Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiya status-kvonu qorunmasına çalışır

07.11.17, 8:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə görüşmək üçün bu ölkəyə noyabrın 13-də səfər edəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı da gözlənilir. Prezidentlərin münaqişənin həlli ilə bağlı hansı ortaq fikirlərə gələcəyi isə bəlli olmadığndan, müxtəlif versiya və ehtimallar səsləndirlir.
Ərdoğan-Putin görüşü və bu fonda Dağlıq Qarabağ məsələsinin müzakirəsi ilə bağlı bəzi suallara aydınlıq gətirən analitik Elçin Mirzəbəyli deyib ki, Türkiyə və Rusiya prezidentlərinin görüşü önəmli bir zaman kəsiyinə təsadüf edir.
Analitik qeyd edib ki, bu görüşün Türkiyə prezidentinin Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı və Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında iştirakından, eyni zamanda, Azərbaycan-Rusiya-İran dövlət başçılarının Tehranda keçirilən zirvə toplantısından sonra baş tutması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından daha çox maraq doğurur:
“Belə hadisələr və görüşlər öncəsi müxtəlif ehtimalların irəli sürülməsi isə təbii qəbul olunmalıdır. Lakin bəzi həmkarlarımdan fərqli olaraq sensasion iddialarla çıxış etməyəcəyəm. Bunun üçün heç bir əsas yoxdur. Rusiyanın şərtləri barədə KİV-də yayılan məlumatlara gəldikdə, bunların yeni olmadığını düşünürəm. Artıq 3 ilə yaxındır ki, Azərbaycanda Rusiyanın ehtimal olunan şərtləri ətrafında müzakirələr aparılır. Bu məlumatların bir hissəsi ictimai rəyin öyrənilməsinə və yönləndirilməsinə, digər hissəsi isə hadisələrin perspektiv inkişafının şərh olunmasına xidmət edir. Azərbaycan münaqişənin ölkənin ərazi bütövlüyündən kənarda hər hansı bir formada həll olunmasına razılıq verməyəcək. Bu, müzakirəsinə ehtiyac duyulmayan bir mövqedir. Regionda baş verən proseslərin təhlili və mövcud reallıqlar Ərdoğan-Putin görüşündə münaqişənin həllinə xidmət edən hər hansı bir razılaşmanın olmayacağını deməyə əsas verir”.
Analitik hesab edir ki, sözügedən görüş daha çox Türkiyə-Rusiya münasibətlərinin inkişafı və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ankaranın iştirakının qəbul olunması baxımından önəmlidir:
“Görüş regional əməkdaşlıq formatlarının genişlənməsi üçün də müəyyən imkanlar yarada bilər. Məsələn, Azərbaycan-İran-Rusiya formatı Azərbaycan-Türkiyə-Rusiya-İran formatına çevrilə bilər. Yaxud bu prosesin başlanğıcı kimi Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı ideyasının gerçəkləşməsi də mümkündür. Bütün hallarda görüşün daha çox regional əməkdaşlığın, xüsusilə də Rusiya-Türkiyə münasibətlərinin inkişafına xidmət edəcəyini düşünürəm. Hesab edirəm ki, Türkiyə və Rusiyanın dövlət maraqları baxımından uzlaşdırılması lazım gələn və prioritet sayılacaq mövzuların sayı yetərincədir. Bu sırada Dağlıq Qarabağ münaqişəsinin həllinin ön sıralarda yer ala biləcəyi az inandırıcı görünür”.
Politoloq Məhəmməd Əsədullazdənin fikrinicə isə bu görüş Türkiyə-Rusiya əlaqələrinin siyasi-iqtisadi spektrlərinə həsr olunacaq. Əsasən "Türk axını" qaz kəmərinin tikintisi, Rusiya ilə hərbi-texniki əməkdaşlıq və Suriyadakı vəziyyət, Qərb-Türkiyə əlaqələri fonunda Rusiya ilə bundan sonrakı münasibətlərin perspektivləri əsas müzakirə predmeti təşkil edəcək. Bu görüşdə iki ölkə arasında yeni müqavilələrində bağlanılması gözlənilir: “Azərbaycanın diqqətlə gözlədiyi an Dağlıq Qarabağ konfliktinin Ərdoğanın Putinlə müzakirə edəcəyidir. Qeyd edək ki, Ərdoğan bir neçə dəfə Putinlə münaqişənin həlli istiqamətində danışıqlar aparıb. Bundan əlavə regionda böyük geosiyasi və geoiqtisadi dəyişikliklər baş verdiyi üçün yenidən Ankaranın Moskva ilə münaqişənin həllini müzakirə etməsinə ehtiyac yaranıb. Çünki, Türkiyə Minsk qrupunun üzvüdür və problemin həllinə töhfə vermək üçün yaxından iştirakı qanunauyğundur. Hazırda Türkiyə və Rusiya Yaxın Şərqdə baş verən siyasi şərtlər daxilində müəyyən dərəcədə siyasi ortaq məxrəcə gəlib. İqtisadi əməkdaşlığın inkişafı iki ölkə üçün strateji tərəfdaşlığa qədər yüksəlib. İki ölkə arasında hazırkı münasibətlər yüksək səviyyədə olsa da, bu Ərdoğan və Putinin şəxsi xarakterlərinin Qərbə baxışından irəli gəlib. İki ölkə daimi siyasi rəqib olub, xüsusilə Türkiyə NATO üzvüdür və Qərblə strateji müttəfiqdir. Qərblə Türkiyə arasında siyasi konforantasiya müvəqqəti xarakter daşıyır. Bundan irəli gələrək Ankara və Moskvanın Qarabağ problemini həll etmək qədər yaxın olması, xüsusilə Rusiya tərəfindən mümkün görünmür. Ərdoğanın qeyd etdiyi kimi "Putin istərsə, münaqişə həll edilə bilər" tezisi Moskva səfərindən öncəsi, Kremlə mesaj idi. Amma Kreml konfliktinin həllini istəyirmi, əlbəttə ki, xeyir. Putin indiki şərtlər daxilində status-kvonu qorunmasına çalışır. Qeyd edək ki, Ərdoğanla danışıqlar prosesində müəyyən həll variantları müzakirə ediləcək. Ortada olan "Lavrov planından" kənar, Rusiya heç bir həll planına uyğun addım atmayacaq. Çünki, Ərdoğanla Putinin münaqişəyə baxışında ciddi fərq var. Ərdoğan mərhələli, Putin isə " paket həllini" irəli sürür. Hazırda münaqişənin həllində əsas maneə Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsi, Laçın və Kəlbəcərin Azərbaycana verilməməsidir, həmçinin Qarabağa yekun statusda referendumun qeyd edilməsidir. Putinin bu planından geri çəkilməsi mümkün görünmür. Ərdoğan-Putin görüşü Qarabağ danışıqlarında dinamikliyi artırsa da, konfliktin həllinə real imkanlar yaransada, Putin hələki gözləmək mövqeyində olacaq. Gələn ildə münaqişəsinin həllində irəliləyiş gözlənilmir”.
Politoloq Qabil Hüseynli isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yolunda başlıca maneə Rusiya xarici işlər naziri Sergey Lavrovdur.
Politoloq Lavrov məsələsinin artıq Dağlıq Qarabağ münaqişəsində xüsusi bir problemə çevrildiyini düşünür:
“Əgər dünənə qədər bu problem illeqal şəkildə mövcud idisə, indi demək olar ki, leqallaşır. Lavrov Dağlıq Qarabağla bağlı ermənipərəst mövqeyini açıq şəkildə ifadə etməkdən belə çəkinmir. Hesab edirəm ki, o, münaqişənin həll edilməsi yolunda çox böyük maneədir. Rusiyada formalaşmış erməni lobbisinin başçısı olan bu şəxs xarici işlər nazirindən çox, İrəvanı müdafiə edən ermənipərəst siyasi lobbinin başçısı kimi fəaliyyət göstərir. Milli mənsubiyyətinə görə onun Azərbaycanın haqlı davası olan Dağlıq Qarabağ məsələsinə qarışmağa mənəvi haqqı yoxdur”.
Politoloqun fikrincə, Lavrovun rus millətindən olan bir şəxslə əvəzlənməsi Qarabağ danışıqları prosesinə dinamizm verə bilər:
“Hətta bu, məsələnin mürəkkəb vəziyyətdən çıxmasına və prosesin bir qədər sadələşməsinə səbəb olar. Sadəcə, yaranmış reallığın acı gerçəkləri bundan ibarətdir ki, Lavrov həmişəkindən daha sərt formada problemin ermənilərin xeyrinə dəyişməsinə təsir göstərir. Soçi görüşündə ölkə başçısı bu məsələni qaldırmış və Putinlə təkbətək görüşündə ona müəyyən material və sənədlər də təqdim etmişdi. Rusiya prezidenti isə bu məsələ ilə bağlı araşdırılma aparılacağını və lazımı tədbirlərin görüləcəyini bildirmişdi. Hələ ki, dəyişən heç nə yoxdur. Birmənalı qaydada Putinin Lavrovla bağlı qərar qəbul edəcəyini söyləmək olduqca çətindir. Çünki Rusiyanın özündə tarixin dərin qatlarından irəli gələn bir ermənipərəst siyasət kök salıb. Qərbi Azərbaycan torpaqlarına ermənilərin köçürülməsində Rusiya imperiyasının böyük rolu olub və bu ənənə indi də davam edir. Lavrovun Rusiyadakı erməni lobbisinə başçılıq etməsi bu prosesi daha qəbuledilməz bir səviyyəyə qaldırır”.
Bu arada Ermənistan baş nazirinin keçmiş köməkçisi Hayk Martrosyan isə erməni mediasına müsahibəsində rəsmi İrəvanı Azərbaycanla dil tapmağa çağırıb: “Ağıllı adam güclü adama təzyiq göstərməz. O, ümumi dal tapmağa çalışar. Bu gün Azərbaycan regional oyunçuya çevrilir, Ermənistanda bunu rədd edib, kinayə ilə qarşılasalar da, fakt budur ki, bizim düşmənimiz artıq çox göstəricilər üzrə bizdən üstündür və bizdən ötrü ciddi, ölümcül tələlər hazırlayır. Əgər Ermənistan ayılmazsa, öz mövqeyini və davranışlarını radikal şəkildə dəyişməzsə, onun fəlakətlə üzləşməsi qaçılmazdır”, - deyə Hayk Martirosyan vurğulayıb.
Əslində, Hayk Martirosyan dolayısı ilə gələcəkdə Ermənistanın indiki ərazilərinin xeyli hissəsinin - Zəngəzurun və Göyçənin, Dərələyəzin, Vedi və Zəngibasarın Azərbaycanın nəzarətinə keçə biləcəyinə işarə vurur. Ermənistan Qarabağı və ətraf rayonları işğal eləməklə buna hüquqi əsas verir. BMT qətnamələrini və beynəlxalq qurumların çağırışlarına məhəl qoymaması da Azərbayсana müharibə hüququ yaradan amillərdəndir.
Hayk Martirosyanın proqnozlarının tarixi əsası da var. Tarix göstərir ki, ermənilər bütün hazırlıqları olmasına baxmayaraq, Rusiya ordusunun dəstəyi olmadan azərbaycanlıların könüllü dəstələri ilə belə vuruşmağı bacarmırlar. Bunun Birinci Dünya müharibəsindən sonrakı dövr də sübut etdi. 1918-ci ildə cəbhədən 150 minə yaxın silahlı erməni geri qayıtmışdı - İrəvan, Bakı, Qarabağ və s. bölgələr ermənilərin nəzarətinə keçmişdi. Hər bölgədə 30 minə qədər silahlı erməni əsgəri vardı. Azərbaycanı isə cəbhədə 1400 nəfərlik “vəhşi diviziya” təmsil edirdi. Buna baxmayaraq, Azərbaycan xalqı birləşdi və əvvəl Bakını, sonra isə qısa bir müddətdə indiki Azərbaycanın bütün hüquqi ərazisini düşmən işğalından xilas etdi. Çünki Rusiya ordusu bölgəni tərk etmişdi.
Hayk Martrosyan belə bir zamanın gələ biləcəyini vurğulayır. Əgər Rusiyada inqilab olarsa və hakimiyyət demokratik düşərgəyə keçərsə, bu, baş verə bilər. Dünən Moskvada baş vermiş hadisələr göstərdi ki Rusiyada buna hazırlıq gedir. Rusiyalı siyasətçi Vyaçeslav Maltsev 2013-cü ildən bu yana bildirirdi ki, 5 noyabr 2017-ci ildə Rusiyada inqilab olacaq. Dünən Moskvanın bir çox meydanlarına qoşun yeridilmişdi və Manej meydanında çox sayda nümayişçi həbs edilib. Ekspertlərin çoxu bunu baş tutmayan inqilab deyil, inqilaba hazırlıq kimi dəyərləndiriblər.
Əgər hakimiyyətin dinc yolla ötürülməsi indiki seçkilərdə baş tutmasa da, növbəti sekçilərdə mütləq gerçəkləşcək. Rusiya imperiyası da bütün imperiyalar kimi təbii sərhədlərinə doğru ger çəkiləcək. Yəni Ermənistandan və Suriyadan, ola bilər ki, Krımdan və Donbasdan da geri çəkiləcək. Bax onda Hayk Martirosyanın Ermənistan üçün vəd etdiyi fəlakət dövrü başlayacaq.

Bu xəbər oxundu
- - -