Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dünya çempionu: “6 ildi nazirliyə müraciət etmişəm, hələ xəbər yoxdur”

06.11.17, 11:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sanda və kunq-fu ful kontakt döyüş növləri üzrə dünya çempionatından qızıl və gümüş medalla qayıdan Orxan İsabəylinin apasport.az saytına müsahibəsi

- İtaliyada baş tutan dünya çempionatından 2 medalla qayıtdınız. Əvvəlcə yarış haqda ətraflı məlumat verərdiz...
- Yarış Karrara şəhərində keçirilirdi. Bütün qeyri-olimpiya idman növləri üzrə dünya çempionatı idi. Kunq-fu və sanda ilə yanaşı, kikboks, muay-tay, karate və digər növlər də var idi. Mən iki kateqoriyada yarışa çıxdım. Sandada 12 ölkənin idmançısı iştirak edirdi. Fransa və Türkiyə döyüşçüsünə qalib gəldikdən sonra finalda italiyalını üstələdim, birinci yerə çıxdım. Ful kontaktda isə 70 kq çəki dərəcəsində 9 ölkənin idmançısı yarışırdı. Rusiya və Ukrayna döyüşçüsünə qalib gəldikdən sonra finala adladım. Həlledici döyüşdə isə fransıza uduzaraq, gümüş medalla kifayətləndim. Onu da deyim ki, yarışa həddindən artıq idmançı qatılmışdı. Bundan əvvəl də nailiyyətlərim olub. 2011-ci ildə Küveytdə 65 kq çəki dərəcəsində dünya çempionu olmuşam. 2016-cı ildə dünya ikincisi adını qazanmışam.
- Federasiya və nazirlik bu uğurunuza necə qiymət verdi?
- İtaliyaya bizimlə birlikdə nazirlikdən də əməkdaş getmişdi. Sənədlər yığılıb, ona verildi. Yarışda iştirak kodlarımız götürüldü. Səfər xərclərimizi nazirlik ödədi. Dedilər ki, ilin sonunda mükafatlandırma olacaq. İstərdik ki, nailiyyətlərimiz heç olmasa informasiya şəklində yayımlanardı.
- Kimlərdən təbrik aldınız?
- Sağ olsunlar, orda ünsiyyət qurduğumuz xarici idmançılar var idi, bizi təbrik etdilər (gülür). Öz idmançılarımızla da görüşüb, bir-birimizə dəstək olduq.

- İtaliyada yaşayan həmyerlilərimiz yarış vaxtı sizə dəstək olmağa gəlirdilər?
- Sözün açığı, yox. Tribunalarda bayrağımızı görmürdük. Gəlsəydilər, görərdik. Onu da deyim ki, Rusiyadan neçə televiziya kanalının əməkdaşı gəlmişdi, yarışı canlı yayımlayırdılar. Biz tərəfdən isə media nümayəndəsi aparılmamışdı. İtaliya kanalları da dünya çempionatını göstərirdilər. Böyük festival idi. Yerli camaatın da marağı həddindən artıq idi.
- Nazirlikdən mükafatla bağlı sizə vəd verildi?
- Nazirliyin nümayəndəsindən mükafatlandırma ilə bağlı soruşanda söhbəti tez-tez dəyişirdi. Bizdə köhnə idmançılardan biri var. Uzun müddət idi ki, idmanı buraxmışdı, yenidən başladı. Bizimlə yarışa gəlmişdi. Deyir ki, 2003-cü ildə Portuqaliyada keçirilən dünya çempionatında birinci yerə çıxıb. Qayıdanda nazirliyə çağırıblar, mükafatlandırma olub. Hərəyə bir radio veriblər. Radionu götürüb, dilxor şəkildə evə qayıdıb. Atası deyib ki, radio olsa da, eybi yox, heç olmasa, qulaq asaq, amma işləməyib (gülür). Tər töküb, əziyyət çəkərək birinci olub, əvəzində işləməyən radio veriblər.
- Olimpiya idman növlərində uğur qazanan idmançılara diqqəti görəndə kunq-funu seçdiyinizə görə heyfsilənirsiz?
- Əslində, işim sırf idmanla bağlı deyil. Qafqaz Universitetini bitirmişəm. Sənaye mühəndisliyi ixtisası üzrə təhsil almışam. Sanda döyüş növündən uşaqlıqdan xoşum gəlir, buna görə məşğul olmuşam. Sözün düzü, xarici kinolardan həvəsə düşmüşdüm. Kataları, forumları, göstərişləri görüb, bu idman növünə başladım və “qara kəmər”ə qədər gəlib çıxdım. Təkcə döyüş növü kimi yox, kunq-funun kataları da mənə maraqlı gəldi. Tərzləri, akrobatik hərəkətləri bəyənirdim. Üzərimdə işlədim. Daha sonra kunq-fu ful kontakt döyüşə marağım daha çox oldu. Yəni idmana sırf qazanc yeri kimi yanaşmamışam. Amma yaş keçdikcə baxıram, olimpiya idman növlərində uğur qazananlara göstərilən maddi və mənəvi dəstəyi görəndə istər-istəməz təsir edir ki, biz də bayraq qaldırırıq, biz də əziyyət çəkirik. Düzdü, olimpiya elə bir çərçivədi ki, bütün dünyanın diqqəti orda olur. Razıyam, biz ölkəni olimpiadada uğur qazanan idmançılar qədər tanıda bilmirik. 2011-ci ildən sağ ayağımda zədə var, nazirliyə də müraciət etmişəm. Deyilib ki, pul ayrılacaq. Amma hələ xəbər yoxdu.
- 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına karateçilər də qatılacaqlar. Kunq-funun da nə vaxtsa olimpiya idman növləri sırasına qatılmaq şansı varmı?
- Danışıqlar gedir. İslam Həmrəyliyi Oyunlarında uşu-sanda idman növü təmsil olunur. Olimpiadanın da siyahısına daxil edilməsi gözlənilir.
- Qarşıda hansı yarışlar olacaq?
- Sanda üzrə Respublika çempionatında lisenziya qazandıqdan sonra dünya çempionatına yollandıq. Növbəti dünya çempionatının gələn il Mərakeşdə keçirilməsi gözlənilir.

Bu xəbər oxundu
- - -