Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İdman obyektlərinin tikintisi prioritet olmamalıdır”

13.11.17, 13:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qüdrət Həsənquliyev: “Prioritet qaçqınlar üçün normal mənzil şəraitinin yaradılması olmalıdır”

“Vaxtı ilə mən Goranboy-Ağdam-Tərtər rayonlarını əhatə edən dairədən deputat olmuşam və oradakı məcburi köçkün olan seçicilərin həyatını çox gözəl bilirəm. Hazırda 4,6 min məcburi köçkün ailəsi qəzalı vəziyyətdə olan evlərdə yaşayır. Yəni, hər zaman onların həyatı təhlükədədir”.
Bunu Milli Məclisin komitələrinin 2018-ci il büdcəsinin birgə müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.
O qeyd edib ki, Mehriban Əliyeva I vitse-prezident təyin edildikdən sonra bu sahəyə diqqəti artırıb: “Bu istiqamətdə “Paşa Holding”in fəaliyyəti də təqdir olunmalıdır. “Paşa Holding” qaçqınlar üçün evlər tikir. Məndə olan məlumata görə, Mehriban Əliyevanın çağırışına əsasən bəzi sahibkarlar da qaçqınlar üçün evlər alır. Qaçqınların mənzil şəraitinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondundan cəmi 200 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, keçən ilki vəsaitdən də azdır. Burada qeyd olunur ki, 42 milyon manat xarici kreditlər hesabına da bu istiqamətdə vəsait yönəldiləcək. Soruşmaq istəyirəm ki, bu 42 milyon manatı kim və hansı hesabdan götürəcək və mənzil tikintisinə bu vəsait necə yatırılacaq?”.
Deputat yeni idman obyektlərinin tikintisinə 244 milyon manat vəsaitin ayrıldığını xatırladaraq deyib ki, bu, prioritet olmamalıdır: “Prioritet 25 ildən artıq dözülməz vəziyyətdə yaşayan qaçqınlar üçün normal mənzil şəraitinin yaradılması olmalıdır”.

“Hakimlərin sayı artırılmalıdır”

Cəmiyyətdə vəkil və hakimlərin sayının uzun müddət müzakirə olunduğunu deyən Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycanda bütün kateqoriya üzrə 555 hakim ştatı var: “Bunun 49-u vakansiyadır. Burda təqribən 500 hakim qalır. Ədliyyə naziri Fikrət Məmmədov deyib ki, Azərbaycanda hər 100 min nəfərə 6 hakim düşür. Orta Avropa göstəricisində isə bu, 100 min nəfərə 20 hakimdir. Son illərdə məhkəmə işlərinin sayı 20 dəfə artıb, ildə 470 min işə baxılır. 470 min işi və iş günlərini nəzərə alsaq, məlum olur ki, bir hakim gün ərzində 4-5 işə baxır. Burada hansı keyfiyyətli işə baxmaqdan söhbət gedə bilər? Biz bilirik ki, iqtisadiyyatın inkişafı üçün ədalət mühakiməsi olmasa, heç bir xarici investor ölkəyə investisiya qoymayacaq. Məhkəmələrə ayrılan vəsait iqtisadiyyatın inkişafına töhfə verəcək. Hakimlərin sayı ən az 2 dəfə artırılmalıdır ki, heç olmasa Avropa göstəricilərinin 50 faizinə çataq. Vəsaiti haradan ayıraq? Hesab edirəm ki, idman obyektlərinin tikintisini təxirə salmaq lazımdır. Qış aylarında rayonlarda olimpiya komplekslərini çoxu fəaliyyətini dayandırır. Həmçinin yeni səhiyyə və təhsil obyektlərinin tikintisinə büdcədən vəsait ayırmaq əvəzinə bu obyeklərin özəlləşdiriməsi daha məqsəduyğundur”.
“Ciddi islahatlar aparmasaq...”

Qüdrət Həsənquliyev eyni zamanda “Azərişıq” ASC, “Azərsu” ASC və "Azəristiliktəchizat" ASC özəlləşdirilməsini də təklif edilib.
BAXCP sədri bildirib ki, bu qurumlar dərhal özəlləşdirilməsə, problemlər nəinki həll olunmayacaq, əksinə dərinləşəcək. O qeyd edib ki, əhalisinin sayı Azərbaycanın yarısı qədər olan Norveçin büdcəsi 221 milyard dollardır: “Bu ölkənin Neft Fondunun vəsaitləri 1 trilyon dollara çatıb. Yəni, biz bu cür ölkələrdən nümunə götürməliyik. Bizim büdcənin həcminə baxanda, hər şey aydın olur. Bizdə qeyri-neft sektoru üzrə hüquqi şəxslərin mənfəət vergisi 1,5 milyard dollardır. Bu, bizim iqtisadiyyatımızın real gücü haqqında məlumat verir. Ciddi islahatlar aparmasaq, radikal addımlar atmasaq, vəziyyəti dəyişmək mümkün olmayacaq. İqtisadiyyatın həcmi azdır, ona görə də qeyri-neft sektorunda 2,4 faiz artım olanda, sevinirik. Axı bu rəqəm iqtisadiyyatın sürətli inkişafını təmin etmir”.

Bu xəbər oxundu
- - -