Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistan Avropa İttifaqına qarşı

08.11.17, 13:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İşğalçı sudan quru çıxa biləcəkmi?

Rusiyanın Ermənistan Atom Elektirik Stansiyasının (AES) fəaliyyətini davam etdirməsi üçün 270 milyon dollar dəyərində kredit, 30 milyon dollar dəyərində qrant ayırması müzakirə mövzusudur və maraqlı mənzərə yaradır.
Erməni KİV-ləri isə xəbər verir ki, Ermənistan "Metsamor" AES-in fəaliyyətini uzatmaq üçün 2018-ci ilin büdcəsindən 134 milyon dollar vəsait ayıracaq. İşlər 2020-ci ilə qədər davam edəcək. "Metsamor" stansiyasının fəaliyyəti 2027-ci ilə qədər davam edəcək. Hazırda Ermənistan rəhbərliyi yeni AES tikintisi ilə yanaşı, köhnə stansiyanın da fəaliyyətini davam etdirmək barədə düşünür.
Qeyd edək ki, Metsamor AES-in 2016-cı ilədək işləyəcəyi nəzərdə tutulsa da, sonradan obyektin istismar müddətinin daha 10 il artırılması qərara alınıb. Metsamor AES-in fəaliyyəti 1988-ci ildə baş vermiş zəlzələdən sonra dayandırılıb. Bir neçə il sonra AES yenidən işə salınıb. Hazırda Ermənistanda istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi Metsamor AES-in payına düşür.
Bu isə Ermənistanın Avropa İttifaqına qarşı çıxması və paraflanmış sazişə qarşı atılan addım, təxribat deməkdir.
Qeyd edək ki, Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlıq haqqında sazişə əsasən, energetika sahəsində əməkdaşlıq çərçivəsində Ermənistan Metsamor atom elektrik stansiyasını bağlamalı və təhlükəsiz şəkildə istismardan çıxarmalıdır.
İmzalanması bu ilin noyabrında nəzərdə tutulan Ermənistanla Avropa İttifaqı arasında geniş və hərtərəfli tərəfdaşlıq haqqında 357 səhifədən ibarət sənədin "Nüvə təhlükəsizliyi daxil olaraq, energetik əməkdaşlıq" sərlövhəli bəndində deyilir ki, əməkdaşlıq tərəfdaşlıq, qarşılıqlı fayda və şəffaflıq prinsiplərinə əsaslanmalıdır.
Əməkdaşlıq, həmçinin: "Metsamor atom elektrik stansiyasının bağlanması, təhlükəsiz yolla istismardan çıxarılması və, Ermənistan Respublikasının enerji təhlükəsizliyi və sabit inkişafının təmin edilməsi üçün onun yeni istehsal imkanları ilə əvəz edilməsi zəruriyyətini nəzərə alaraq, tez bir vaxtda yol xəritəsi və ya tədbirlər planının" qəbul edilməsini ehtiva etməlidir.
Bu tələb həmçinin Ermənistanın hələ 2013-cü ildə imzalamağa hazırlaşdığı, lakin son anda imtina etdiyi Avropa İttifaqı ilə assosiasiya sazişində nəzərdə tutulub.
İrəvan Metsamor atom stansiyasını bağlamaq və 2020-ci ilədək yeni stansiya tikmək öhdəsini üzərinə götürmüşdü. Yeni sazişdə yeni elektrik stansiya tikmək müddəası yoxdur.
Aİ hələ 2005-ci ildə bəyan edib ki, Ermənistan atom elektrik stansiyasının bağlanması və istismardan çıxarılması Avropa İttifaqının əsas məqsədi olaraq qalır.
Xatırladaq ki, dəfələrlə dünya və Avropa mediası bu stansiyanın təhlükə daşıdığını bildirib və istismardan çıxarılmasının vacibliyini qeyd edib.

