Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ömürlük məhkumları azadlığa buraxmağın əleyhinəyəm”

03.11.17, 9:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əliməmməd Nuriyev: “Çünki ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin böyük əksəriyyəti çox ağır cinayətlər törədiblər”

Cinayət Məcəlləsinə sonuncu dəfə edilmiş dəyişikliyə görə, bəzi ömürlük azadlıqdan məhrum etmə cəzası alan şəxslər azadlığa buraxıla bilərlər.
Belə ki, Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin (CM) 76-cı maddəsinə (Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə) yeni 4-1 bəndinin əlavə edilməsi təklif olunub.
Yeni bəndə görə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza şəkən şəxsin bu məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl edilməsi halları nəzərə alınır.
Məsələ ilə bağlı “Konstitusiya” Araşdırmalar Fondunun sədri, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-ın əməkdaşının suallarını cavablandırıb.
- Cinayət Məcəlləsinə edilmiş dəyişikliyə görə, ömürlük məhbuslar hansı halda azadlığa buraxıla bilərlər?
- Ömürlük azadlıqdan məhrum edilmiş şəxslər cəzasının 25 ilini çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl edilməsi halları nəzərə alınacaq. Bu o demək deyil ki, məhkəmə həmin şəxs barədə müsbət qərar qəbul edəcək. Çünki ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin böyük əksəriyyəti çox ağır cinayətlər törədiblər. Amma bu o demək deyil ki, həmin şəxslər məhkəməyə müraciət edən zaman azadlığa buraxılacaq və ya cəzası yüngülləşdiriləcək. Mən həmin şəxslərin hər hansı bir formada azadlığa çıxmasının əleyhinəyəm.
- Cəzanın yüngülləşdirilməsi “ömürlüklər”ə stimul ola və və qətillərin törədilməsinə rəvac verə bilərmi?
- Bəli. Hesab edirəm ki, məhkəmələr bu zaman zərərçəkmiş şəxslərin, cəmiyyətin mövqeyini nəzərə almalıdır. Balansı qorumadan ədaləti bərpa etmək olmaz. Çünki ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin əksəriyyəti terrorçuluq fəaliyyəti ilə məşğul olub, killerlik edib və s. Hesab edirəm ki, bu məsələdə çox diqqətli olmaq lazımdır.
-Azərbaycan həbsxanalarında cəzasının 25 ilini çəkmiş ömürlük azadlıqdan məhrum etmə cəzası almış şəxslər varmı?
- Azərbaycanda yeni Cinayət Məcəlləsi qəbul edilməzdən əvvəl də ömürlük azadlıqdan məhrum edilmiş şəxslər vardı. Vaxtilə barəsində ölüm hokum çıxardılmış şəxslər də vardı. 1998-ci ildə ölüm hökmü ləğv edildiyi üçün onlara ömürlük azadlıqdan məhrum etmə cəzası verildi. O zaman 186 nəfər ömürlük azadlıqdan məhrum etmə cəzası almışdı. Amma bu gün nə qədər ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının 25 ilini çəkməsi ilə bağlı statistik məlumatım yoxdur. Lakin onu bilirəm ki, bu il belə bir həddi keçmiş şəxslərin sayı 2 nəfərdir.
- Cinayət Məcəlləsinə edilmiş dəyişiklər əvvəlki illərə də şamil olunacaq ya necə?
- Bu qanunun icrası cənab prezidentin fərmanında öz əksini tapacaq. Həmçinin, qanun qüvvəyə minəndən sonra ümumiləşdirici hallarda geriyə qüvvəsi var. Eyni zamanda, bu qanunun yekun müddəalarında hansı normanın nə vaxtdan tətbiq edilməsilə bağlı məsələlər öz əksini tapıb. Bu zaman isə həmin məhkumlar müraciət hüququndan istifadə edə bilərlər.

Bu xəbər oxundu
- - -