Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan preizdenti Gəncəyə səfər edib

10.11.17, 14:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib.
Dövlət başçısı filarmoniyanın rəmzi açılışını bildirən lenti kəsib və bina ilə tanış olub.
Prezident İlham Əliyevə məlumat verilib ki, altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet yaradılıb. Burada, eyni zamanda, 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja da tamaşaçıların ixtiyarına veriləcək. Filarmoniyada kitab satışı da həyata keçiriləcək. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub. Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.
Filarmoniyanın yeni binasında mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi, əməkdaşların və yaradıcı kollektivlərin səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Gəncə Dövlət Filarmoniyasının yeni binasının istifadəyə verilməsi Azərbaycanda mədəniyyət sahəsinə göstərilən dövlət qayğısının əyani təsdiqidir.
Filarmoniyanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, dekorativ gül kolları əkilib. Binanın qarşısında iki fəvvarə quraşdırılıb və milli ornamentlərlə bəzədilib.
Sonra Prezident İlham Əliyev Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə bağlı məlumat verildi. Bildirildi ki, ümumi sahəsi 4,8 hektar olan məktəb 2140 şagird yerlikdir. Məktəbin 980 şagird yerlik birinci korpusu 1934-cü ildə, 1160 şagird yerlik ikinci korpusu isə 1974-cü ildə inşa edilib. Burada əsaslı təmir və yenidənqurma işlərinə 2015-ci ilin may ayında başlanılıb və 2017-ci ilin noyabrında tam başa çatdırılıb. Binanın hər iki korpusu 4 mərtəbədən ibarətdir. Burada 80 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, kitabxana, 200 yerlik akt zalı, idman zalı və 100 yerlik bufet var.
Qeyd edilib ki, hazırda bu məktəbdə 1157 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 109 müəllim məşğul olur. Bu təhsil ocağı həmişə məzunları ilə fəxr edib. Diqqətə çatdırılıb ki, məktəbin məzunları arasında 4 elmlər doktoru, 36 elmlər namizədi var. Ali məktəblərə qəbulun nəticələrinə görə, son 3 ildə 160 məzun tələbə adı qazanıb.
Məktəb müasir avadanlıqlarla, videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilib. Binaya yeni internet və telefon xətləri çəkilib. Məktəbin təbii qazla işləyən qazanxanası, transformator yarımstansiyası təmir edilib, su təminatı üçün 150 tonluq çən quraşdırılıb, yanğın əleyhinə 100 kubmetrlik anbar tikilib.
Ərazidə açıq idman meydançası yaradılıb, binanın həyətində geniş abadlıq və yaşıllıq işləri aparılıb.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı yataqxana kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevə məlumat verdi ki, hazırda universitetdə 4834 nəfər tələbə bakalavriat pilləsi üzrə təhsil alır. Onlardan 3883 nəfər əyani və 951 nəfər qiyabi bölmələrdə oxuyur. Əyani bölmədə təhsil alan tələbələrin 75 faizi respublikanın müxtəlif şəhər və rayonlarından gəlmiş gənclərdir.
Bu təhsil ocağının 520 yerlik yeni tələbə yataqxanası 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 2015-ci ildə 514 yerlik daha bir yataqxana kompleksinin tikintisinə başlanıb və burada inşaat işləri 2017-ci ilin oktyabrında tam başa çatdırılıb. Ümumi ərazisi 13 640 kvadratmetr olan kompleks dördü 7 mərtəbəli və biri 6 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Kompleksdəki 257 otağın hamısı zəruri mebel və inventarla təchiz edilib. Hər mərtəbədə istirahət guşələri və mətbəx yaradılıb. Burada qeydiyyat şöbəsi, 120 nəfərlik akt və fitness zalları, kafe, kişi bərbərxanası, qadın salonu, atelye, mağaza, camaşırxana, kitabxana, müayinə otağı və stomatoloji kabinet, valideynlərlə görüş otağı yaradılıb.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksinin açılışında iştirak edib.
Kompleksin inşasına 2014-cü ilin may ayında başlanılıb, 2017-ci ilin oktyabr ayında isə tikinti işləri başa çatdırılıb. Ümumi ərazisi 20 hektar, tikintialtı sahəsi isə 83 min 500 kvadratmetr olan kompleksdə hər biri 44 min 100 kvadratmetrlik “modul” tipli beş “Yaşıl market” topdansatış mərkəzi inşa edilib. Burada kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması üçün ay ərzində min ton məhsul qəbuletmə imkanına malik, ümumi sahəsi 4 min 500 kvadratmetr olan anbar tikilib, 5 min 400 kvadratmetr sahədə soyutma sistemi quraşdırılıb. Kənd təsərrüfatı məhsullarının satışı üçün 9 min kvadratmetr sahədə 2 min 500, o cümlədən meyvə - tərəvəz məhsulları üçün 2 min, ət və süd məhsulları üçün 500 satış yeri yaradılıb.
