Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan iqtisadi və siyasi cəhətdən müstəqildir”

08.11.17, 14:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Prezidenti: “İqtisadi müstəqillikdə neftçilərin böyük əməyi var”

“Ölkənin kifayət qədər neft və qaz ehtiyatları var. Azərbaycanın maliyyə vəziyyəti bir çox ölkələr üçün nümunədir”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxış edərkən deyib.
O qeyd edib ki, ölkənin valyuta ehtiyatları bu ilin 9 ayında 4,5 milyard dollar artıb. “Davos İqtisadi Forumu tərəfindən iqtisadi uğurlarımız qeyd olunub. Neftdən gələn gəlirlər Neft Fondunda şəffaf saxlanılır, vacib iqtisadi və sosial layihələrə xərclənir. Azərbaycan iqtisadi və siyasi cəhətdən müstəqil ölkədir. İqtisadi müstəqillikdə neftçilərin böyük əməyi var. Neft-qaz sektoru Azərbaycanın inkişafı üçün əsas sahə olacaq, bu sahənin inkişafı üçün zəruri addımlar atılacaq”.
"Neftçilər bütün dövrlərdə Azərbaycan dövlətinə və xalqına ləyaqətlə xidmət ediblər. Onların zəhməti hesabına ölkəmizin böyük iqtisadi potensialı yaranıb. 1971-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1 milyardıncı ton neftin çıxarılmasına dair təntənəli mərasim keçirilib. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası bu gün ölkənin inkişafının təmin edilməsində mühüm rol oynayır. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" bizə güc, nəfəs verdi. Ölkəmizə investisiya gətirdi, Azərbaycanı tanıda bildi və dünyada Azərbaycana maraq artdı. Məhz bu müqavilənin icrası nəticəsində ölkəmizdə infrastruktur layihələri icra edilib"-deyən Prezident İlham Əliyev "Şahdəniz" üzrə imzalanan müqavilənin əhəmiyyətini də qeyd edib, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi- Ərzurum , Bakı-Novorossiysk, Bakı-Supsa layihələrinin icrasından danışıb.
"Azərbaycanda ən müasir qazma qurğuları inşa edilib, platformalar tikilib, “qara qızıl” insan kapitalına çevrilib. Neftdən gələn gəlirlər səmərəli istifadə edilib. Azərbaycan nefti ölkəmizə rifah, sabitlik və inkişaf gətirdi. Neft və qaz amili gələcəkdə də ölkənin inkişafında böyük rol oynayacaq", - deyə dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev BP-nin Azərbaycandakı 23 illik fəaliyyətindən də danışıb. “BP-SOCAR əməkdaşlığı bir çox ölkə üçün nümunədir. BP tərəfdaş kimi aparıcı layihələrdə fəal rol oynayır. Artıq SOCAR beynəlxalq şirkətə çevrilib və hazırda şirkət tərəfindən xarici ölkələrlə milyard dollarlarla sərmayə qoyulur. Hazırda dünya miqyasında layihə olan Cənub Qaz dəhlizi layihəsi icra edilir. İşlər qrafikə uyğun gedir”.
“Bu il “Əsrin kontraktı”nın uzadılması ilə bağlı yeni saziş imzalanıb. Bu da tarixi hadisədir. 2050-ci ilə qədər daha yaxşı şərtlərlə kontrakt imzalanıb. Bu kontraktın icrası nəticəsində Azərbaycana 3,6 milyard dollar sadəcə olaraq bonus şəklində veriləcək. Dövlət Neft Şirkətinin payı 11 faizdən 25 faizə qaldırılıb. SOCAR, eyni zamanda, operator funksiyasını daşıyacaq və mənfəət neftinin 75 faizi 2050-ci ilə qədər, yəni, kontraktın bütün müddəti ərzində Azərbaycana qalacaq. Bu, bir daha onu göstərir ki, bizim çox böyük və zəngin təbii resurslarımız var. Yaxşı yadımdadır ki, biz Bakı-Tbilisi-Ceyhan neft kəmərini inşa edərkən o vaxt işimizə maneçilik törətmək istəyən qüvvələr var idi. Bizə qarşı kampaniyalar, şər-böhtan kampaniyası aparılırdı. Ortaya süni bir ekoloji mövzu qoyulmuşdu ki, guya burada ekologiya pozulacaq. Halbuki, baxın, bu gün Bakının vaxtilə çirklənmiş yerlərində biz parklar saldıq, cənnət yaratdıq. Elə Bibiheybət yatağının - ən qədim neft yatağının əvvəlki görüntüləri necə idi, indiki görüntüləri necədir. Əvvəlki görüntülər bir fəlakət mənzərəsi idi. Bu gün isə bu, Bakının ən gözəl parklarından biridir. Yəni, biz ekoloji vəziyyətin yaxşılaşdırılmasına da çox böyük vəsait qoyuruq. Amma o vaxt bunu bəhanə gətirərək istədilər işimizi əngəlləsinlər”, - deyə o vurğulayıb.
