Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Hamının gözü milli komandadadı”

03.11.17, 10:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qurban Qurbanov: “Bir azərbaycanlı kimi çalışacam ki, daha yaxşı nəticələrə imza ataq”

Dünən Azərbaycan milli komandasının yeni baş məşqçisinin adı müəyyənləşib. Yığmanın çalışdırıcısının adına AFFA-nın İcraiyyə Komitəsinin iclasında aydınlıq gəlib. Bakı Olimpiya Stadionunda baş tutan yığıncağın gündəliyindəki əsas məsələ müqaviləsi ilin sonunda başa çatan Robert Prosineçkini kimin əvəzləməsi ilə bağlı olub. Komitə üzvlərinin qərarı ilə “Qarabağ”ın baş məşqçisi milli komandanın çalışdırıcısı vəzifəsinə təyin edilib.
Komitə üzvləri yekdilliklə yeganə namizəd olan 45 yaşlı mütəxəssisi dəstəkləyib. Qurbanov növbəti üç tsikl üçün – 6 il müddətinə yığmanın baş məşqçisi təyin olunub.
O, milli komanda ilə paralel “Qarabağ” və İcraiyyə Komitəsindəki işini də davam etdirəcək. Qurbanovun yığmadakı köməkçilərinin adları yaxın günlərdə müəyyənləşəcək.
Toplantıdan sonra jurnalistlərə açıqlama verən AFFA prezidenti Rövnəq Abdullayev Abdullayev yeni çalışdırıcıya uğurlar arzulayıb.
O, Qurbanovun “Qarabağ”da və İcraiyyə Komitəsində qalacağını açıqlayıb: “Qurban Qurbanov “Qarabağ”da qalır, işini davam etdirəcək. Bilirsiz ki, millinin bazası “Qarabağ” olacaq. Yığmanın əsas oyunçuları da bu komandadadı. Buna görə də orda qalıb, baş məşqçiliyini davam etdirəcək və Premyer Liqanın da bütün klubları ilə sıx işləyəcək. Düşünürəm ki, bu, işin xeyrinə olacaq. Çox müzakirələr apardıq və İcraiyyə Komitəsində yekdilliklə qərar qəbul edildi ki, o, “Qarabağ”da qalsın”.
AFFA prezidenti Qurban Qurbanovla müqavilə şərtlərinə də aydınlıq gətirib: “Biz bunu artıq proqram şəklində həyata keçirəcəyik. Ölkə xaricində məşqçi gətirəndə tsikl-tsikl müqavilə bağlayırdıq. Bu gün mən sizə açıq deyim ki, bu tsiklimiz ən azı 6 illik olacaq. Avro-2020, DÇ-2022 və Avro-2024-ü əhatə edəcək. Bu, böyük bir hazırlıq prosessidi. Düşünürük ki, sistem qurulmalıdı. Qurban Qurbanovun qarşısında məsələ qoymuşuq ki, Premyer Liqanın bütün oyunçularının hazırlığı AFFA tərəfindən vahid sistemlə aparılsın. Yəqin ki, yaxşı nəticələr olacaq”.
Abdullayev millidə köməkçi məşqçilərin hələ müəyyənləşmədiyini deyib. Qurum rəhbəri bildirib ki, baş məşqçi yeni təyin olunub və o, fikirləşdik sonra bu barədə məlumat veriləcək.
AFFA rəhbəri Qurban Qurbanovla bir-birlərinin qarşısına qoyduqları öhdəliklərdən də danışıb. AFFA prezidentinin sözlərinə görə, əsas şərt vətənə qulluq etməkdi və Qurban da vətənpərvərdi.
Qurban Qurbanov da yeni təyinatı ilə bağlı fikirlərini açıqlayıb: “Bilirəm, çox məsuliyyətli işdi. Hamının gözü milli komandadadı. Azarkeşlərin fikirlərini, düşüncələrini yaxından eşitmişəm. Çox istəyirlər ki, milli daha uğurlu nəticələr əldə etsin. Mənim üçün böyük məsuliyyətdi. Çalışacağıq ki, AFFA ilə birgə daha yaxşı nəticə əldə edək. Bu, bir ayın işi deyil. Planlarımız uzun olacaq. Yavaş-yavaş irəli getməliyik ki, milli daha peşəkar olsun. Bu işin öhdəsindən gəlmək üçün əlimdən gələnin artığını etməyə çalışacam. Bir azərbaycanlı kimi çalışacam ki, daha yaxşı nəticələrə imza ataq”.
Qurbanov bildirib ki, bundan sonra məsuliyyəti və işi çoxalacaq: “Düşünürəm ki, rəhbərliyimizlə birlikdə çalışıb, bu işin öhdəsindən gələcəyik. KİV nümayəndələrinə, bütün azarkeşlərə “çox sağ olun” deyirəm. Buna kimi də bütün yazılanları oxuyurdum və mənə olan etimadınızı, sevginizi göstərirdiz. Hər birinizə təşəkkür edirəm. Düşünürəm ki, bundan sonra hamımız – media, azarkeşlər, futbolsevərlər, futbol funksionerləri bir olub, aktiv komanda formalaşdırıb, uğurlu nəticələr əldə edəcəyik”.
O, hələ köməkçilərinin adına aydınıq gəlmədiyini və bu barədə fikir bildirmək çox tez olduğunu vurğulayıb: “Təkcə köməkçilər deyil, çox detallar var. Hansı ki, bu günə buna cavab verə bilməyəcəm. Çünki onlar hissə-hissə ediləsi bir prosesdi. Hələ ki, bu barədə düşünməmişik. Buna hələ vaxtımız var. Bəlkə də 1 aya, 1,5 aya ətraflı məlumat verəcəyik”.
Çalışdırıcı Azərbaycan millisinin AÇ-2020 ilə bağlı şanslarından da danışıb. Qurbanov Millətlər Liqasının üstünlüklərinə toxunub: “Dəfələrlə fikrimi bildirmişəm ki, birdən-birə hər şeyi edə bilmərik. Futbol elə bir oyundu ki, burda hər şey mərhələ-mərhələ olur. Həmişə də futbolçularımdan tələb etmişəm ki, əlinizə düşən şansdan maksimum istifadə olunmalıdı. Əgər bizim əlimizdə bu imkan, bu şans varsa, bundan mütləq istifadə etməliyik. Özünüz də görürsüz ki, Madrid “Atletiko”su bizdən qat-qat güclüdü, amma “Qarabağ” səfərdə heç-heçə etdi. Çempionatda da düşünürük ki, bizdən zəif komandadı, amma gəlib, bizi məğlub edir. Yəni futbolda əvvəlcədən qəti qərar vermək mümkün deyil. Bunun üçün biz hazır olmalıyıq. Amma bizim kiçik bir şansımız varsa, bundan maksimum istifadə etməyə çalışacağıq”.
Qurbanov AFFA ilə aralarında hansısa öhdəliklər qoyulmadığını da sözlərinə əlavə edib: “Məndə belə bir xarakter yoxdu. Sadəcə, doğru yol axtarırıq. Tapdığımız, düşündüyümüz yolu müzakirə edirik və bunu ən yaxşı şəkildə həyata keçirməyə çalışırıq. Bir-birimizi tanıyırıq. Neçə illərdi bizim federasiya rəhbərliyi ilə münasibətlərimizdən də xəbərdarsız. Ona görə də hansısa şərt qoymağa ehtiyat yoxdu. Bir-birimizə inanaraq, güvənərək bu yolu gedəcəyik. İnşallah, birlikdə daha güclü olmağa çalışacağıq”.

Bu xəbər oxundu
- - -