“Bazar Store” MMC-nin “Grand Qafqaz” Ticarət Kompleksində iri və xırda buynuzlu heyvanların və quşların kəsimi, həmçinin diri balıqların satışı üçün 3 min 500 ticarət obyekti tikilib. Burada 1,3 hektar ərazidə avtopark yaradılıb. Ticarət kompleksinin istifadəyə verilməsi nəticəsində 5 min nəfər yeni iş yeri ilə təmin ediləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib.
Dövlət başçısı Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən muzey binasının rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Gəncədə tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlər 2017-ci ildə də davam etdirilir. Bu məqsədlə Gəncədə XIX əsrdə yaşamış Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin adını daşıyan muzey yaradılıb.
Dövlət başçısına muzeydə görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, şəhərin “Gülüstan” ərazində yerləşən muzeyin inşasına 2016-cı ilin martında başlanıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatdırılıb. Milli memarlıq üslubunda inşa olunan muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb.
Bildirilib ki, muzeyin ikimərtəbəli binasında sərgi və konfrans zalları, inzibati otaqlar yaradılıb. Burada şairin şeirlərinin nəşrləri, ədibin həyat və yaradıcılığına həsr olunan elmi tədqiqat və bədii əsərlər, həmçinin mütəfəkkirin 220 illik yubileyi ilə bağlı Gəncə nəşrləri nümayiş olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncədə görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının açılışında iştirak edib.
Dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib.
Parkda görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsi ucaldılıb. Abidənin postamentlə birlikdə hündürlüyü 4 metrdir.
Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoyub.
Dövlət başçısına parkda yaradılan şəraitlə bağlı məlumat verilib. Bildirilib ki, ümumi ərazisi 2 hektar olan park şəhərin “Gülüstan” yaşayış massivindəki Əziz Əliyev prospektində yerləşir. Bu istirahət məkanının inşasına 2016-cı ilin martında başlanılıb, tikinti işləri 2017-ci ilin oktyabrında başa çatdırılıb. Parkın ərazisində yaşıllıq zolaqları salınıb, dekorativ gül kolları əkilib, geniş abadlıq-quruculuq işləri görülüb. Burada dörd fəvvarə quraşdırılıb.
Yeni istirahət məkanında sakinlərin, eləcə də uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Bundan başqa, parkda idmanla məşğul olmaq üçün imkanlar var. İstirahət guşəsində 25 ədəd müxtəlif idman qurğusu quraşdırılıb və mini futbol meydançası inşa edilib. Parkın ərazisinə dekorativ hasar da çəkilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində 2x40 meqavat-amper (mVA) gücündə 110/35/10 kilovoltluq (kV) “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verib. Bildirilib ki, yarımstansiyanın ümumi sahəsi 11 min kvadratmetr təşkil edir. Burada 110, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular, elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatikası, texniki online nəzarət şkafları, açılma və qoşulmaların avtomatik idarəetmə sistemi quraşdırılıb. Yarımstansiya binasının zirzəmisində 35 və 10 kV-luq kabel kanallarının estakadası və şkafları yerləşdirilib. Bununla yanaşı, yarımstansiyanı qidalandıran 110 kV-luq I və II “Yeni-Gəncə” hava xətləri 24 kilometrlik hissəsi yenidən qurulub. Gəncə şəhərinin mərkəzi hissəsinin 30 faizdən çoxunun elektrik enerjisi ilə təminatında 110/35/10 kV-luq “Yeni Gəncə” yarımstansiyası mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, “Yeni Gəncə” yarımstansiyasından çıxan 10 kV-luq “Yeni Gəncə” və 10 kV-luq IV “Yeni-Gəncə” hava xətlərindən 30 min abonent elektrik enerjisi ilə təchiz olunur.
Bununla yanaşı, hazırda inşa olunan 2x10 mVA gücündə 35/10 kV-luq “Məhsəti” yarımstansiyasını qidalandırmaq üçün “Yeni Gəncə” yarımstansiyasından 3,1 kilometr uzunluğunda 35 kV-luq I və II “Məhsəti” kabel, həmçinin 35/10/6 kV-luq “Sənaye Rabitə” yarımstansiyasının qidalandırılması üçün 35 kV-luq I və II “Sənaye-Rabitə” elektrik verilişi xətləri çəkilib. “Yeni Gəncə” yarımstansiyasının hazırda inşa olunan yarımstansiyalarla əlaqələndirilməsi nəticəsində Gəncə şəhərində ilk dəfə olaraq 110 və 35 kV-luq dairəvi elektrik təchizat sxemi yaradılacaq.
Dövlət başçısı yarımstansiyanı işə salıb.

Bu xəbər oxundu
- - -