Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Hesablama Palatası 500 milyon manatın necə xərclənməsini yoxlasın”

07.11.17, 9:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"2018-ci ilin dövlət büdcəsinin neftdən asılılığının azaldılması çox ciddi məsələdir".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, xarici amil kimi neftin qiyməti, daxili amil kimi bank sistemində yaranmış problemlər dövlət büdcəsinə təsir edir: "Dövlət büdcəsində neftin qiymətinin 45 dollardan götürülməsi təqdirəlayiq haldır. Amma yaddan çıxarmaq olmaz ki, dünyada baş verən siyasi proseslərin fonunda neftin qiyməti hər an dəyişə bilər. Neftin qiymətinin 1 dollar dəyişməsi dövlət büdcəsinə 13 milyon manata başa gəlir. Bundan başqa, neftin qiymətinin manatın məzənnəsinə təsirini də nəzərə almaq lazımdır. Bundan başqa, 2017-ci ildə biz Dövlət Neft Fondundan cəmi 6,1 milyard manat transfert etmişdiksə, 2018-ci ildə 9,2 milyard manat transfert nəzərdə tutulub. Bu da böyük rəqəmdir. Bununla bağlı düşünməyə dəyər. Neft sektorundan daxilolmalar qeyri-neft sektorunu 40% üstələyir. Yəni, 11 milyard manata yaxın neft sektorundan daxilolmalar təşkil edir. Düzdür, 2018-ci il və sonrakı illər üçün qeyri-neft sektorunun inkişafı prioritet sahə kimi nəzərdə tutulub. Azərbaycanda sənaye parkları, sənaye məhəllələri yaradılır, digər sahələrdə işlər görülür. Amma rəqəmlər məyusedicidir. ÜDM-ə nəzər salanda neft sektoundan daxilolmalar 70%, qeyri-neft sektorundan daxilolmalar cəmi 30% təşkil edir. Yəni, bu məsələlərin üzərində işləməyə dəyər”.
Millət vəkili dövlət borcu ilə bağlı məsələyə də toxunub və bildirib ki, ölkənin dövlət borcu dünya praktikasında qəbul olunmuş göstəricidən aşağıdır: "Azərbaycanda dövlət borcu ÜDM-in 18%-nə yaxındır. Amma Avropanın bəzi ölkələrində bu, ÜMD-in 80%-nə, bəzi ölkələrdə ÜDM-in 100%-nə yaxındır. Amma dövlət zəmanəti ilə verilən kreditlərin strukturuna baxmaq lazımdır. Bu kreditlərin vaxtında qaytarılması məsələsi öz həllini tapmalıdır".
Vahid Əhmədov pul-kredit siyasəti ilə bağlı məsələlərə də toxunub. Millət vəkili qeyd edib ki, pul-kredit siyasəti ilə bağlı məsələlər ciddidir: “Manatın məzənnəsinin qorunub saxlanması müsbət haldır. Manatın məzənnəsinin sabitliyi ixrac üçün müəyyən potensial yaradır".
Deputat bank sistemindəki problemlərin hələ də tam həll olunmadığına diqqət çəkib: "Əhalinin bank sisteminə inamı artmalıdır. Amma çox təəssüf olsun ki, əhalinin bank sektoruna inamı artmır. Keçən ilin birinci yarısında 7,8 milyard manat əmanət var idisə, bu ilin 6 ayında bu göstərici 6,9 milyard manata enib. Manatın məzənnəsinin qorunub saxlanmasının iki tərəfi var. Birincisi, manatın məzənnəsinin qorunub saxlanması müəyyən qədər pul kütləsinin qarşısını almaqla həyata keçirilir. Əgər biz 2015-ci ildə dövriyyədə təxminən 12 milyard manat var idisə, hazırda dövriyyədə 8 milyard manat var. Dövriyyədə pul kütləsinin azalması real sektorun inkişafına təsir edir. Ona görə, biz 2017-ci ildə real sektorun inkişafında artım gözləmirik. Elə etmək lazımdır ki, 2018-ci ildə real sektorda inkişafa nail olaq. Dövlət ötən 10 il ərzində çox işlər görüb. Bütün rayon və şəhərlərdə infrastruktur layihələr həyata keçirilib. İndi əhali, biznes və banklar da işləməlidir. Yəni banklar əhali ilə çox ciddi məsələləri həll etməlidir. Təəssüflər olsun ki, bank sistemində biz sağlamlaşdırma prosesini görmürük. Bank sisteminin kapitallaşması, likvidlik kimi məsələlər öz həllini tapmayıb".
Millət vəkili Hesablama Palatasına müraciət edərək Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətini yoxlamağı xahiş edib. "Bank Standard" bağlananda böyük problemlər yarandı. 43 minə yaxın insan 157 milyon manat vəsaitini ala bilmir. Bu il dövlət büdcəsindən 500 milyon manat Əmanətlərin Sığortalanması Fonduna vəsait ayırdıq. Hesablama Palatasından xahiş edirəm ki, bu 500 milyon manatın necə xərclənməsini yoxlasın. Əmanətlərin Sığortalanması Fondu 500 milyon manat vəsait alıbsa, niyə əhali əmanətlərini ala bilmir. Biz əhalidən yüzlərlə məktub alırıq, insanlar şikayət edir. Bank sisteminin sağlamlaşdırması çox ciddi məsələdir", - deyə o vurğulayıb.

Bu xəbər oxundu
- - -