Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Səudiyyədə müəmmalı vertolyot qəzası

06.11.17, 11:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Son günlər adı dünya mediasının manşetlərindən düşmək bilməyən Səudiyyə Ərəbistanında daha bir müəmmalı olay baş verib. Səudiyyə Ərəbistanı televiziyasının yaydığı məlumata görə, ölkənin yüksək rütbəli məmurlarını daşıyan vertolyot Yəmən sərhədləri yaxınlığında qəzaya uğrayıb və içərisindəki bütün şəxslər həlak olub. Bildirilir ki, ölənlər arasında Əbha bölgəsinin əmir köməkçisi şahzadə Mənsur bin Mukrin, həmçinin əmir vəkili Salman əl-Cərişi, əmirliyin baş katibi Saleh bin Abdullah əl-Qadi, Əsir bölgəsinin təsərrüfat müdiri Fəhd əl-Fertiş, Əsir rayonunun polis rəisi Saleh bin Süleyman əl-Kərzayi və digərləri var.
Xatırladaq ki, bundan qabaq Səudiyyə Ərəbistanında Kral ailəsinin 30-a yaxın üzvü də daxil olmaqla, bir neçə sabiq və fəaliyyətdə olan nazirlər həbs edilib. “Əl-Həyat” kanalı bildirib ki, Kral Salman noyabrın 4-də Korrupsiyaya Qarşı Mübarizə Komitəsi yaradaraq oğlu Məhəmməd bin Salmanı həmin qurumun rəhbəri təyin edib. Komitənin yaradılmasından bir neçə saat sonra isə həbslər başlayıb.
Həbs olunanların arasında Ciddə şəhərinin sabiq meri və keçmiş səhiyyə naziri Adil Fəqih, Yaxın Şərq Mediası Mərkəzinin direktoru Valid Əl-İbrahim, Kral Məhkəməsinin keçmiş sədri Xalid Tuycəri, həmçinin Ərəbistanın ən varlı adamı Valid bin Təlal bin Əbduləziz kimi tanınmış şahzadə və digər məşhur şəxslərin olduğu bildirilib.
Kral Salman Ərəbistan milli qvardiyasının rəisi və əvvəlki Kralın oğlu Mutəəb bin Abdullah bin Əbudləzizi də vəzifəsindən kənarlaşdırıb. Həbs olunanlar korrupsiya və rüşvətxorluqda, çirkli pulların yuyulmasında ittiham olunurlar. Ölkəni tərk etmək cəhdlərinin qarşısının alınması üçün Səudiyyə Ərəbistanının hava limanlarında nəzarət gücləndirilib.
Bəzi kütləvi informasiya vasitələri Səudiyyə Ərəbistanında baş verənləri dünya bazarında neftin qiymətinin düşməsindən sonra kralın ölkə iqtisadiyyatında dəyişiklik etməyə çalışması, digərləri isə saray çəkişmələri kimi qiymətləndirirlər.
Qeyd edək ki, Türkiyənin "Hurriyyet.com" saytı sosial şəbəkələrə istinadən, şahzadə Mənsur bin Mukrinin vertolyota minmə anının əks olunduğu deyilən kadrları da yayıb.

Bu xəbər oxundu
- - -