Prezident qeyd edib ki, ikinci mövzu neft ehtiyatları ilə bağlı idi: “Deyirdilər ki, Azərbaycanda neft yoxdur, Bakı-Tbilisi-Ceyhankəmərini tikmək lazım deyil, bu, heç vaxt özünü doğrultmayacaq. Bax, biz artıq 1997-ci ildən başlayaraq konsorsiumla birlikdə 20 il ərzində nefti hasil edirik. Qeyd etdiyim kimi, konsorsium ancaq “Azəri-Çıraq-Günəşli”dən 460 milyon ton neft hasil edib. Lakin bundan da çox təsdiqlənmiş ehtiyat var. Kontraktın 2050-ci ilə qədər uzadılması onu göstərir ki, bizim kifayət qədər neftimiz var, qoy, heç kim narahat olmasın. Eyni mövzunu qazla bağlamaq istəyirdilər, yenə də bədxahlar, bizi istəməyən qüvvələr şayiə yayırdılar ki, Azərbaycanda qaz yoxdur. Ancaq bu gün “Şahdəniz-2” layihəsi reallıqdır. Qeyd etməliyəm ki, bizim təsdiq edilmiş, dəqiqləşdirilmiş neft ehtiyatlarımız 1,5 milyard tondur, proqnoz isə 2 milyard tondur. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir, proqnoz təqribən 3-4 trilyon kubmetrə bərabərdir. “Azəri-Çıraq” yatağının işlənilməsi onu göstərir ki, biz həmişə çox konservativ rəqəmlər ortaya qoyuruq. Mən yaxşı xatırlayıram ki, 1994-cü ildə kontrakt imzalananda “Azəri-Çıraq-Günəşli” yataqlarının ehtiyatları 511 milyon tona bərabər səviyyədə hesablanmışdı. Hətta mən o vaxt Dövlət Neft Şirkətində gənc bir işçi kimi təəccüb edirdim ki, bunu necə dəqiqliklə hesablaya bilərlər – 511. Niyə 510 yox, 512 yox, 511? Əlbəttə ki, bu, bir şərti rəqəm idi. Ancaq bugünkü hesablamalar onu göstərir ki, yataqların ehtiyatı minimum ən azı iki dəfədən çoxdur. Çünki o 511 şərti rəqəminin 462-si artıq çıxarılıb. 2050-ci ilə qədər də, görün, nə qədər neft olacaq? Ona görə əminəm ki, bizim proqnozlarımız həyatda öz təsdiqini tapacaq. Çünki mövcud ehtiyatların qiymətləndirilməsini biz çox konservativ şəkildə aparırıq. “Azəri-Çıraq-Günəşli” yatağı minimum 2050-ci ilə qədər işləyəcək. “Şahdəniz” yatağı əminəm ki, minimum 100 il bundan sonra fəaliyyət göstərəcək. Hazırda biz Abşeron yatağından yaxın gələcəkdə qaz hasilatını gözləyirik. “Ümid”, “Babək” yataqlarının çox böyük perspektivləri var. Gələn ildən Dövlət Neft Şirkəti bu yataqlarda da çox fəal iş aparacaqdır. Müəyyən işlər aparılır. Daha da böyük həcmdə işlər aparılacaq”.