Dünya mediasından sərt təpki…

Avropanın tanınmış "Parlament maqazin" ("The Parliament magazine") jurnalının internet səhifəsində (theparliamentmagazine.eu) "Avropa İttifaqı nüvə ilə bağlı təhlükəni görməzliyə vurur" adlı məqalədə
Avropa Birliyinin bir çox üzvlərinin nüvə enerjisindən imtina etmək niyyətində olduğu bir vaxtda Ermənistanda hələ də köhnəlmiş atom stansiyasının fəaliyyət göstərdiyi vurğulanıb: “Ermənistanda mövcud olan Metsamor Atom Elektrik Stansiyası ötən əsrin 70-ci illərdə köhnəlmiş Sovet texnologiyası əsasında tikilməsindən başqa həm də seysmik zonada yerləşir. Stansiyada soyutma mexanizmləri aşağı səviyyədə olduğu üçün burada baş verə biləcək hər hansı insident radiasiyanın ətrafa yayılmasına gətirib çıxaracaq. Bir müddət öncə isə Ermənistan rəsmiləri "nüvə silahına" malik olması ilə bağlı açıqlamalar verdilər. Mövcud problemi ağırlaşdıran digər bir faktor isə radioaktiv materialların qaçaqmalçılığı ilə bağlı faktların aşkarlanmasıdır".
Yazıda bildirilir ki, Avropa Birliyi "Metsamor"u "ən köhnə və ən az güvəniləcək" stansiya kimi xarakterizə edərək stansiyanın bağlanmasına çağırış edib. Bu əməliyyatın həyata keçirilməsi üçün AB Ermənistan 200 milyon avro ödəməyə də hazır idi…
İstanbulda fəaliyyət göstərən BİLGESAM (Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzi) Araşdırmalar Mərkəzinin yaydığı məqalədə isə vurğulanır ki, istismar müddəti başa çatmış Metsamor AES-də gözlənilən texniki qəza riskləri, onun yerləşdiyi bölgələrdə baş verə biləcək mümkün təbii fəlakətlər, bu stansiyada istifadə olunan nüvə enerjisi və onun tərkiblərinin terrorçuların əlinə keçməsi təhlükəsi böyük bir coğrafiya üçün nüvə silahı qədər təhdiddir.
Məqalədə qeyd edilir ki, son vaxtlar dünya mətbuatında Metsamorun yaratdığı təhlükəyə dair həyəcan siqnalı çalınmaqdadır. Belə ki, Türkiyənin çoxtirajlı “Milliyyət” qəzetində “Metsamordan gözlənən təhlükə” və “EkoAvrasiya” jurnalında “Metsamor: nüvə təhlükəsizliyimizə təhdid”, Meksikadakı “Uno Mas Uno” və “El Dia” qəzetlərində “Metsamor AES insanlıq üçün təhlükədir”, Koreya Respublikasının “The Asian” qəzetində “Qafqazın qəlbində böyük təhlükə” sərlövhəli məqalələrdə Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının bütün dünya üçün yaratdığı fəlakət təhlükəsindən bəhs edilib.
Son vaxtlar Ermənistan silahlı qüvvələrinin rəhbər şəxslərinin “Bizdə çirkli bomba var” bəyanatları ilə Azərbaycanı kütləvi qırğın silahı ilə təhdid etmələrinin böyük məsuliyyətsizlik olduğunu vurğulayan müəllif çoxsaylı faktlar əsasında yazır ki, Metsamor təcavüzkar Ermənistan hakimiyyəti üçün qonşu dövlətlərə şantaj vasitəsidir. Ermənistan bu stansiyada texniki problemlərin həlli adı altında dünya dövlətlərindən və beynəlxalq təşkilatlardan dəfələrlə maliyyə yardımı alıb. Nüvə dövlətləri və beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik təcili olaraq bu məsələləri araşdırıb lazımi qərarlar qəbul etməlidirlər.

Sarkisyandan növbəti həyasızlıq…

Bütün bunlara rəğmən Ermənistanın prezidenti Serj Sarkisyan bu yaxınlarda RİA Novosti-yə müsahibəsində “Metsamor AES ən azı 2027-ci ilə qədər fəaliyyət göstərəcək, - deyə vurğulayıb: “Hesab edirik ki, energetika sahəsində təhlükəsizliyi təmin etmək üçün Ermənistanda həmişə atom energetikası mövcud olacaq”.
Sarkisyanın hökumətinin Avropa İttifaqına qarşı olaraq Rusiyadan AES-in bərpası üçün 300 milyon dollar kredit cəlb etməsi maraqlı siyasi mənzərə yaradır. Aİ bununla bağlı hansı addımı atacaq? Bu barədə Ermənistana təzyiqlər olacaqmı,

Təzyiqlər olacaqmı?

