış Azərbaycanın güneyi– Güney Azərbaycan Qacar dövlətinin tərkibində qaldı. 1796-cı ildə siyasi hakimiyyətlərini möhkəmləndirən Qacarlar 1798-ci ildən etibarən Cənubi Azərbaycanı canişinlik (taxt-tacının varisinin iqamətgahı) və vəliəhdin valilik etdiyi əyalət seçərək öz etno-siyasi dayaqlarına çevirdilər. İlk Qacar hökmdarlarından fərqli olaraq Məhəmməd şah Qovanlı-Qacarın hakimiyyəti dövründə (1834-1848) Azərbaycan vilayətinin sakinləri mərkəzi hakimiyyət strukturlarında təmsil olunmağa başladılar. XIX əsrin sonlarında 40 ilə yaxın Azərbaycan valisi olmuş Müzəfərəddin şah Qacarın hakimiyyəti illərində (1896-1907) isə azərbaycanlıların mərkəzi hakimiyyət strukturlarında təmsil olunması prosesi ən yüksək səviyyəyə çatdı. Ümumiyyətlə, qeyd edə bilərik ki, Azərbaycan-Qacar şahlarının hakimiyyəti illərində azərbaycanlılar və farslar əyalət və vilayətlərin idarəçiliyndə demək olar bərabər səviyyədə, bəzən azərbaycanlıların üstünlüyü ilə təmsil olunurdular.
İran ordusunun komanda heyəti isə əsasən azərbaycanlılardan ibarət idi. Çoxmillətli İranın əsas etno-sosial birlikləri farslar (yarıya qədər) və azərbaycanlılardan (üçdə biri) ibarət idi, hətta azərbaycanlılar farslardan daha geniş ərazilərə yayılmışdılar. Farslar oturaq həyat tərzi keçirdikləri halda azərbaycanlılar oturaq, az miqdarda yarım-köçəri və köçəri halında yaşayırdılar.
Cəmiyyətin mədəni həyatı, dillərin fəaliyyət sferaları formalaşmış ənənələrlə müəyyən olunurdu. İctimai-siyasi, işgüzar, mədəni həyatda Azərbaycan türkcəsi, fars və ərəb dilləri ümumdövlət və regional səviyyədə müxtəlif statusa və funksional əhatə dairəsinə malik idi. Ənənəyə uyğun olaraq ərəb dili dini sferada və təhsil, o cümlədən ali mədrəsə sahəsində, fars dili kargüzarlıq və təhsil sistemində, Azərbaycan türkcəsi şifahi ünsiyyət vasitəsi kimi məhdud ölçüdə şah və geniş miqyasda vəliəhd saraylarında, İran ordusunda, hətta Cənubi Azərbaycanda mollaxanalarda işlədilirdi. İran müəllifi Ə.Kəsrəvi XX əsrin əvvəllərində İranda Azərbaycan türkcəsinin vəziyyətini şərh edərək qeyd edir ki, şifahi ünsiyyət vasitəsi kimi bu dil vəliəhd-valinin sarayında geniş işlənirdi, həmçinin məktəbxanalarda ərəb və fars dilini bilməyən bir çox müəllim və axundlar öz şagirdlərilə Azərbaycan dilində ünsiyyət qururdular. Ərəb və fars dilində olan fənlərin izahında əsas vasitə kimi bu dildən istifadə edirdilər.
A.Mostoufinin “vəliəhd Müzəfərəddin Mirzənin bütün saray adamları azərbaycanca danışırdılar” qeydi onu göstərir ki, Azərbaycana dövlət xidmətinə gəlmiş fars məmurları tezliklə ikidilli olurdular, buna görə də rəsmi dilin rolu daha az hiss edilirdi, çünki bu dil yalnız yazılı sahə ilə məhdudlaşırdı. 1919-cu ilin yazında İranla diplomatik əlaqələrin qurulması üçün Azərbaycan Demokratik Respublikası tərəfindən İsmayıl xan Ziyadxanlının başçılığı ilə Tehrana göndərilən fövqəladə missiyanın İran şahı ilə görüşü haqqında məlumatda deyilir: “45 dəqiqə davam edən danışıqlar ancaq türk dilində aparılıb”.
Azərbaycan dili yazılı formada ölkə miqyasında heç bir funksiya yerinə yetirmir, yalnız bədii yaradıcılıqda istifadə olunurdu. Azərbaycan-Qacar sülaləsi və XIX əsrin son rübündən başlayaraq cəmiyyətin siyasi, mədəni, iqtisadi həyatında daha aparıcı rol oynayan azərbaycanlılar sabitləşmiş dil situasiyasına heç bir dəyişiklik etmədilər. İqtisadi, siyasi, xüsusən mədəni sferada meydana gələn yeniliklər fars dilinin funksiyalarının genişlənməsinə şərait yaradırdı. Əyalət mərkəzlərində dövlət qəzetləri fars dilində nəşr olunurdu.
