Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dağlıq Şirvan iqtisadi rayonunda sahibkarlara güzəştli kredit verilib

08.11.17, 13:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dağlıq Şirvan iqtisadi rayonunda sahibkarlara 70 milyon manata yaxın güzəştli kredit verilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu barədə sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi məqsədilə Ağsu rayonunda keçirilmiş işgüzar forumda məlumat verilib. 90-a yaxın sahibkarın iştirak etdiyi forumda Ağsu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, taxılçılıq, soya əkini, intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, süd emalı və meyvəqurutma müəssisələrinin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1900-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 69,6 milyon manat güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 516 min manat güzəştli kredit verilib. Verilən kreditlər taxılçılıq, heyvandarlıq, bağçılıq, arıçılıq, tütün emalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu layihələrin reallaşdırılması nəticəsində 60-dan çox yeni iş yerinin açılması mümkün olacaqdır. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Ağsu rayonundan olan 658 sahibkara 18,2 milyon manat güzəştli kredit verilib. Forum çərçivəsində Ağsuda güzəştli kredit ayrılmış iri taxılçılıq və müasir istixana təsərrüfatlarının fəaliyyətinə baxış keçirilib. Qeyd edək ki, indiyədək regionlarda və Bakı şəhərinin qəsəbələrində 58 müasir istixana komplekslərinin yaradılmasına 188 milyon manat güzəştli kredit verilib.

Bu xəbər oxundu
- - -