Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dekabrın ilk hərracına 111 dövlət əmlakı çıxarılıb

06.11.17, 12:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dekabrın 5-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Budəfəki hərracda müxtəlif çeşidli 111 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 19-u səhmdar cəmiyyət, 17-si kiçik dövlət müəssisə və obyekti, 75-i isə istifadəsiz qeyri-yaşayış sahəsidir. Komitədən bildirilib ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara evindən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır. Elektron hərracda iştirak etmək istəyən şəxs ƏMDK-nın rəsmi saytına (e-emdk.gov) və ya “Elektron hökumət” portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Ümumilikdə isə hərracda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada həyata keçirilir. Hərracları qeydiyyatdan keçmədən onlayn olaraq canlı izləmək mümkündür.
Hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərə “Zaqatala Fındıq”, “Anar”, “Salyan Kəndkimya”, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel” və digərləri aiddir. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 faizini təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirilməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyətidir. Bu əmlakın səhminin 30 faizi 126 min manata yaxındır.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Qazax, Mingəçevir, Yevlax, Cəlilabad, Siyəzən, Beyləqan, Şirvan və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 20 kvadratmetr ilə 756 kvadratmetr arasında dəyişir. Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar paytaxtla yanaşı, Şirvan, Şəmkir, Qazax və digər bölgələrdə yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında Qazaxda yerləşən "Elviz" kiçik dövlət müəssisəsi, Şəmkirdə olan “Çörək mağazası”, Şirvanda yerləşən 27 saylı mağaza kimi iri dövlət əmlakları var.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Sabunçu rayonunda yerləşən 67 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 240 kvadratmetrə, torpaq sahəsi isə 300 kvadratmetrə yaxındır. Bundan başqa Yevlaxda yerləşən 7 saylı yeməkxana sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur. Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 58-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 1 kvadratmetr ilə 240 kvadratmetr arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Bu xəbər oxundu
- - -