“Azərbaycanın timsalında göstərilir ki, dövlət və xarici sərmayədarlar birlikdə necə iş qurmalıdır? Bu iş hansı prinsiplər əsasında qurulmalıdır? Burada da Azərbaycan bir nümunədir”-deyən dövlət başçısı əlavə edib ki, Azərbaycan tərəfdaşları ilə, xüsusilə əsas strateji investor olan BP şirkəti ilə çox sağlam zəmində, qarşılıqlı dəstək, qarşılıqlı inam, qarşılıqlı maraqlar əsasında əməkdaşlıq qurub. Həm investorlar, Azərbaycana milyard dollarlarla vəsait qoyan konsorsiumlar, həm də Azərbaycan dövləti böyük gəlir əldə edir: “Burada hər iki tərəf fayda götürür və uğurlu əməkdaşlığın təməlində məhz bu, dayanır.
Mən bu gün BP şirkətinin Azərbaycandakı fəaliyyətini xüsusilə qeyd etmək istərdim. İyirmi üç ildir ki, BP bizim tərəfdaşımızdır və aparıcı layihələrimizdə bizimlə bərabər çox fəal rol oynayır. Demək istəyirəm ki, bütövlükdə çıxarılmış 2 milyard ton neftin təxminən 700 milyon tonu müstəqillik dövründə, onun 460 milyon tonu isə konsorsium tərəfindən hasil edilib. Ona görə, qoy, bizim ictimaiyyət bir daha bilsin ki, xarici tərəfdaşlar, xüsusilə BP şirkəti Azərbaycanın inkişafında, Azərbaycanın iqtisadi potensialının güclənməsində nə qədər böyük rol oynamışdır. Bir daha demək istəyirəm ki, bunun da təməlində dövlətlə xarici tərəfdaşlar arasındakı əməkdaşlıq dayanır”.
Prezident İlham Əliyev deyib ki, BP-SOCAR əməkdaşlığı bu gün bir çox ölkə üçün nümunədir. “Əsrin kontraktı”, “Şahdəniz” yatağı üzrə imzalanmış və icra edilən kontrakt, eyni zamanda, Dövlət Neft Şirkətini böyük beynəlxalq şirkətə çevirib: “Bir neçə il əvvəl mənim tərəfimdən qarşıya məqsəd qoyulub ki, SOCAR böyük beynəlxalq neft şirkətinə çevrilməlidir. Biz bu məqsədlə SOCAR-ın fəaliyyətini genişləndirdik, bir çox müəssisə SOCAR-a verildi. Bu gün həm ölkə daxilində, həm xaricdə Azərbaycan Dövlət Neft Şirkətinin çox böyük fəaliyyəti var. Bizim xaricə qoyduğumuz investisiyalar milyard dollarla ölçülür. Təkcə Türkiyədəki layihələrə 20 milyard dollara yaxın sərmayə qoyulması nəzərdə tutulub ki, onun təxminən yarısı artıq yatırılıb. Digər ölkələrdə, Avropa ölkələrində, yaxın qonşuluqda SOCAR-ın çox böyük işləri, sərmayəsi var. Azərbaycan dövləti SOCAR-ın fəaliyyətini dəstəkləyir. Bu, bizim iqtisadi gücümüzü artırır, bizə gələcəkdə yeni mənbələrdən böyük həcmdə valyuta axını da təmin ediləcək. Mən hazırda ölkə daxilində icra edilən iki layihəni - SOCAR polimer və karbamid zavodlarının tikintisini qeyd etmək istərdim. Bu iki layihənin ölkəmizin qeyri-neft sektorunun inkişafında çox böyük əhəmiyyəti var. Hər iki layihə qrafik üzrə icra edilir və əminəm ki, gələn il istifadəyə veriləcək.
Beləliklə, Heydər Əliyev neft strategiyası bu gün yeni istiqamətlərlə zənginləşdirilib. Bu strategiya bu gün Azərbaycanın ümumi inkişafına çox böyük dəstək verir. Hazırda biz yeni layihələr üzərində işləyirik. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi uğurla icra edilir. Bu da dünya miqyasında nəhəng layihədir. Sərmayə qoyuluşu 40 milyard dollara bərabərdir və bütün işlər qrafik üzrə gedir. “Şahdəniz-2” və Cənubi Qafqaz kəməri demək olar ki, 100 faiz, TANAP 80 faizdən çox icra edilib. Beləliklə, biz “Cənub Qaz Dəhlizi” layihəsini də uğurla icra edirik, əminəm ki, tam icra edəcəyik”.

Bu xəbər oxundu
- - -