Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İtaliya hökuməti TAP layihəsinə lazımi dəstək verir

02.11.17, 12:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İtaliya mərkəzi hökuməti tərəfindən Trans-Adriatik boru kəməri (TAP) layihəsinə lazımi dəstək verilir. TAP 2020-ci ildə İtaliya ərazisində Azərbaycan qazını qəbul etməyə hazır olacaq. Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Bakıda səfərdə olan İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə danışılıb. İki ölkə arasında tarixən sıx əlaqələrin olduğunu vurğulayan energetika naziri enerji əməkdaşlığını və həyata keçirilən qlobal enerji layihələrini Azərbaycan-İtaliya münasibətlərini daha da dərinləşdirən mühüm faktorlar kimi xarakterizə edib. Bildirilib ki, uzun illərdir Azərbaycan İtaliyanın əsas neft təchizatçılarından biridir. İtaliya şirkətləri ölkəmizdə həyata keçirilən enerji layihələrində uğurla təmsil olunur.
P.Şahbazov enerji mənbələri və marşrutlarının diversifikasiyasının ölkəmizin enerji siyasətinin prioriteti olduğunu qeyd edərək deyib ki, qlobal enerji təhlükəsizliyi layihəsi olan “Cənub Qaz Dəhlizi” bu siyasətin həyata keçirilməsini təmin etməklə yanaşı, bu layihədə iştirak edən bütün ölkələrin iqtisadi inkişafında, etibarlı enerji təchizatında mühüm rol oynayacaq. “Cənub Qaz Dəhlizi”nin mühüm seqmentlərindən biri kimi TAP-ın İtaliya ərazisindən keçməsi isə bu ölkəni Azərbaycan üçün vacib tərəfdaşa çevirir.
İtaliya Senatının sədr müavini L.Lanzillotta ölkəsinin bütün sahələrdə, xüsusilə də enerji sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan İtaliyanın enerji sahəsində strateji tərəfdaşıdır və bu münasibətlər TAP-ın reallaşması ilə daha da möhkəmlənəcək. O, İtaliyanın mərkəzi hökuməti tərəfindən layihəyə lazımi dəstək verildiyini qeyd edib. TAP-ın 2020-ci ildə İtaliya ərazisində Azərbaycan qazını qəbul etməyə hazır olacağına inamını ifadə edib. Görüşdə TAP layihəsi üzrə görülən işlərin son vəziyyəti, layihənin ətraf mühitə təsiri və sair məsələlər ətrafında geniş müzakirələr aparılıb. Layihə üzrə işlərin 60 faizinin tamamlandığı bildirilib. Qeyd edilib ki, “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi perspektivlərinin İtaliyanın mövqeyini gücləndirməsi, eləcə də Əlcəzairlə 35 milyard kubmetrlik qaz həcmləri üzrə uzunmüddətli təchizat müqavilələrinin müddətinin 2020-ci ildə bitməsi ilə TAP-ın əhəmiyyəti daha da artacaq. Bütün bu amillərin layihənin strateji dəyərini artırmaqla bərabər, işlərin qrafikə uyğun aparılmasını da zəruri etdiyi bildirilib.

Bu xəbər oxundu
- - -