Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Türkiyənin rolunun artması Rusiyanın maraqlarına ziddir”

10.11.17, 12:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elçin Xalidbəyli: “Ermənistan razılaşsa belə, Rusiya 5 rayonun işğaldan azad edilməsinə imkan verməz”

Asim Mollazadə: “Türkiyə hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib”

Tahir Kərimli: “Müsbət meyllərin yaranması mümkündür”

Son günlər mətbuatda Türkiyə Prezidenti Rəcəb Tayyyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin görüşündə Dağlıq Qarabağ mövzusunda aparılacaq müzakirələrin hansı istiqamətdə olacağı ilə bağlı fikirlər yer alır.
Qeyri rəsmi məlumatlara görə, Putin 5 rayonun azad olunmasının qarşılığında Azərbaycanın Avrasiya İttifaqı və KTMT-yə daxil olması və Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsinə razılıq verməsi şərtini irəli sürür.
Kremlə yaxın politoloq Aleksandr Duqin də məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib. O söyləyib ki. Avrasiya İttifaqı və KTMT-yə daxil olmaq, eləcə də Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsinə icazə verilməsi Bakıya münasibətdə çox sərt yanaşma ola bilər. “Bizim prezidentin yüksək səviyyədə keçirdiyi görüşlər həddən artıq gizli vəziyyətdə saxlanılır. Bizim 5 rayonun azad edilməsinin tərəfdarı olduğumuz aydındır. Təbii ki, biz Azərbaycanı Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərkibində görmək istərdik. Lakin bu qərarı suveren Azərbaycan verməlidir, o, Rusiya ilə Türkiyə arasında razılaşmanın əsası olmamalıdır. Avrasiya İttifaqı və KTMT-yə Azərbaycanın üzvlüyü ilə bağlı müzakirələrin Ərdoğanla aparılması az inandırıcıdır. Bu məsələni yalnız Azərbaycan və Rusiya prezidentləri müzakirə edirlər. Burada söhbət hər zaman Azərbaycan xalqının iradəsindən keçir. Vladimir Putin sübut edib ki, o, Azərbaycanın müstəqilliyi və suverenliyinə hörmət edir. Bizim Türkiyə ilə heç bir separat danışıqlarımız olmayacaq”. Onun sözlərinə görə, Türkiyə Qarabağ məsələsində doğru mövqe tutur: “O, Rusiya kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Türkiyənin bu istiqamətdə siyasəti mülayim və ağıllı qurulub. Əgər Ermənistan güzəştə gedib, 5 rayonu azad etsə, o zamanı Türkiyənin rolu önəmli xarakter daşıyacaq. Ermənistan prezidenti və siyasətçiləri bütövlükdə bu ssenariyə hazırdırlar. Bu məsələ dəfələrlə üçtərəfli görüşlərdə müzakirə olunub. Bu nə isə yeni və gözlənilməz bir şey deyil”.
Ümumiyyətlə Ərdoğanla Putin Qarabağ məsələsində daha çox hansı məsələlər üzərində dayana bilər? “5 rayon azad olunandan sonra Türkiyənin önəmli rolu” dedikdə nə başa düşülür?
Məlumat üçün nəzərinizə çatdıraq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edəcək. Səfər çərçivəsində o, rusiyalı həmkarı Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edəcək.

