Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Şahzadələrin həbsi

07.11.17, 8:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Vəliəhdin təhlükəli oyunu
Səudiyyə Ərəbistanını korrupsiyadan təmizləmək üçün həyata keçirilən həbslər sadəcə başlanğıcdır. Bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının baş prokuroru Şeyx Səud əl Mojeb söyləyib. Onun sözlərinə görə, həbs edilən 11 şahzadə, 4 nazir və digər eks-nazirlərin bütün hesabları dondurulub. Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəhbərliyi ilə başladılan əməliyyatlara artıq ABŞ Prezidenti Donald Tramp da dəstək verib: “Kral Salman və Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsinə böyük etibarım var. Nə etdiklərini çox yaxşı bilirlər. Sərt reaksiya ilə üzələşənlərin çoxu ölkələrindən illərdir oğurluq edirlər”.
Səudiyyə Ərəbistanında rüşvət və korrupsiya istintaqı çərçivəsində ölkənin ən zəngin simalarından beşi həbs olunub. Yerli mətbuat orqanları vəliəhd şahzadə Məhəmməd bin Salmanın etdiklərini taxta çıxmazdan əvvəl güc nümayişi olaraq qiymətləndirib. Məlumata görə, həbs olunan şahzadə və nazirlərin bank hesabları dondurulub, şəxsi təyyarələrinin isə uçuşuna icazə verilməyib. Həbslərdən saatlar əvvəl həmin şəxslərin kredit kartlarına blok qoyulsa da, kartlardan istifadə etməyən milyarderlər bundan xəbər tutmayıb. Onlardan yalnız 5 nəfərinin sərvətinin ümumi həcmi 50 milyard dollar göstərilib. Bunlardan Səudiyyə Ərəbistanının ən zəngin insanı Şahzadə Valid bin Talalın dövləti 19 milyard dollar, iş adamı - ölkənin ikinci ən zəngini Məhəmməd Əl-Amudinin sərvəti 11 milyard dollar, “Bin Ladin” qrupunun rəhbəri Bakr bin Ladinin sərvəti 5 milyard dollar, “Rajhi” bankının sahibi Süleyman Əl-Rajhinin sərvəti 7 milyard dollar , ART media qrupunun rəhbəri Saleh Kamilin sərvəti isə 8 milyard dollar olaraq qeyd olunub.
Qeyd edək ki, vəliəhdin təzyiqi ilə Kral Salman ibn Əbdüləziz əs-Səud 4 noyabrda 10 şahzadə və 12 keçmiş nazirin həbs olunmasıyla bağlı qərar verib. Daha sonra isə kral ailəsi üzvlərindən həbs edilənlərin sayı 30-a çatıb. Həbs olunanlar arasında beynəlxalq aləmdə tanınan məşhur milyarder Əl Valid bin Talal da olub. Onların korrupsiyada ittiham olduğu vurğulanıb.
Amerikalı analitik Devid İqnatius “Vaşinqton Post” qəzetində dərc olunan məqaləsində qeyd edib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman korrupsiya ilə mübarizə kampaniyasına başlayıb. Lakin nazirlərin və şahzadələrin həbsi bir sıra ərəb müşahidəçiləri üçün cəsarətli görünsə də, hakimiyyətin konsolidasiyası baxımından risklidir. İqnatius Səudiyyə Ərəbistanı biznesmenlərindən biri ilə müzakirə zamanı bin Salmanın yeni ölkə yaratdığını, lakin bunun üçün riskli addımlar atdığını, eyni zamanda bütün şahzadə və dini konservatorlara meydan oxuduğunu bildirib. Biznesmen həmçinin həbs edilənlər arasında keçmiş kralın oğlu və Milli Qvardiyanın rəhbəri şahzadə Miteb bin Abdullanın da olduğunu bildirib. Məhz bu strukturun kral ailəsində müəyyən qədər balans yaratdığını və artıq bu balansın dağıldığı vurğulanıb.
İqnatiusun fikrincə, vəliəhd şahzadə bilərəkdən Səudiyyə Ərəbistanında ənənəvi idarəetmə sistemini məhv edir. Belə ki, gənc şahzadə kral ailəsində konsensusa getmək əvəzinə icraedici hakimiyyəti ələ keçirir və öz gündəməni formalaşdırır. Bin Salmanın hədəfi gənc səudiyyəlilər arasında populyar olub, yeni krallığı yaratmaq istəyənləri öz ətrafında səfərbər etməkdir. O, həmçinin, ümid edir ki, dini elita da onun dəyişikliklərini dəstəkləyəcək.
Müəllifin sözlərinə görə, reform ritorikası və təmizlik Çin kimi avtoritar rejimlərin yanaşmasını xatırladır: “Si Szinpin korrupsiyada analoji sistemdən yararlandı. Bununla da partiya və hərbi sahədəki liderləri dəyişdirməyi bacardı”. İqnatius həmçinin Məhəmməd bin Salmanın ABŞ Preazidenti Donald Tramp və onun yaxın ətrafının ciddi dəstəyindən istifadə etdiyini bildirib. “Böyük ehtimalla Trampın baş müşaviri Kared Kuşnerin keçən ay şəxsən Ər-Riyada səfəri təsadüfi xarakter daşımırdı. Deyilənə görə, iki şahzadzə gecə saat 4-ə qədər yatmayaraq, strateji planlaşdırma ilə bağlı fikir mübadiləsi aparıblar”.

Bu xəbər oxundu
- - -