Əsası Təbrizdə qoyulmuş (1818-ci il), 20 il sonra Tehranda da təsis edilmiş çapxanalar Azərbaycan dilində bədii əsərlər çap etsə də digər sahələrə aid ədəbiyyatın meydana gəlməsini stimullaşdıra bilmədi. Azərbaycanlı maarifçilər İrandan kənarda öz əsərlərini farsca yazırdılar. Müxalifət mövqeyində duran ziyalılar xaricdə fars dilində mətbuat orqanları yaradırdılar. Həmin vəziyyət bəzi istisnalarla nəzərdən keçirilən dövr ərzində davam edib.
XIX əsrin sonlarında bütün Şərq ölkələrində olduğu kimi İranda, o cümlədən Cənubi Azərbaycanda da maarifçilik hərəkatı geniş yayılmışdı. Bu dəyişikliklər mütərəqqi qüvvələrin yeni tipli xüsusi məktəblər təşkil etməklə təhsil işini dünyəvi yola çıxarmaq səylərində daha geniş əks olunurdu. İlk yeni tipli xüsusi məktəb 1887-ci ildə Azərbaycanda yeni maarifin banisi H. Rüşdiyyə tərəfindən təşkil olunmuşdu. Dərslərin təşkili və tədrisi işində Avropa metodikasına yaxından bələd olan H.Rüşdiyyə öz biliyini xalqının xeyrinə tətbiq etmək qərarına gəldi, lakin cəmiyyətin mənəvi həyatını nəzarət altında saxlamağa çalışan ruhanilərin şiddətli müqaviməti ilə rastlaşdı. Bütün çətinliklərə baxmayaraq, o, uşaqlara yeni üsullarla dərs deməkdə davam edirdi. H.Rüşdiyyə 1894-cü ildə “Vətən dili” dərsliyini hazırladı. Çox qısa müddətdə ana dilində oxu və yazı vərdişlərinə sahib olmaq imkanı verən bu dərslik kiçik zaman ərzində Cənubi Azərbaycanın hər tərəfinə yayıldı. Maraqlıdır ki, 1897-ci ildə Tehrana köçməyə məcbur olan H.Rüşdiyyə paytaxtda ilk yeni tipli xüsusi məktəb təşkil etmiş və burada “Vətən dili” kitabını da tədris etmişdi.
Göründüyü kimi, bəzi xırda istisnalar nəzərə alınmazsa, 19-cu yüzilin sonlarında Azərbaycan - türk dilinin funksionallığının artması məsələsi azərbaycanlı milli ziyalılarının hədəfinə çevrilməmişdi. İran ziyalılarının modernləşmə (müasirləşmə) səyləri 1905-ci ildə başlanmış Məşrutə inqilabının əsas səbəblərindən biri oldu. İranda Məşrutə hərəkatının ideoloji əsaslarını hazırlayan ziyalıların başında Cəmaləddin Əfqani, Mirzə Mülküm Xan, Əbdülrəhim Talıbov, Zeynalabdin Marağayi və digərləri dayanırdılar. Onlar liberalizmi, millətçiliyi və sosializmi təbliğ edir, azadlıq, bərabərlik və qardaşlıq məfhumlarını ön plana çəkirdilər. Məşrutə hərəkatı müəyyən dərəcədə İranda ictimai-siyasi ziddiyyətlərin kəskinləşməsinin nəticəsi kimi meydana gəlmişdi. İnqilabın gedişi və xarakteri məhz həmin ziddiyyətlərin kəskinliyi, geniş azərbaycanlı kütlələrin siyasi fəallığı və şüurluluğu ilə müəyyən olunurdu.
İnqilabın gedişində qəbul olunmuş əncümənlər haqqında qanuna görə Azərbaycan vilayət əncüməni hakimiyyət orqanı kimi tanındı. Əncümənlər haqqında qanunda əncümənlər vali və hakimlər yanında əsasən məşvərətçi orqan kimi qeyd edilsə də, Azərbaycan vilayət əncüməni 1906-1909-cu illər ərzində vilayətdə yerli özünüidarənin yeganə tam səlahiyyətli orqanı idi. Məclis tərəfindən bölgələrə göndərilən teleqrafda göstərilir: “İran məmləkətlərindən yalnız Azərbaycan, Xorasan, Fars, Kirman, Bəlucistan əyalət statusuna sahibdir, başqa məmləkətlər vilayət olaraq tanınır. Valisi olan şəhərlərdə vilayət əncüməni qurulacaq”. Beləliklə, yuxarıda deyilənlərə əsasən təsdiq etmək olar ki, qeyd edilmiş əncümən azərbaycanlıların milli-siyasi formalaşma mərhələsinə qədəm qoyduğunu göstərirdi.