Rusiya üçün önəmli faktor

Siyasi şərhçi Elçin Xalidbəyli “Xalq Cəbhəsi”nə açıqlamasında bildirdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasındakı əksər görüşlərdə Dağlıq Qarabağ problemi müzakirə edilir: “Ancaq bu bu problemin əsas müzakirə mövzusu olduğu qətiyyən inandırıcı deyil. Çünki bu iki dövlətin daha fərqli maraqları da var. Həmin maraqların uzlaşdırılması hər iki dövlət üçün böyük əhəmiyyət daşıyır. Digər tərəfdən, Ermənistan razılaşsa belə, Rusiya 5 rayonun işğaldan azad edilməsinə imkan verməz. Xüsusilə də, Türkiyənin Cənubi Qafqazda rolunun artması Rusiyanın maraqlarına ziddir. Dağlıq Qarabağ problemi Ermənistanın Rusiyanın regional for-postu statusunda saxlanması baxımından, ən önəmli faktorlardan biri sayılır. Bu, həm də Rusiyanın Cənubi Qafqazda öz mövcudluğunu qoruması baxımından da ciddi əhəmiyyət daşıyır. Yəni Dağlıq Qarabağ problemi Rusiyanın maraqları tələb etdiyi üçün mövcudluğunu qoruyur. Əks halda, yəni Rusiya istəsəydi, Dağlıq Qarabağ çoxdan öz həllinin tapardı”. Onun sözlərinə görə, Türkiyə və Rusiyanın özəl maraqlarına gəldikdə isə, bu iki dövlət arasındakı əməkdaşlıqda ABŞ və Qərbə qarşı ortaq müqavimət məsələsi daha ön sırada dayanır: “Son dövrlərdə bu iki dövlət arasında hərbi sahədə də kifayət qədər ciddi əməkdaşlıq meylləri müşahidə edilir. Xüsusilə də, Rusiyadan “S-400” raketlərinin alınması Türkiyə üçün xüsusi əhəmiyyət daşıyır. Bu sıraya Yaxın Şərq regionunda cərəyan edən proseslərdəki əməkdaşlığı, Türkiyədə Rusiya mütəxəssislərinin iştirakı ilə AES-in tikilməsi sahəsindəki anlaşmanı və s. əlavə etmək olar. Göründüyü kimi, hazırda Türkiyə və Rusiyanı bir araya gətirən kifayət qədər ciddi ortaq maraqlar paketi mövcuddur. Bu baxımdan, Ərdoğan və Putinin görüşündə müzakirə edilə biləcək daha fərqli mövzuların olduğu ortaya çıxmış olur”.
Millət vəkili, politooq Sahib Alıyev deyib ki, Ərdoğanla Putin görüşməsində danışıqlarda əsas mövzu Suriya və ikitərfli əlaqələr olacaq. Ancaq Dağlıq Qarabağ məsələsinə də toxunulacağı gözlənilir: “Xatırladaq ki, bu görüş öncəsi Azərbaycan Prezidenti İlham Əliyev həm Ərdoğan, həm də Putinlə təkbətək görüşlər keçirib. Türkiyə Prezidentinin Rusiyaya səfəri başa çatar-çatmaz isə “for-post”başı Serj Sarkisyan Moskvaya səfər etməyi planlaşdırır. Hər halda Türkiyə, İran və Rusiyanın Suriyadakı birgə işləri onu göstərdi ki, region dövlətləri öz aralarında razılığa gəlib bölgədəki hər hansı problemi həll etməyə qadirdilər. Bu qələbədən də ilk növbədə qazanan özləri oldu. Əgər istəsələr Dağlıq Qarabağ probleminin həllində də bu 3 böyük dövlət əvəzsiz töhfə verə bilər. Türkiyə bunu istəyir və bu göz önündədir. Ermənistan üzərində iki ən güclü təsiri olan dövlət Rusiya və İrandır. Amma bu problem dərinləşdikcə indi də olmasa, yaxın gələcəkdə onlar da zərər görəcək”.

Moskva hazır deyil

Deputat Asim Mollazadə "sevindirici haldır ki, Türkiyə hər zaman yüksək səviyyəli görüşlərdə Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirir və problemin müzakirəsini həyata keçirir. Bildiyiniz kimi bu günlərdə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə görüşündə müzakirə ediləcək məsələlərdən birincisi elə məhz Dağlıq Qarabağ münaqişəsi olacaq”, - deyə vurğulayıb. Türkiyə tərəfindən atılan addımı yüksək qiymətləndirən millət vəkili Rusiyanın problemin həlli ilə bağlı ciddi addım atmağa hazır olmadığını dilə gətirib: “Ümumiyyətlə, Türkiyə hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Qardaş ölkə Azərbaycanla birgə böyük layihələr həyata keçirir. Bu baxımdan Türkiyə istəyir ki, Cənubi Qafqaz sabitlik və əməkdaşlıq bölgəsinə çevrilsin. Belə olan halda, qonşu ölkə Azərbaycanla birgə münaqişələrin həllinin tərəfdarıdır. Lakin Rusiya haqqında bunun demək olmur. Çünki, Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı ciddi addım atmağa hazır olmasına inanmıram”. Rusiyanın münaqişənin həlli ilə bağlı müəyyən şərtlər irəli sürməsi haqqında yazılanlara münasibət bildirən deputat deyilən fikirlərin öz təsdiqini tapmadığını dilə gətirib: “Ümumiyyətlə, unutmamalıyıq ki, keçmiş SSRİ ərazisində heç bir münaqişənin həlli ilə bağlı hansısa nailiyyət yoxdur. Bu da münaqişələrin həll olunmamasında maraqlı olan qüvvələrin olduğunu göstərir. Biz buna təəssüf edirik”.
Deputat Tahir Kərimli isə diqqətə çatdırıb ki, noyabrın 13-də Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşündə Qarabağa dair müsbət meyllərin yaranması mümkündür: “Rusiya-Türkiyə münasibətlərində istilik yaranması Azərbaycan üçün faydalıdır. Bu Putinin ermənilərə təzyiq etməsi üçün çox ciddi amildir. Demirəm ki, münaqişə dərhal həll oluna bilər. Məlumdur ki, Azərbaycan ərazisində süni erməni dövlətini Rusiya yaradıb. Ermənilər bu gün Rusiya dövlətində, onun KİV-lərində təmsil olunur. Erməniləri silib atmaq mümkün deyil, onların rusların üzlərinə ağ olsa da, ruslar ermənilərin qayğısını çəkirlər. Hesab edirəm ki, Rusiyanın Azərbaycan və Türkiyəyə ciddi ehtiyacı var. Qarabağın həlli ilə bağlı açıq şəkildə olmasa da, konspirativ razılıq verilə bilər”. T. Kərimli vurğulayıb ki, Türkiyənin Suriyada müəyyən güzəştə getməsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müsbət tendensiyaların meydana gəlməsinə səbəb ola bilər: “Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasına qədər Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində isti münasibətinin şahidi olurduq. Bu hadisədən sonra Dağlıq Ermənistan qədər pozuculuq fəaliyyəti göstərdi...”.

Əli Zülfüqaroğlu

Bu xəbər oxundu
- - -