Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Pirallahıda şpris istehsalı müəssisəsi yaradılır

02.11.17, 12:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Noyabrın 2-də Pirallahı rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, forum çərçivəsində Pirallahı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, zeytunçuluq təsərrüfatının, badam bağının salınması, corab istehsalı, plastik və polietilen qabların təkrar emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, Bakı qəsəbələrində və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, 2017-ci ilin ötən dövrü ərzində 1360-dək sahibkarlıq subyektinin ümumi dəyəri 346 mln. manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 101,3 mln. manat güzəştli kredit verilib. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində sahibkarlıq subyektlərinin 1373 investisiya layihəsinin maliyyələşdirilməsinə 397,8 mln. manat güzəştli kredit verilib.
İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 6,2 mln. manat güzəştli kredit verilib. Güzəştli kreditlər müasir istixana kompleksinin yaradılması, bağçılıq, dəri emalı, şpris istehsalı və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 110-dan çox yeni iş yerinin açılması mümkün olacaq. Forum çərçivəsində Pirallahı Sənaye Parkında güzəştli kredit ayrılmış şpris istehsalı müəssisəsinin tikintisi işlərinə baxış keçirilib. Azərbaycanda ilk dəfə yaradılacaq bu zavodda ildə 100 mln. ədəd şpris istehsal etmək mümkün olacaq.

Bu xəbər oxundu
- - -