Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Nyu Yorkda terror törədən Sayfullo Saipova ittiham irəli sürülüb

02.11.17, 9:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-da prokurorlar Nyu Yorkda səkkiz nəfəri öldürməkdə təqsirləndirilən özbək mühacirə terrorçuluq ittihamı irəli sürüblər, onun İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasından ruhlandığı bildirilir. Prokurorlar noyabrın 1-də Menhettendə məhkəmədə deyiblər ki, Sayfullo Saipov polis tərəfindən yaralandıqdan sonra xəstəxana otağının qarşısından İŞİD-in bayrağının asılmasını istəyib, “elədiyindən sonra özünü yaxşı hiss etdiyini” söyləyib.
Saipov məhkəməyə əlləri və ayaqları bağlı şəkildə, əlil arabasında gətirilib. Ona irəli sürülən ittihamlar üzrə ölüm cəzası da nəzərdə tutulub. Prokurorların deməsinə görə, Saipov xəstəxanada dindirilən zaman hüquqlarının müdafiəsindən imtina edib, hücumu törətdiyini boynuna alıb. Saipova məhkəmədə hüquqları oxunan zaman o, başını bir neçə dəfə tərpədib. Ona məhkəmənin təyin etdiyi vəkil David Patton deyib ki, Saipovun “çox güclü ağrıları” var və həbsxanada saxlandığı müddətdə tibbi müalicəsini davam etdirsin.
Saipov oktyabrın 31-də icarəyə götürdüyü pikapı velosiped cığırına sürərək 8 nəfəri öldürməkdə və 12 nəfəri yaralamaqda təqsirli bilinir. Ona terror qruplaşmasına maddi dəstək vermək ittihamı da irəli sürülüb. Prokurorların sözlərinə görə, onun mobil telefonundakı 90 video və 3 min 800-dən çox fotonun əksəriyyəti İŞİD təbliğatıyla bağlıdır. Təsvirlərdə məhkumların başlarının kəsilməsi, güllələnməsi, tankla üstlərindən keçilməsi göstərilir.
Məhkəmə sənədlərinə görə, Saipov hücuma görə qəsdən Halloween bayramını seçib, “çünki küçələrdə daha çox adamın olacağına inanıb”, daha çox adam öldürmək istəyib. Xəstəxanada dindirilən zaman Saipov deyib ki, mobil telefonda izlədiyi İŞİD videolarından həvəslənib, bir il öncədən hücum planlaşdırmağa başlayıb. Rəsmilərin bildirməsinə görə, Saipov hücum zamanı maşının üstünə İŞİD bayrağı sancmaq istəyib, ancaq diqqət çəkməməkdən ötrü fikrindən daşınıb.
Federal Təhqiqat Bürosu (FBI) isə bildirib ki, dindirməkdən ötrü axtardığı 32 yaşlı özbəkistanlı Mukhammadzoir Kadirovu tapıb. Ötən ilin ortasından İngiltərə, Fransa, İsveç, İspaniya və Almaniyada müxtəlif növ maşınlarla dinc sakinlərə qarşı oxşar hücumlar törədilib. Nyu Yorkdakı hücum Birləşmiş Ştatlarda dərhal siyasi məsələyə çevrilib. Prezident Donald Tramp mühacirlərlə bağlı qaydaları sərtləşdirəcəyini, viza lotereya proqramını ləğv etmək istədiyini deyib. Saipov 2010-cu ildə Birləşmiş Ştatlara bu proqramla gedib, qrin-kartı var.

Bu xəbər oxundu
- - -