Məşrutə inqilabı dövründə milli şüurun inkişafını müəyyən edən əsas amillərdən biri ana dilinin qorunması istiqamətində bəzi tədbirlərin görülməsi idi. Bu dövrdə tədrisin Azərbaycan dilində aparıldığı məktəblər qurulmağa başlandı, qısa zamanda azərbaycanca mətbuat və milli təşkilatlar yarandı. 1907-ci ildən başlayaraq iki dilli - farsca-azərbaycanca olan “Azərbaycan” qəzetində milli kimliklə bağlı müxtəlif baxışları əks etdirən məqalələr çap edilirdi. XX əsrin əvvəllərində “Əncüməni-milliye-Təbriz” (Təbriz milli əncüməni) tərəfindən “Əncümən” adlı qəzet nəşr edilməyə başlandı. İnqilab illərində Azərbaycanda və İrandan xaricdə Azərbaycan türkcəsində aşağıdakı qəzetlər nəşr edilmişdi: 1906-cı ildə Londonda “Xilafə” qəzeti, 1907-ci ildə Təbrizdə və Urmiyada fars və Azərbaycan dillərində - “Azərbaycan”, “Fəryad”, “Şükr” qəzetləri, 1908-ci ildə Təbrizdə “Molla Əmu”,“Xeyrəndiş”, “Ana dili”, “Söhbət”, “Məzhər” qəzetləri, 1909-cu ildə Təbrizdə və Tiflisdə “İslah”, “Fəvvərdin”, “Şeyda” qəzetləri. 1911-ci ildə Xoy, Urmiya və İstanbulda bir sıra digər mətbu orqanları. Qəzetlərdə əvvəllər olduğu kimi Azərbaycan türkcəsində əsasən emosional çalarlı materiallar çap edilir, rəsmi məlumatlar isə fars dilində nəşr olunurdu.
İnqilab illərində Azərbaycanda yeni tipli məktəblər açılmışdı. Məktəblərin çoxunda təhsilin birinci ilində dərslər H.Rüşdiyyənin “Vətən dili” kitabı və S.H.Şərifzadə tərəfindən tərtib edilmiş dərslik üzrə Azərbaycan dilində aparılırdı. Azərbaycan dili şifahi və yazılı sahələrdə öz funksiyalarını genişləndirməkdə, üslublarını təkmilləşdirməkdə davam edirdi. Belə ki, ilk dəfə Təbrizdə 1908-ci ildə Azərbaycan türkcəsində tamaşalar göstərən teatr dərnəyi yaranmışdı. Təbrizdə Şimali azərbaycanlı və xarici müəlliflərin əsərlərini səhnəyə qoymuşdular. Teatr Azərbaycan dilində müxtəlif informasiyaların yayılması kanalı, mütərəqqi baxışların, tamaşaçıların estetik tərbiyəsi, dilin leksik-qrammatik imkanlarının zənginləşməsi və son nəticədə milli ədəbi dilin formalaşması vasitəsi idi. Beləliklə, Azərbaycan dilinin tətbiqi sahəsinin (ilk növbədə yazılı sahədə) genişlənməsi bu dövrdə azərbaycanlıların mədəni həyatının inkişafını müəyyən edən əsas cəhətlərdən biri hesab olunmalıdır. Bununla belə, Azərbaycan türkcəsi hələ də Azərbaycan xalqının özünün refleksiya vasitəsinə çevrilməmişdi. Azərbaycan dilində yayılan məlumatlarda milli həyatın müxtəlif cəhətləri, spesifik milli mənafe, inkişaf perspektivləri, Azərbaycan millətinin gələcək vəziyyəti haqqında heç bir informasiya qeyd olunmamışdı.
Ana dilinə diqqətin bütövlükdə bir tendensiya mərhələsində olmasına, ziyalıların əsasən milli əhval-ruhiyyəli hissəsini əhatə etməsinə, həm də siyasi-ideoloji rəng almasına baxmayaraq, bu hal Azərbaycan mədəniyyəti tarixində müsbət cəhət idi. 1911-ci ilin axırlarında inqilabı yatırmaq üçün İrana, o cümlədən Azərbaycana xarici dövlətlərin yeni hərbi hissələrinin yeridilməsindən sonra ölkənin irticaçı qüvvələri məclisi buraxdılar və əncümənləri, ilk növbədə ən nüfuzlu Azərbaycan vilayəti əncümənini qadağan etdilər. Məşrutə hərəkatı nəticəsində qəbul edilmiş Əsas Qanunda ölkədə yaşayan qeyri-fars xalqlarla bağlı müddəa yox idi, xüsusilə qeyri-farsların ana dilindən istifadə hüquqları ilə bağlı məsələyə heç bir yerdə toxunulmamışdı. Sadəcə 7 oktyabr, 1907-ci il tarixli Əsas Qanuna əlavənin 8-ci maddəsində “İran xalqlarının qanun qarşısında bərabər olduğu” göstərilirdi. Konstitusiyada ölkənin etnik və dil fərqləri diqqətə alınaraq rəsmi dil və ya dövlət dilindən söz açılmır, dil azadlığı qorunurdu.

Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -