Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Vəkilliklə bağlı qanuna dəyişikliklər müzakirə olunub

07.11.17, 9:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Milli Qeyri Hökumət Təşkilatları Forumunun təşkilatçılığı ilə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklərlə bağlı müzakirə keçirilib.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev cəmiyyətin və hüquq sektorunun "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanununda aparılan dəyişikliklərə hazır olmadığını bildirib. Əliməmməd Nuriyev qeyd edib ki, Açıq Hökumət Platforması məsələ ilə bağlı ölkə başçısına müraciət hazırlayıb: “Bu qanunla bağlı bir sıra məsələlərdə tələskənliyə yol verilib. Vəkillərin sayını region və Avropa ölkələri ilə müqayisə etsək, ən aşağı göstərici Azərbaycandadır. Azərbaycanda pulsuz hüquqi yardım haqqında qanun da qəbul edilməyib. Bir neçə il əvvəl bu qanun hazırlandı, amma Vəkillər Kollegiyasının müqaviməti ilə rastlaşdı, qəbul edilmədi. Ümumiyyətlə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna əlavə və dəyişikliklər ciddi müzakirəyə çıxarılmalıdır. Tutaq ki, qanun qəbul edildi. Bundan sonra keyfiyyətli hüquqi yardım göstərmək mümkün olacaqmı? Nümayəndəlik institutu bütün sivil ölkələrdə var. Vəkillərin sayı 15 min nəfər olsaydı, əlbəttə, dəyişiklikdə problem olmazdı. Nədən hüquqi yardım ancaq Vəkillər Kollegiyasının monopoliyasına verilməlidir? Siyasi və iqtisadi islahatların aparıldığı ölkədə bu qanunun qəbulu problemlər yaradacaq. Ona görə də qanuna yenidən baxılmalıdır”.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İradə Cavadova Əliməmməd Nuriyevin dedikləri ilə razılaşmayıb. O, bildirib ki, birdən-birə nümayəndəlik institutunun ləğvi söhbəti getmir və islahatlar Avropa Şurasının təkidi ilə aparılır: “Keçən il 706 nəfər Vəkillər Kollegiyasına sənəd verib. Testdən 215 nəfər keçib. Keçid balı isə cəmi 60 baldır. Savadı olmayan, sadəcə, təcrübəsi olan nümayəndələr monopoliya yaradırdı. Geoloq, bioloq, “santexnik”, tibb bacısı, “Kamaz” şoferi, “slesar” nümayəndəlik edirdi. Həbsxanadan çıxan şəxs dələduzluq faktını o qədər gözəl mənimsəyir ki, zərərçəkənin hüquqlarını müdafiə edir. İki dəfə boşanan şəxs nümayəndəlik edir”.
İradə Cavadova əlavə edib ki, vəkilin statusu artırılmalıdır: “Vəkil, hüquqşünas hörmətli olmalıdır. Türkiyəni nümunə kimi götürürsünüz, amma orada nümayəndə varmı? Vəkil makler yox, hüquqşünas olmalı, keyfiyyətli hüquqi yardım göstərməlidir”.
Hüquqşünaslar Emin Abbasov, Ramil Süleymanov, Nizami Bağırov, Səbuhi Axundov, Nemət Ağalarov və başqaları məsələ ilə bağlı fikirlərini bildirib, əlavə və dəyişikliyə etiraz ediblər.
Tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İradə Cavadova ilə hüquqşünaslar və nümayəndələr arasında mübahisə və fikir ayrılığı yaranıb.

Bu xəbər oxundu
- - -