Politoloq Zaur Məmmədov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirdi ki, Ermənistan ilə Aİ arasinda imzalanması nəzərdə tutulan sazişdə AES xüsusi yer tutur: “Bilirsiiniz ki, bu mövzu barədə sazişdə bənd də yer almalıdır. Belə olan təqdirdə Rusiyanın Ermənistana Atom Elektirik Stansiyasının bərpası üçün 300 milyon dollar ayırması maraq dogurur. Daha doğrusu erməni tərəfinin bu addımı maraqlıdır. AES-lə bağlı bəndin imzalanması nəzərdə tutulan sazişə salınması erməni müxalifətinin kəskin narazılığına səbəb olub. Ola bilər ki, Sarksyan rejimi Aİ ilə imzalanacaq sazişdə AES-lə bağılı məsələnin salınmasına artıq müsbət baxmır. Məsələ burasındadır ki, Ermənistan çoxdandır, beynəlxalq arenada Qərbin etibarlı partnyoru rolunda olmasını sual altına qoyub. İlk dəfə deyil ki, İrəvan Qərb olkələri qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Qərb institutları bunu çox yaxşı görür. Lakin, hər dəfə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün bu ölkəyə qarşı müxtəlif jestler edirlər. Təəsüflər olsun ki, dünyanın siyasi proseslərində bir qrup hegemon dövlət tərəfindən ikili standartlar davam etməkdədir. Ermənistanda yerləşən AES region üçün təhlükəlidir. Bunu onlar cox gözəl anlayırlar. Ümumiyyətlə bölgədə tutduğu mövqeyə, apardığı siyasətə görə cəzalandırılmalı olan Ermənistanın bu kimi hadisələrdən sonra sudan quru cıxması ilk növbədə Qərb institutlarının özləri üçün yaxşı hal deyil”.
Politoloq İlqar Vəlizadə isə hesab edir ki, ümumiyyətlə, Ermənistanın nüvə təhlükəsizliyi ilə bağlı yürütdüyü siyasət beynəlxalq normalara, sənədlərə ziddir: “Çünki, burada söhbət təkcə Ermənistanın deyil, digər regionlar, ətraf ölkələrdə yaşayan əhalinin təhlükəsizliyindən gedir”.
Politoloq bildirib ki, sazişdə Ermənistan hökuməti Atom Elektrik Stansiyasının (AES) fəaliyyətini dayandırmaq barədə öhdəlik götürməsi haqqında ifadə açıq-aşkar öz əksini tapsa da, düşmən ölkənin hər zaman olduğu kimi bu dəfə də sözünə sahib çıxmaması onun ikiüzlü siyasətinin bariz göstəricisidir.
Ermənistan AES-in aktiv seysmik zonada yerləşdiyini xatırladan İ. Vəlizadə söyləyib ki, Azərbaycan tərəfi dəfələrlə stansiyanın bağlanması ilə bağlı məsələni beynəlxalq səviyyədə qaldırıb və bildirilib ki, AES-in bağlanması vaxtı çoxdan çatıb: “Bildiyiniz kimi stansiyada təhlükəsizlik məsələlərinə riayət olunmur. Çünki bunun üçün Ermənistanın maliyyə vəsaiti yoxdur. Əgər AES-də hər hansı bir hadisə baş versə, o zaman Azərbaycan, Türkiyə, İran, Gürcüstanın əhalisi ziyan çəkə bilər”.
Politoloq qeyd edib ki, Rusiyanın Ermənistana AES-in bərpası üçün 300 milyon dollar kreditin ayırması təhlükəli tendensiyadır: “Çünki bununla problem həll olunmur, sanki problemin müddəti uzadılır. Sarkisyan da bundan istifadə edərək region ictimaiyyətini hədəf, təhlükə altında saxlamağa çalışmaqla yanaşı, ondan təhdid obyekti kimi istifadə edir. Çünki dəfələrlə Sarkisyan bildirib ki, əgər regionda hər hansı bir müharibə baş versə, o zaman AES-ə dəyən zərər digər ölkələrə də dəymiş olacaq. Bu, region ölkələri üçün təhdid formasıdır. Ermənistan prezidenti dünyanın iri gücləri arasında riyakarlıq etməkdən çəkinmir”.

Əli Zülfüqaroğlu

Bu xəbər oxundu
- - -