Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tramp Rusiya üçün əhəmiyyətini itirib

08.11.17, 7:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"The Independent" qəzetinin Moskva müxbiri Oliver Karroll yazır ki, Donald Trampın ötən ilki seçkidə gözlənilməz qələbəsi Moskvada eyforiya dalğası yaratmışdı. Bayram edənlər təkcə Kremldəkilər deyildilər. Klintonun sərt bir prezident olacağından narahatlıq keçirən bir çox liberal düşüncəli ruslar rahatlıqla nəfəs almışdılar. Rusiyanın bəzi yerlərində inaqurasiya qonaqlıqları keçirilmişdi.
"Lakin ən məmnun olanlar hündür qırmızı hasarların arxasındakılar idi. Onların yüksək riskli strategiyası bəhrə vermişdi. Kreml öz adamını əldə etmişdi"-qəzet yazır.
İndi artıq Ruisya və Amerika prezidentləri yanaşı idilər. İndi tam əməkdaşlıq üçün meydan açılmışdı, lakin…reallıq tamam başqa cür oldu.
Amma Rusiyanın bu xəyali bal ayı demək olar, dərhal qanqaraçılığa çevrildi. Bunun əsas səbəbi rusların Trampı prezident etmək üçün fırıldağa əl atmaları barədə iddialar idi. Tezliklə məlum olmuşdu ki, Rusiya əvvəlcə xanım Klintona qarşı, daha sonra isə Trampın xeyrinə çalışıb.
Məqalədə deyilir ki, hazırda bütün bu deyilənlərlə bağlı dörd təhqiqat aparılır. Daha sonra isə yeni sanksiyalar qoyulub, diplomatik binalar müsadirə olunub, diplomatlar iki ölkədən qarşılıqlı şəkildə qovulub. Kremlin maliyyələşdirdiyi Rusiya Today "dövlət agenti" adlandırılıb, ona Tvitterdə elanlar vermək qadağan olunub. Rusiya isə bunun əvəzini CNN-dən, Azadlıq radiosundan, "Amerikanın səsi"ndən və hətta Tvitterdən çıxmaq istəyir.
İndi iki ölkə arasında münasibətlər Soyuq müharibədən bəri ən aşağı səviyyədədir.
Onsuz da gərgin olan münasibətlər şəraitində Rusiya anti-Amerika ritorikasını ucaldıb. Guya Amerika Suriyada Rusiyanın dəstəklədiyi qüvvələrə ziyan vurmaq üçün İŞİD-lə anlaşmaya daxil olub, Amerika müsadirə olunmuş missiyaların binalarından Rusiya bayrağını çıxarmaqla dövlət atributunu təhqir edib və sair.
Lakin Qərbə tərəf axıdılan çirkab əsnasında ABŞ prezidenti ipə-sapa yatmaq bilmir. Özünün siyasi televiziya şoularında Tramp iddia edir ki, "saxta xəbərlər" və "rusofobiya" onun rusiyayönlü addımlarını bloklayır. Ötən ay Valday forumunda çıxış edən Putin isə adamları onun amerikalı həmkarına hörmət etməyə çağırıb.
"Onlar hələ də Trampa pozitiv yanaşırlar, - Kremlin keçmiş müşaviri Vladimir Frolov deyir, - Hər halda o ən azı Amerikanı xaosa qərq edərək onu Rusiya ilə qarşıdurmadan çəkindirib".
Bir neçə Rusiya hökumət rəsmisi "The Independent" qəzetinə deyib ki, indi Birləşmiş Ştatlarda ABŞ-Rusiya siyasətini kimin apardığı bəlli deyil. ABŞ Dövlət Departamentində vəzifələr boş qalır, Ağ Evdə əməkdaş çatışmır və ümumilikdə, Tramp administrasiyası işin öhdəsindən gəlmir. Rusiya rəsmiləri hesab edirlər ki, Trump Rusiya siyasəti üzərində nəzarəti Konqresə uduzub.
"Cənab Tramp ABŞ-Rusiya siyasətində hələ də dəyərlidir, çünki o bu münasibətləri qatıb-qarışdırıb" - hokumət elitasına yaxın ekspertlərdən Fyodor Lukyanov deyir. Onun fikrincə, Tramp indi siyasi fiqur yox, ABŞ-ın daxili siyasətində alətdir.
Lukyanov daha sonra deyib ki, Rusiya elitasında indi heç kim eyforiya keçirmir - vəziyyət dəyişir.
Məqalədə deyilir ki, bunu istəməsə də, Kreml bir müddət ABŞ xəbərlərinin başlıqlarında olacağını anlayır. Tramp-Rusiya münasibətlərini araşdıran xüsusi prokuror Robert Mueller təhqiqatına yenicə başlayıb, artıq ev məhbusu olanlar var.
Frolov isə deyir ki, Kremlin narahatlığı artıb və çox güman hakerlikdən kampaniyaları təsirləndirmək üçün indi daha az istifadə olunacaq, amma hakerlik casusluq aləti kimi davam edəcək.
Ekspertin sözlərinə görə, vəziyyətin "xeyli təhlükəli" olduğunu başa düşürlər. Rusiyanın müdafiə sektoruna və oliqarxlara qarşı sanksiyalar fevralda qüvvəyə minəcək. Məntiqlə bu, münasibətlərin daha da pisləşməsi deməkdir.
"The Independent" yazır ki, bütün bunlar indi Donald Trampın Ruisya üçün heç bir önəm daşımadığını göstərir.

Bu xəbər oxundu
- - -