Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dollarla əməliyyatların həcmi azalıb

07.11.17, 12:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2017-ci ilin 9 ayı ərzində valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli azalıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir. İcmalda deyilir ki, hesabat dövründə ötən ilin 9 ayı ilə müqayisədə dollarla valyuta əməliyyatlarının həcmi 20,4%, avro ilə əməliyyatların həcmi isə 7% azalıb. Dövr ərzində valyuta bazarında əməliyyatların 83%-i dollarda, 17%-i digər valyutalarda aparılıb.
Valyuta əməliyyatlarının 24% hissəsi banklararası valyuta bazarında (BVB), 76%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. Dollarla BVB-də aparılmış əməliyyatların 58,1%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95,6%-i hüquqi şəxslərə valyuta satışı təşkil edib. Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Banklar tərəfindən ötən ilin 9 ayı ərzində 281 mln. dollar xalis valyuta satışı həyata keçirildiyi halda, cari ilin ötən dövründə 117 mln. dollar xalis alış həyata keçirilib ki, bu da manatın stabilliyi ilə əlaqədardır.
2017-ci ilin ilk 9 ayında Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən ümumilikdə 72 valyuta hərracı keçirilib. ARDNF-nin xarici valyuta satışları 2 mlrd. 486 mln. dollar təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 37,3% azdır. Hesabat dövründə AMB-də valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının "Bloomberg" platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərib. Dövr ərzində banklararası valyuta bazarının bu seqmentində hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi 811,7 mln. dollar olub.

Bu xəbər oxundu
- - -